Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7.12-ci maddəsinə uyğun olaraq, texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. istinad edilmiş standart – texniki reqlament ilə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi və texniki reqlamentin tətbiqi məqsədilə hazırlanmış standart;
1.2.2. texniki reqlamentin ekspertizası – texniki reqlament layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən Qanunun tələblərinə uyğunluğu baxımından yoxlanılması.
1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunda nəzərdə tutulan mənaları ifadə edir.
1.4. Texniki reqlament üzrə məcburi tələblər malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşır.
1.5. Texniki reqlamentdə malların dizaynına və xarici görünüşünə dair tələblər istisna olmaqla, malların istehsal, terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələblər müəyyən edilə bilər.
1.6. Milli texniki reqlamentlər, habelə Azərbaycan Respublikasının ərazisində tanınmaqla tətbiq edilən beynəlxalq texniki reqlamentlər barədə məlumatlar açıqdır və Agentliyin rəsmi internet saytında yerləşdirilir.
2. Texniki reqlamentlərin hazırlanması
2.1. Agentlik texniki tənzimləmənin şamil olunduğu mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki reqlamentlərin mərhələli şəkildə hazırlanması işini təşkil edir.
2.2. Texniki reqlamentlərin layihəsini (bundan sonra – layihə) Agentliyin müraciəti əsasında, texniki tənzimləmənin şamil olunduğu mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair dövlət siyasətini və tənzimlənməsini həyata keçirən aidiyyəti dövlət orqanları (qurumları) (bundan sonra – layihəni hazırlayan) hazırlayırlar.
2.3. Bu Qaydaların 2-ci hissəsinin müddəaları nəzərə alınmaqla, Agentlik layihəni fəaliyyət istiqamətlərinə uyğun olaraq öz təşəbbüsü ilə də hazırlaya bilər.
2.4. Layihəni hazırlayan öz təşəbbüsü ilə müvafiq sahədə texniki reqlamentlərin onun tərəfindən hazırlanmasına dair təkliflərini Agentliyə təqdim edə bilər. Agentlik layihəni hazırlayanın təklifləri daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq müvafiq sahəyə texniki tənzimləmənin şamil olunub-olunmamasını və həmin sahə üzrə texniki reqlamentin və ya onun layihəsinin mövcudluğunu təhlil edir. Hüquqi və fiziki şəxslər də müvafiq sahədə texniki reqlamentlərin onlar tərəfindən hazırlanması ilə bağlı təkliflərini layihəni hazırlamalı olan aidiyyəti dövlət orqanına (qurumuna) təqdim edə bilərlər.
2.5. Bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq müvafiq sahəyə texniki tənzimləmənin şamil olunduğu və həmin sahə üzrə texniki reqlament və ya onun layihəsinin mövcud olmadığı müəyyən edildiyi təqdirdə, Agentlik 3 (üç) iş günü müddətində həmin sahə üzrə layihənin hazırlanmasının məqsədəuyğunluğu barədə məlumatı layihəni hazırlayana təqdim edir.
2.6. Layihəni hazırlayan bu Qaydaların 2.2-ci və 2.5-ci bəndlərinə uyğun olaraq layihənin hazırlanmasının məqsədəuyğunluğu ilə bağlı məlumatı aldığı tarixdən layihəni hazırlamağa başlayır və 7 (yeddi) iş günündən gec olmayaraq layihənin hazırlanma müddəti barədə məlumatı Agentliyə təqdim edir.
2.7. Agentlik bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq müvafiq sahəyə texniki tənzimləmənin şamil olunmadığını, yaxud həmin sahə üzrə texniki reqlamentin və ya onun layihəsinin mövcudluğunu müəyyən etdiyi təqdirdə, layihənin hazırlanmasının məqsədəuyğun hesab edilmədiyi barədə əsaslandırılmış məlumatı 3 (üç) iş günü müddətində layihəni hazırlayana təqdim edir.
2.8. Dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər müvafiq sahədə texniki reqlamentlərin qəbul edilməsi ilə bağlı Agentliyə müraciət edə bilərlər. Bu halda, Agentlik həmin müraciətin daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, müraciətdə göstərilən sahəyə texniki tənzimləmənin şamil olunub-olunmamasını və həmin sahə üzrə texniki reqlamentin və ya onun layihəsinin mövcudluğunu təhlil edir.
