Rusiyanın Bakı–İrəvan sülh sazişi ilə bağlı mövqeyi kimə sərfəlidir?
Sən demə, Rusiyanın Xarici İşlər Nazirliyində qurumun rəsmi nümayəndəsi Mariya Zaxarovadan başqa da brifinq keçirən var imiş. Əlbəttə, buna o qədər də təəccüblənmədik. Təəccübümüz XİN İnformasiya və Mətbuat Departamentinin direktor müavini kimi təqdim edilən Aleksey Zaytsevin həmin brifinqdə bildirdikləridir. Cənab Zaytsev təmsil olunduğu dövlət orqanının Müstəqil Dövlətlər Birliyi üzrə dördüncü departamentinin direktoru Aleksey Qonçarın bir müddət əvvəl söylədiklərinə şərh verib. Onun nə dediyini diqqətə çatdıracağıq. Hələlik isə A.Qonçarın fikirlərini yada salaq.
A.Qonçar Bakı ilə İrəvan arasında tez bir zamanda sülh müqaviləsinin imzalanmasının mümkünsüzlüyündən söz açarkən, bunun yeni konfliktlər doğuracağı rəyini vermişdi: “Tələsik hazırlanmış, xam sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”.
Əlbəttə, ilk baxışdan departament direktorunun fikirlərini qəribçiliyə salmağın əleyhinəyik. Doğrudan da, sülh müqaviləsi özündə bütün məqamları və parametrləri əks etdirməlidir, bu, öz yerində. Problemli məqam isə ondadır ki, ümumən Rusiyada sözügedən sazişin vaxtı ilə bağlı hansısa təsəvvür yoxdur. Üstəlik, ölkənin mövcud istiqamətdə səy göstərdiyi də görünmür. Baxmayaraq ki, Moskva Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə əsas vasitəçidir və prinsip etibarilə onun prioriteti məhz sülh müqaviləsi olmalıdır.
Rusiya bunun yerinə özünün vasitəçiliyi ilə keçirilmiş ayrı-ayrı görüşləri gündəmə gətirir, ən yaxşı (pis) halda, sanki minnət edirmiş kimi, 44 günlük müharibəyə son qoyan tərəf olduğunu qabardır. Sual olunur: bu sonqoyma kimin işinə yaradı? Azərbaycan onsuz da Ermənistanın dizini yerə gətirəcəkdi. Dizi yerə gəlməyə yaxın olan bir ölkə indi durub hansısa şərtlər irəli sürürsə, sadə məntiq deyir ki, Moskvanın 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasına nail olmaqla təmin etdiyi atəşkəs rejimi dayanıqlı deyil, hər an bölgədə qanlı qarşıdurma alovlana bilər. Daha sual vermirik ki, vəziyyətin belə şəkil alması Cənubi Qafqazdan bərk yapışan ölkə kimi Rusiyanın maraq və mənafelərinə uyğundur, ya yox? Çünki görünən dağa bələdçi nə gərək?
Bəli, ötən müddətdə Rusiyanın vasitəçilik missiyasında səmimilik göstərdiyini söyləmək mümkünsüzdür. Belə təəssürat var ki, Moskva bu məsələni daha çox Qərblə qlobal rəqabət platformasındakı vasitəyə çevirir. Əlbəttə, Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir. Buna kimsənin şübhəsi yoxdur. Amma Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Qərb–Rusiya rəqabəti nə zaman, harada olmayıb ki?
Bəli, Qərb–Rusiya rəqabəti hər zaman, ən müxtəlif platformalarda özünü göstərib. Ancaq, bu, o demək deyil ki, Moskva sülh ritorikasını həmin rəqabətin əsirinə çevirməlidir. Əslində, istər Lavrovun, istərsə Qonçarın Bakı–İrəvan razılaşması ilə bağlı söylədikləri haqqında söz açdığımız çevirmə meyilin mövcudluğundan xəbər verir. Elə ona görə onların sülh müqaviləsinin hərtərəfli məzmunlu olmasına, bütün tərəflərin maraqlarının nəzərə alınmasına dair fikirləri səmimi qarşılanmır.
