Xalq yazıçısı, TÜRKSOY Yazıçılar Birliyinin fəxri sədri Anarın 85 illik yubileyi türk dünyasında geniş qeyd olunur. İstanbuldakı KeTeBe Yayın evi yazıçının "Ağ liman", "Beşmərtəbəli evin atıncı mərtəbəsi", "Təhminənin son sirri" əsərlərini İmdat Afşarın uyğunlaşdırması ilə bir kitabda nəşr edib. Bu günlərdə Pərvinin "Anar – çağının önündə bir yazar" kitabı da çapdan çıxıb.
Tedev yayın evində buraxılmış "İki əsrin qovşağında bir yazar. ANAR 85" adlı kitaba İmdat Afşar geniş müqəddimə yazıb. Türk Ədəbiyyat Vəqfinin başqanı Sərhat Kabaklının giriş sözüylə açılan topluda Anar haqqında görkəmli yazıçıların, alimlərin yazıları toplanıb. Türkiyəli müəlliflər – Namik Kamal Zeybək, Əhməd Bican Ercilasun, Ataol Bəhramoğlu, İlbər Ortaylı, Fikrət Türkmən, Yəhya Akenkinlə bir sırada qazax şairi Oljas Süleymenovun, türkmən yazar Oraz Yağmurun, Quzey Kiprdən İsmayıl Bozqurdun, Almaniyadan Orxan Arasın, Moskvadan Abuzər Bağırovun, eləcə də Anarın Türkiyə tədqiqatçısı Ayşə Atayın və bir sıra başqalarının yazıları da dərc edilib. Vaqif Məmmədovun "Anar Ahıska türklərinin də yazarıdır", Özgə Manasın "Ədəbiyyatımızın iki qoşa zirvəsi – Rəsul Rza və Anar" məqalələri də diqqət çəkir.
Kitabda azərbaycanlı müəlliflərin – Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Xəlil Rza Ulutürkün, İsa Həbibbəylinin, Rafael Hüseynovun, Ramiz Rövşənin, Məmməd İsmayılın, Kamil Vəli Nərimanoğlunun Anar haqqında səmimi fikirləri də yer alıb.
“Xalq qəzeti”