2.9. Bu Qaydaların 2.8-ci bəndinə uyğun olaraq aparılan təhlillər nəticəsində müvafiq sahəyə texniki tənzimləmənin şamil olunduğu və həmin sahə üzrə texniki reqlament və ya onun layihəsinin mövcud olmadığı müəyyən edildiyi təqdirdə, Agentlik 3 (üç) iş günü müddətində müvafiq sahədə texniki reqlament layihəsinin hazırlanması üçün aidiyyəti layihəni hazırlayana müraciət edir. Layihəni hazırlayan həmin müraciəti aldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, layihənin hazırlanma müddəti barədə məlumatı Agentliyə təqdim edir. Agentlik həmin məlumatı aldığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq, həmin layihənin hazırlanma müddəti barədə məlumatları müraciət müəllifinə təqdim edir.
2.10. Agentlik bu Qaydaların 2.8-ci bəndinə uyğun olaraq aparılan təhlillər nəticəsində müvafiq sahəyə texniki tənzimləmənin şamil olunmadığını, yaxud həmin sahə üzrə texniki reqlament və ya onun layihəsinin mövcud olduğunu müəyyən etdiyi təqdirdə, layihənin hazırlanmasının məqsədəuyğun hesab edilmədiyi barədə əsaslandırılmış məlumatı 3 (üç) iş günü müddətində müraciət müəllifinə təqdim edir.
2.11. Layihənin hazırlanmasına sərf olunan müddət 4 (dörd) aydan çox ola bilməz.
2.12. Layihəni hazırlayan layihəni struktur və məzmun baxımından Qanunun 8-ci maddəsinin tələblərini nəzərə almaqla hazırlayır.
2.13. Layihəni hazırlayan aşağıdakı işləri yerinə yetirir:
2.13.1. texniki reqlamentin ticarətdə lüzumsuz maneələrə səbəb olma ehtimalını təhlil edir;
2.13.2. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentlərini, standartlarını, beynəlxalq standartları və ya onun müvafiq hissələrini, texniki tənzimləmə obyektlərinə olan tələbləri müəyyənləşdirən digər normativ sənədləri təhlil edir;
2.13.3. layihənin razılaşdırılmalı olduğu aidiyyəti dövlət orqanlarını (qurumlarını) müəyyən edir;
2.13.4. müvafiq layihənin hazırlanması zərurətinin əsaslandırılmasını tərtib edir;
2.13.5. malı, onunla əlaqəli prosesi və istehsal metodunu təsvir edir;
2.13.6. texniki reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə istinad edilmiş standartların siyahısını tərtib edir;
2.13.7. texniki reqlamentlə müəyyən olunan əsas tələblərin siyahısını tərtib edir;
2.13.8. layihəni hazırlayan şəxslərin siyahısını tərtib edir.
2.14. Layihəni hazırlayan texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin yerinə yetirilməsini təmin edən standartın standartlaşdırma üzrə dövlət fondunda olmadığını müəyyən etdiyi təqdirdə, bu barədə məlumatı 2 (iki) iş günü müddətində Agentliyə təqdim edir. Bu zaman layihənin hazırlanması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət layihənin hazırlanması müddətinə daxil edilmir.
2.15. Agentlik bu Qaydaların 2.14-cü bəndinə uyğun olaraq məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində texniki reqlamentlə müəyyən edilmiş əsas tələblərin yerinə yetirilməsi və texniki reqlamentin tətbiqi üçün standartın qəbulu məqsədilə milli standartlaşdırma qurumuna müraciət edir və bu barədə layihəni hazırlayana məlumat verir. Layihəni hazırlayan texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin yerinə yetirilməsini təmin edən standartın işlənib hazırlanması məqsədilə “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tədbirləri görür. Milli standartlaşdırma qurumu həmin standartı “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla qəbul edir, Standartlaşdırma üzrə normativ sənədlərin dövlət reyestrinə və dövlət fonduna daxil edib bu barədə məlumatı həmin gün Agentliyə təqdim edir.
2.16. Agentlik bu Qaydaların 2.15-ci bəndində nəzərdə tutulan məlumatı aldığı gün həmin standartı istinad edilmiş standartların siyahısına daxil edir, özünün rəsmi internet saytında yerləşdirilməsini təmin edir və bu barədə məlumatı həmin gün layihəni hazırlayana təqdim edir. Bu zaman layihənin hazırlanması ilə bağlı müddətin axımı bərpa olunur.