Digər tərəfdən, 44 günlük müharibədən sonra Qarabağın ölmüş statusu söhbətini ortaya atmaqla, Azərbaycanda qıcıq, Ermənistanda illüziya yaradan Rusiya rəsmiləri olmuşdu və bu da Moskvanın hazırda, belə demək mümkünsə, sülhsüzlüklə manipulyasiya niyyətinin olduğuna dair qənaət formalaşdırmaqdadır.
Başqa bir yandan, məgər SSRİ İkinci Dünya müharibəsində məğlubiyyətə uğratdığı Almaniyaya aman vermişdi? Həmin vaxt almanların maraqları nəzərə alınmışdı? Əlbəttə, yox. Axı, nasistlərin Moskvanın həndəvərinədək gəlmələrinə bəraət olmamalı idi. Niyə Azərbaycan otuz ilə qədər davam etmiş erməni işğalına bəraət şansı verməlidir?
SSRİ-nin humanistliyi Almaniyanı yarıya bölməklə kifayətlənməsi üzərində qurulmuşdu. Azərbaycan 44 günlük savaşda İrəvanı ələ keçirməyib. İndi də öz torpağında, öz hakimiyyətinin qurulmasına çalışır. Kremlin isə hərəkətlərindən belə qənaət hasil olur ki, Moskva bu çalışmanı erməni avantürizminin Qarabağ köklənişi müstəvisinə gətirmək yolu tutmaqdadır. Əks halda, sülh niyə təmin edilməsin ki? Nəhayət, Rusiya üçtərəfli bəyanat məntiqinə köklənirsə, buyursun, həmin sənədin icrasına həssas yanaşsın. Məsələn, Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrini oradan çıxarsın, Azərbaycanın digər bölgələri ilə Naxçıvanı birləşdirən quru yolunun açılmasını təmin etsin.
***
Nə isə, onun üçün lazımsız olan məsələlərlə Rusiyanı yükləməkdən uzaq durub keçək mətləbə. Mətləb isə Qonçarın dediklərinə Zaytsevin şərhidir. Bəri başdan bildirək ki, ikinci birinciyə haqq qazandırmaq istəyi ilə gündəmə gəlib ki, əksi yaşansaydı, təəccüblənərdik. Ancaq yenə təəccüblənirik. Çünki Zaytsev Qonçardan fərqli olaraq, necə deyərlər, daha dərinə gedir. Məsələn, o, bildirir ki, Bakı və İrəvanın tezliklə sülhə nail olmaq öhdəliyi ilə bağlı siqnalı tərəflərin istənilən şərtlərlə razılaşmağa hazırlıqlarını ifadə etmir. Hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapılmalıdır. Deməli, Azərbaycan və Ermənistan rəsmiləri boş-boş işlərlə məşğuldur?..
Əlbəttə, Zaytsev mürəkkəb mövzular dedikdə nələri nəzərdə tutduğunu açıqlamayıb. Əslində, heç açıqlaya da bilməz. Çünki birincisi, Rusiya indiyədək prinsipial mövqeyini açıqlayıb. Təxminən belə: müharibə edib qurtardınız, indi gözləyin... Nəyi gözləyək? Gözləməliyik ki, Qarabağdakı Rusiya sülhməramlıları bölgənin erməni separatçılarını silahlandırmalarına şərait yaratsınlar, onlar da yenidən üstümüzə gəlsinlər?! Bəlkə, gözləyək ki, Ermənistan İran və Hindistandan sifariş etdiyi silahları gətirib hərbi arsenalına daxil etsin, ölkənin ordu birləşmələri həmin silahlarla rəftarı öyrənsinlər?! Nə bilmək olar, mümkündür ki, Kreml təmsilçiləri gözləmək mesajını verəndə Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtmasını nəzərdə tuturlar? Təəssüf ki, Rusiya diplomatiyasının indiyədək ortaya qoyduğu mövqe yalnız bu sayaq suallar üçün meydan tanıyır.
