Bakı Dövlət Universiteti tarix fakültəsinin “Qafqaz xalqları tarixi” kafedrasının müəllimi Ülkər Məmmədzadənin bu günlərdə çapdan çıxmış elmi monoqrafiyası “Qafqazda liderlik qərinəsi: Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev” adlanır.
Müəllifin kitabı mükəmməl elmi və tarixi tədqiqatları ilə diqqət çəkir. Monoqrafiyada ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri – Azərbaycan Respublikasının Cənubi Qafqazda və bütövlüklə regionda lider dövlətə çevrilməsinin əsasları, regional liderlik problemləri, dünya siyasi arenasında böyük siyasi rəhbərin fəaliyyəti geniş şərh edilmişdir.
Bundan başqa, elmi monoqrafiyada Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin lider dövlət kimi inkişaf etməsində fəaliyyətinə geniş yer verilmişdir.
Monoqrafiyada “Qafqazda formalaşmış yeni geosiyasi şəraitdə Azərbaycanın yeri”, “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində İlham Əliyevin rolu”, “Post-müharibə dövründə sülh danışıqları və Qarabağ İqtisadi Zonasında quruculuq fəaliyyətinin iqtisadi əsasları”, “Dünya dövlətləri ilə strateji əməkdaşlığın formalaşmasında İlham Əliyev siyasətinin möhtəşəmliyi” və bütün bu fəaliyyətin məntiqi əsası kimi, ölkəmizin davamlı inkişafının təşkil olunmasında İlham Əliyev iradəsinin, onun yaratdığı siyasi reallığın dünya ictimaiyyəti və siyasi dairələrində qəbul edilməsi kimi məsələlər yer alır.
Gənc alim Ülkər Məmmədzadə 2022-ci ildə “Azərbaycan Respublikasının Qafqazda lider dövlətə çevrilməsində İlham Əliyevin rolu” mövzusunda dissertasiya işini başa çatdırmış və uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adını qazanmışdır. Onun “Qafqazda liderlik qərinəsi: Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev” adlı yeni elmi monoqrafiyası informasiya zənginliyi, elmi araşdırma üsulunun seçilməsi və tarixi sənədlərin istifadəsi baxımından zəngin bir elmi əsərdir.
“Xalq qəzeti”

