Ukrayna: Qərb, yoxsa Rusiya silahı...

post-img

Son iki gündə qlobal mediada Rusiya–Ukrayna cəbhəsində intensiv döyüşlərin başlandığı barədə məlumatlar geniş yer alır. CNN telekanalı xəbər verir ki, Ukraynanın iki aydır davam edən və ağır irəliləyən əks-hücumu, nəhayət, sürətlənir.

ABŞ və Rusiya rəsmilərinin açıqlamalarına görə, Kiyev cəbhənin cənub cəbhəsinə minlərlə yeni qüvvələr yerləşdirir və əməliyyatlın yeni mərhələsinin başladıldığının siqnalını verir.

ABŞ rəsmiləri bildirirlər ki, Ukrayna ordusunun daha güclü Qərb silahlarına malik təlim keçmiş qoşunları əks-hücumun başladığı iyun ayından bəri gözləmə mövqeyində olublar, lakin indi Ukrayna bu qoşunların əsas hissəsini əks-hücumlara cəlb edir. Ümid edilir ki, Ukraynanın bu addımı müəyyən nəticələr gətirəcək.

Bu arada Rusiyanın nəzarətində olan Zaporoje vilayətinin rəsmi nümayəndəsi Vladimir Roqov Ukraynanın regiondakı əks-hücumunun növbəti dalğasının başladığını bəyan edib. Rusiya rəsmiləri də cəbhədə intensiv döyüşlərin getdiyini gizlətmirlər. 

UNİAN agentliyi xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri dünən Donetsk vilayətinin Volnovaxsk rayonunun Staromayorski kəndini Rusiya ordusundan azad ediblər. Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün “Teleqram” kanalındakı səhifəsində məlumat verib.

Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin ölkənin cənubundakı Staromayorski kəndini azad etdiyini əks etdirən video yayımlayıb. “Bizim cənub! Bizim oğlanlar! Yaşasın Ukrayna!”, – deyə Zelenski sevincək yazıb.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz növbəsində kəndin təmizlənməsi barədə məlumat verib. “İndi müdafiəçilərimiz kəndi təmizləməyə davam edirlər”, – o, sosial şəbəkələrdəki hesabında yazıb.

Qeyd edək ki, üç gün əvvəl Ukrayna müdafiəçiləri Rusiya hərbçilərini ­Donetsk vilayətinin Andreyevka kəndindən də çıxarıblar. Ukraynalı əsgərlərin bir qədər irəli getdikləri barədə xəbərlər yayılıb. 

Rusiyalı və ukraynalı hərbi bloqçular Ukrayna qüvvələrinin ruslar tərəfindən salınan çoxsaylı minalanmış sahələrdən, ən azı, birini yardığını və Orexovodan cənubda, Robotino kəndi ətrafında cüzi ərazi qazanmalarını qeyd ediblər.

Dünən səhər saatlarında Moskva şəhərinə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, PUA-lar hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib. Hücum nəticəsində itki və dağıntı qeydə alınmayıb. Qeyd edək ki, əvvəllər də Moskvaya PUA-larla hücum hadisəsi baş verib.

Amerikanın “New York Times” nəşri əks-hücum əməliyyatına əlavə Ukrayna qüvvələrinin daxil olması barədə məlumat yayıb. Digər Qərb KİV-ləri də öz mənbələrinə istinadən yazır ki, Ukrayna Silahlı Qüvvələri hücumlarını artırıb.

Onu da qeyd edək ki, həftənin əvvəlində müdafiə naziri Oleksiy Reznikov Ukraynanın əks-hücumunun həqiqətən də ilkin qrafikdən geri qaldığını, lakin ümumilikdə plana uyğun getdiyini bildirib.

Rusiya aviasiyası da hər gün Ukraynanın iri və kişik şəhər və kəndlərini bombalamaqda davam edir. Dünən Xarkov və Odessa şəhərləri çox sayda raket atəşinə məruz qalıb. Ölən və yaralananlar barədə məlumat verilmir. 

ABŞ dövlət katibi Elntoni Blinken Ağ evin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun bir neçə aydan sonra başa çatmasını gözlədiyini bildirib: “Bu hücum qarşıdakı bir-iki həftəyə yekunlaşmayacaq. Biz əvvəlki kimi, bir neçə ay variantı üzərində dayanırıq”.

Bu arada Pentaqon tərəfindən “Abrams” tanklarının Ukraynaya təhvil veriləcəyi tarix açıqlanıb. Texnikalar bu ilin sentyabr ayında Ukraynaya verilə bilər. 

“Politico” nəşrinin yazdığına görə, ABŞ bir neçə “Abrams”ı Almaniyaya göndərməyi planlaşdırır. Tanklar burada təmir olunduqdan sonra Ukraynaya veriləcək.