***
Əlqərəz, Zeytsevin başqa nə söylədikləri önəmli deyil. Çünki o, ölkəsinin hər zamankı siyasi xəttini təkrarlayır: Üçtərəfli bəyanat, Moskva tərəflər arasında iş aparır və s. Hesab edirik ki, bu dolaşıq labirintdə əsas olan niyyətdir. Ermənistanın niyyəti bəllidir. Ölkə ən müxtəlif vasitələrlə sülhdən yayınmaq yolunu tutur və bunu edərkən, heç də Rusiyaya arxalanmır. İrəvanın arxalandığı qüvvələr xaricdədir və həmin qüvvələrin Moskvanın Cənubi Qafqazdakı varlığına son qoymaq niyyəti də bəllidir. Belə olan halda, Rusiya hansı pesrpektivə ümid bəsləyir?
Əslində, ölkənin bir yolu var ki, o da tam ədalətli və səmimi vasitəçilikdir. Hər bir halda, Azərbaycan Rusiya ilə müttəfiqliyinə və əməkdaşlığına sadiqdir. Ən azından, rəsmi Bakının rəsmi İrəvan olmadığını Kremldə də çox yaxşı anlayırlar. Belə olan təqdirdə, Moskva əsəbləri tarıma çəkməkdən uzaq dayanmalıdır. İllərlə bəslədiyi Ermənistan adlı məmləkətin artıq əlindən çıxdığı reallığı ilə barışmalıdır. Ümumən, Cənubi Qafqaz müstəvisində əməkdaşlıq konturlarına yenidən nəzər salmalıdır. Ənənəvi jandarmeriya təfəkkürünüdən uzaq dayanmalı və düşünməməlidir ki, 2025-ci ildəki müddət bitəndən sonra Rusiya sülhməramlılarının Qarabağdan çıxması fəlakət deyil. Həm də ona görə ki, onun üçün əsl fəlakət Ukraynada yaşanmaqdadır. Qarabağ kimi ikinci fəlakət meydanının mövcudluğu Kremlə heç nə verməyəcək. Ancaq Cənubi Qafqazın Rusiyanın da iştirak edəcəyi nəhəng əməkdaşlıq platforması olma şansı var.
***
Sonda bir məqamı da vurğulayaq. Bəli, qeyd etdik ki, Ermənistan sülhdən yayınmaq yolu tutur. Onu da vurğulayaq ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və müharibədə qalib ölkə kimi özünün şərtlərini bəyan edir. Şərtlərimiz tam ədalətlidir. Ölkəmiz buna söykənərək, 2023-cü ilin sonunadək Ermənistanla sülh müqaviləsinin imzalanacağına ümid bəsləyir. Ümumən, sülh mövzusunun gündəmdə olduğunu yalnız Azərbaycan rəsmilərinin fikirlərindən duymaq mümkündür.
Prezident İlham Əliyev də istər “Euronews” televiziyasına müsahibəsində, istərsə də Şuşada iyulun 21-23-də keçirilmiş Qlobal Media Forumundakı çıxışında 2023-cü ilin sonunadək Bakı-İrəvan sülh razılaşmasına dair gözləntilərini ifadə etmişdi. Belə bir durumda başlıca məqam heç də Kreml təmsilçilərinin nə üçün, anti-sülh ovqatına kökləndikləri deyil, daha çox onların gözləmək və sülh müqaviləsini sonraya saxlamaq məntiqindən çıxış etmələrini konkret hansı arqumentlə əsaslandırmalarıdır. Nə arqument var, nə də əsaslandırma. Ermənistan isə hər ötən gün Rusiyanın sülh müqaviləsinin mümkünsüzlüyü ritorikasına haqq qazandırmaq naminə yeni oyunbazlıqlar etməkdədir. Moskva təmsilçilərinin təbirincə desək, bölgədə gərginliyin yaranmasına rəvac verən davranışları reallaşdırmaqdadır.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

