İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster ilə görüşüb.
Nazir Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Ölkəmizdə bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini bildirib. M.Cabbarov qeyd edib ki, Dünya Bankı ilə əlaqələrimiz çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.
Ştefani Ştalmeyster ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.