ABŞ Konqresinin nümayəndəsinin sözlərinə görə, ilkin partiyaya 6-dan 8-ə qədər “Abrams” daxil olacaq. Ümumilikdə, 31 tankın Ukraynaya tədarükü gözlənilir.

ABŞ kəşfiyyatının məlumatına görə, Çin beynəlxalq sanksiyalara və ixrac nəzarətinə baxmayaraq, Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya hərbi və ikili təyinatlı texnologiyalar təqdim edir.

Bildirilir ki, gömrük qeydlərinə görə, Çinin dövlət müdafiə şirkətləri Rusiyanın dövlət müdafiə şirkətlərinə naviqasiya avadanlığı, qırıcı təyyarə hissələri və digər texnologiyalar göndərir.

ABŞ kəşfiyyatı qeyd edir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Çin “daha mühüm tərəfdaşa” çevrilib. Bu zaman ticarət Çin yuanı ilə həyata keçirilir. Çin, eyni zamanda  Rusiyanın enerji məhsullarının idxalını artırıb və hər iki ölkədə maliyyə institutları daxili ödəniş sistemlərindən istifadəni genişləndirirlər. Beləliklə, rəsmi Pekin Moskvanı müharibədə iqtisadi və hərbi cəhətdən ayaqda qalmasına öz töhfəsini verir. 

Ekspertlər bu bəyanata ironiya ilə yanaşırlar. Onlar hesab edirlər ki, döyüşlərin hazırkı mərhələsində iki tərəf arasında sülh danışıqlarının başlanması real görünmür. 

 

Atamoğlan MƏMMƏDLİ, 

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru 

 

– Məlum olduğu kimi, Rusiya ­2022-ci il fevralın 24-də Qərb qonşusu Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Rusiya rəsmiləri bunu “Xüsusi hərbi əməliyyat” adlandırır. Onların sözlərinə görə, əməliyyatın məqsədi Ukraynanın “denasifikasiya” və “demilatirizasiya”sını təmin etməkdir. 

Lakin Rusiya hərbi əməliyyata başladığı müddət ərzində öz hədəfinə çata bilməyib və bundan sonra da niyyətinə nail ola biləcəyi qeyri-mümkün görünür. Qeyd edək ki, 2014-cü ildə Rusiya beynəlxalq hüquq və normalara məhəl qoymadan Ukraynanın tərkib hissəsi olan Krım yarımadasını ələ keçirərək onu ilhaq edib. Təəssüf ki, həmin dönəmdə böyük güclər, beynəlxalq ictimaiyyət buna ciddi etiraz etməyib. 

Rəsmi Moskva bu dəfə də Ukraynada sürətli hərbi əməliyyat həyata keçirəcəyinə böyük ümidlər  bəsləyirdi. Amma Ukrayna xalqı ­fədakarcasına doğma torpaqlarının müdafiəsinə qalxdı və artıq on səkkizinci aydır ki, öz ərazilərini azad etmək uğrunda ağır mübarizə aparır. 

Rusiya–Ukrayna savaşı artıq uzunmüddətli bir müharibəyə çevrilib. Müharibədə hər iki tərəf böyük itkilər verib. Ukraynanın onlarla şəhəri, yüzlərlə kəndi dağıdılıb. Ölkə əhalisinin, az qala, dörddə biri qaçqın və köçkünə çevrilib. Müharibənin nə vaxt bitəcəyi isə bəlli deyil. 

Son günlər Ukrayna Silahlı Qüvvələri cəbhənin bir çox istiqamətlərində fəallaşıblar. Lakin Rusiya tərəfi son aylar ərzində güclü müdafiə istehkamları yaratmağa müvəffəq olub. Minalanmış sahələri yarıb keçmək olduqca çətindir. Bununla bərabər, Ukrayna ordusu yüksək vətənpərvərlik əzmi ilə döyüşür və nəyin bahasına olursa-olsun, məqsədinə çatmaq əzmindədir. 

Bu gün Ukraynada faktiki olaraq Qərb silahı və texnologiyası Rusiya silahına qarşı vuruşur. Qərb texnologiyalarının daha üstün olduğunu nəzərə alsaq, Ukrayna Ordusunun qələbə çalacağına ümidlər daha çoxdur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Ukrayna əsgər və zabitləri daha motivasiyalıdırlar. Axı onlar öz tarixi torpaqlarını azad etməyə can atırlar. 

Qeyd etmək lazımdır ki,  ABŞ başda olmaqla Qərb dövlətləri Ukraynaya böyük həcmdə hərbi və maliyyə yardımı ayırsalar da, bu, faktiki olaraq kifayət etmir. Müharibələrin taleyini həm də resurslar həll edir. Tərəflər ümid edir ki, qarşı tərəfin texniki və canlı imkanları daha tez bitəcək. Beləliklə, biz hazırda dağıdıcı və uzunsürən bir müharibəyə şahidlik edirik.

 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti” 

 



Siyasət