Və ya oğurlanmış uşaqlığa səyahət
Üç ilə yaxındır ki, onun adı və səsi gələndə televiziya verilişlərinin birində Laçının alınması xəbərini eşidincə sevincdən hönkürüb ağlamağı yadıma düşür. Aparıcı da, tərəf-müqabilləri də nə illah elədilər, göz yaşlarını saxlaya bilmədi ki, bilmədi. Yəqin ki, onun kim olduğunu dərhal bildiniz: söhbət əslən Laçından olan gözəl xanəndə, Əməkdar artist Ehtiram Hüseynovdan gedir.
Ehtiramı xatırlatmağıma səbəb son günlərdə sosial şəbəkə platformasında, ayrı-ayrı saytlarda onun Laçına köçməsi ilə bağlı yayılan xəbərlər oldu. Hamısı Ehtiramın ata-baba yurdunda, Zabux çayında balıq ovundan paylaşdığı videosunu məhz o cür şərh edirdi. Əslində, yaxşı xəbərdir, bununla belə biz xanəndənin özü ilə əlaqə saxlayıb, məlumatın dürüstlüyünü yoxlamaq istədik. Nəhayət, onunla danışa bilib, əsl həqiqəti öyrəndik...
Sən demə, doğma Hacısamlı kəndindən canlı yayıma qoşulan Ehtiram neçə gündür ki, oradadır. Fonda öz ifasında “Bir yar sevdim” xalq mahnısını səsləndirməklə yurdda olmağın sevincini bölüşməsi bəzi həmkarlarımızı xoş niyyətlə feyk xəbər yazmağa həvəsləndirib.
“Uca dağlar, qarlı dağlar başında,
Bir yar sevdim, tirmə şal var başında.
Eybi yoxdur kipriyində, qaşında,
Aman balam, gözəl yarım, gül yarım,
Küsdürmüsən, gəl, könlümü al, yarım”
Sanki 28 il düşmən tapdağında qalmış Laçın dilə gəlib deyirdi bu sözləri. Ehtiram da bir-iki yaxını ilə gəlib dağların könlünü almağa çalışırdı.
Hələ məskunlaşmamış Hacısamlıdan reportaj aparan xanəndənin uçmağa qanadı yoxdur. Əvəzində şirin səsi, xoş avazı qanad açıb çay vadisindən ucalara qalxır, dağların başına dolanır. Çayın şırıltısı, quşların cəh-cəhi də sanki orkestri tamamlayır, ecazkar bir səhnə yaranır.
Arada görüntüləri şərh edən Ehtiramın həyəcandan səsi azca titrəyir:
– Biz buranı tərk edəndə 12 yaşım vardı. Bax, bu dağılmış binada məktəbimiz yerləşirdi. Musiqi müəllimim İradə xanım səsimin olduğunu biləndən sonra bütün bayram tədbirlərində məni oxudurdu... Keşikçi dağının başına qara bulud gələn kimi bilirdik ki, güclü yağış yağacaq... Bizim evin ayağında olan bu çayın qabağını kəsib göl yaratmışdıq, yay vaxtı bütün günü çimirdik, bax, o daşın üstündən suya atılırdıq. Tərtəmiz, dumduru, göz yaşı kimi bulaq suları çay olub bura axırdı. İndi də elədir, bir azca gurluğu azalıb. Axşamlar rəhmətlik nənəm güclə çıxarırdı bizi sudan...
Ehtiram tez-tez doluxsunur. Təbii ki, xatirə cığırına düşüb gedəndə kövrəlməmək mümkün deyil. Oğurlanmış uşaqlığına səyahətə çıxan, özü də son dərəcə həssas olan insan, axı, necə kövrəlməsin? Bir yandan da nankor qonşuların kənddə daşı-daş üstə qoymamaları onu incidir. Amma danışığı nikbin notlardan xali deyil.
– Salamat bir tikili qalmasa da, təbiət öz yerindədir, – deyir. – Çox istərdim ki, bütün dostlarım bura gəlsin, hamısını qarşılamağa hazıram. Bu gün qızıl balıq tuta bilməsək də, hələlik pendir-çörəklə keçinərik. Öz kəndimizdə konsert verəcəyim günü səbirsizliklə gözləyirəm.
Fürsət tapıb bizi maraqlandıran sualı veririk.
– Yox, saytların yazdığına baxmayın, – deyir. – Bir az zamanı qabaqlayıblar. Hələ ki, kənddə heç bir tikili yoxdur. Evlər tikilsin, klub olsun, mütləq gələcəyəm burada yaşamağa. Çalışdığım Beynəlxalq Muğam Mərkəzi ilə sıx əlaqəm olacaq. Bütün sənətçi dostlarımı burada, təbiətin qoynunda, açıq havada konsertə dəvət edəcəyəm. O günə çox qalmayıb.
Ehtiram Hacısamlıda 8 illik məktəbdə oxuyub. Ağdam Muğam Məktəbində isə sənətin sirlərini öyrənib. Laçın işğal olunandan sonra Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində təhsilini davam etdirib. Dövlət televiziyasının “Bənövşə” uşaq xorunda oxuyub. Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. 2007-ci ildə "Muğam" televiziya müsabiqəsində böyük uğurla iştirak edib. Növbəti ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Öyrənə-öyrənə, oxuya-oxuya tanınıb, şöhrətlənib. Konservatoriyanın magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olub. 2011-ci ildə Beynəlxalq muğam müsabiqəsində qalib gəlib. Hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solistidir, eyni zamanda Beynəlxalq Muğam Mərkəzində çalışır.
...Onun Laçından 17 dəqiqəlik canlı yayımı sona yaxınlaşır. Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti və böyük sərkərdəlik məharəti, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində doğma yurduna qovuşmasından qürur duyan, şəhidlərimizə Allahdan rəhmət diləyən sevimli xanəndə axırda tüstülənən bir bacanı göstərib deyir:
– Lap az qalıb, tezliklə kəndimizə həyat qayıdacaq, burada tikilən bütün evlərin bacalarından belə tüstülər qalxacaq. Dostlarımı dədə yurdumda qarşılayanda özümü ikiqat xoşbəxt hiss edəcəyəm. Bilirsiniz, şəhərin ayrı gözəlliyi var, kəndin ayrı. Məni kənd çəkir...
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