2.17. Agentlik bu Qaydaların 2.14-cü və 2.16-cı bəndlərinə uyğun olaraq layihənin hazırlanması ilə bağlı müddət axımının dayandırılması və bərpası barədə müraciət müəllifinə həmin gün məlumat verir.
2.18. Layihəni hazırlayan layihəni bu Qaydaların 2.13-cü bəndində nəzərdə tutulmuş sənədlərlə və məlumatlarla birlikdə Agentliyə təqdim edir. Agentlik, 5 (beş) iş günündən gec olmayaraq, təqdim edilmiş sənədlərin və məlumatların tamlığını təhlil edir. Çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların aradan qaldırılması barədə məlumatı layihəni hazırlayana təqdim edir. Layihəni hazırlayan məlumatı aldığı tarixdən 15 (on beş) iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalı və bu barədə məlumatı Agentliyə təqdim etməlidir.
2.19. Bu Qaydaların 2.18-ci bəndinə uyğun olaraq aparılan təhlillər nəticəsində layihədə çatışmazlıq aşkar edilmədikdə və ya aradan qaldırıldığı təqdirdə, layihəni hazırlayan təqdim olunmuş layihəni 2 (iki) iş günündən gec olmayaraq, bu Qaydaların 2.13.3-cü yarımbəndində qeyd olunan siyahı üzrə aidiyyəti dövlət orqanlarına (qurumlarına) razılaşdırılmaq üçün göndərir və bu barədə məlumatı Agentliyə təqdim edir.
2.20. Layihə, razılaşdırılmaq üçün göndərildikdən sonra ictimai dinləmələrin və ictimai müzakirənin keçirilməsi məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq, Agentliyin rəsmi internet saytının xüsusi bölməsində yerləşdirilir və təqdim edilmiş rəy, irad və təkliflər baxılmaq üçün 5 (beş) iş günündən gec olmayaraq layihəni hazırlayana təqdim edilir.
2.21. Layihəni hazırlayan bu Qaydaların 2.20-ci bəndinə uyğun olaraq təqdim edilmiş rəy, irad və təklifləri 20 (iyirmi) iş günündən gec olmayaraq təhlil edir və layihənin yekun variantını hazırlayır. Layihəni hazırlayan nəzərə alınmamış rəy, irad və təkliflərlə əlaqədar müraciət müəllifinə əsaslandırılmış cavab verir.
2.22. Layihəni hazırlayan 2 (iki) iş günündən gec olmayaraq layihənin yekun variantını ekspertizadan keçirilməsi məqsədilə, nəzərə alınmamış rəy, irad və təkliflərə dair əsaslandırma ilə birlikdə Agentliyə təqdim edir.
3. Texniki reqlament layihəsinin ekspertizası
3.1. Agentlik təqdim edilmiş layihənin Qanunun tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə 30 (otuz) iş günü müddətində onun ekspertizasını aparır.
3.2. Layihənin ekspertizasının nəticələri qeyri-qənaətbəxş olduğu halda, layihə uyğunsuzluqların aradan qaldırılması məqsədilə layihəni hazırlayana qaytarılır. Uyğunsuzluqlar 20 (iyirmi) iş günü müddətində aradan qaldırılmalı və layihə yenidən Agentliyə təqdim edilməlidir.
3.3. Layihəni hazırlayan layihəni Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmalı və həmin Əsasnamənin 4.3-cü bəndi nəzərə alınmaqla, razılaşdırılmış layihəni Agentliyə təqdim etməlidir.
3.4. Agentlik ekspertizanın müsbət nəticələri əsasında təqdim edilmiş və aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış layihəni 5 (beş) iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
4. Texniki reqlamentlərin qəbulu
4.1. Texniki reqlamentlər Qanunun 7.1-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
4.2. Texniki reqlamentin işarəsi TR indeksindən, bir-birindən çəp xətlə ayrılmış üçrəqəmli qeydiyyat sıra nömrəsindən, texniki reqlamentin təsdiq olunduğu dördrəqəmli ildən və AZ indeksindən ibarətdir (nümunə: TR 001/2025/АZ).
4.3. Texniki reqlamentin sıra nömrəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
4.4. Yerli və xarici təsərrüfat subyektlərinə öz mallarını, onlarla əlaqəli prosesləri və istehsal metodlarını qəbul edilmiş texniki reqlamentlərin tələblərinə uyğunlaşdırmaq imkanının yaradılması məqsədilə texniki reqlamentlər qəbul edilərkən onların qüvvəyə minməsi üçün 6 (altı) ay müddət müəyyən edilir. Qanunun 2-ci maddəsində qeyd olunan tələblərin təmin edilməsi məqsədilə, Agentliyin əsaslandırılmış müraciəti əsasında, texniki reqlamentlərin qüvvəyə minməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən daha az müddət müəyyən edilə bilər.
5. Texniki reqlamentlərdə dəyişiklik edilməsi
5.1. Agentlik texniki reqlamentlərin Qanunun 2-ci və 7.2–7.6-cı maddələrinin tələblərinə uyğunluğunu ildə bir dəfədən az olmayaraq təhlil edir.
5.2. Dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər müvafiq sahədə texniki reqlamentlərin təkmilləşdirilməsi və ya ləğv edilməsi ilə bağlı Agentliyə müraciət edə bilərlər. Bu halda Agentlik daxil olmuş müraciət əsasında texniki reqlamentlərin Qanunun 2-ci və 7.2–7.6-cı maddələrinin tələblərinə uyğunluğunu 15 (on beş) iş günü müddətində təhlil edir. Təhlilin nəticəsi mənfi olduğu təqdirdə, Agentlik bu barədə məlumatları 3 (üç) iş günü müddətində müraciət müəllifinə təqdim edir.
5.3. Agentlik bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərinə uyğun olaraq apardığı təhlillər nəticəsində texniki reqlamentlərdə dəyişiklik edilməsi zərurətini, o cümlədən qəbul edilməsinə əsas olmuş halları aradan qalxmış hesab etdiyi və ya faktiki olaraq əhəmiyyətini itirmiş texniki reqlamentləri müəyyən etdiyi təqdirdə, onların təkmilləşdirilməsi və ya ləğvi ilə bağlı əsaslandırılmış müraciəti həmin texniki reqlamentləri hazırlayana və bu Qaydaların 2.13.3-cü yarımbəndinə uyğun olaraq həmin texniki reqlamentlərin qəbulunda iştirak etmiş dövlət orqanlarına (qurumlarına) göndərir.
5.4. Texniki reqlamentlərə dair dəyişiklik layihəsinin hazırlanması, ekspertizası və qəbulu bu Qaydaların 2–4-cü hissələrinin tələblərinə uyğun həyata keçirilir. Normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar uyğunlaşdırma məqsədilə texniki reqlamentlərdə dəyişiklik edilməsi bu Qaydaların 2-ci və 3-cü hissələrinin tələbləri nəzərə alınmadan həyata keçirilir.
5.5. Dövlət orqanları (qurumları) bu Qaydaların 5.3-cü bəndinə uyğun olaraq texniki reqlamentlərin ləğvinə dair məlumatı aldığı tarixdən 15 (on beş) iş günü müddətində məsələ ilə bağlı öz rəy, irad və təkliflərini Agentliyə təqdim edirlər. Agentlik təqdim edilmiş rəy, irad və təklifləri 15 (on beş) iş günü müddətində təhlil edir və nəzərə alınmamış rəy, irad və təkliflərlə əlaqədar həmin dövlət orqanlarına (qurumlarına) əsaslandırılmış cavab təqdim edir.
5.6. Agentlik bu Qaydaların 5.5-ci bəndinə uyğun olaraq aparılan təhlillər nəticəsində texniki reqlamentlərin ləğvi qənaətinə gəldiyi təqdirdə, 10 (on) iş günü müddətində texniki reqlamentlərin ləğvi ilə bağlı layihəni hazırlayır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
5.7. Dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər tərəfindən müvafiq sahədə texniki reqlamentlərin ləğv edilməsi ilə bağlı qaldırılan məsələyə bu Qaydaların 5.3-cü, 5.5-ci və 5.6-cı bəndlərinə uyğun olaraq baxıldıqdan sonra, Agentlik baxılmanın nəticəsi barədə məlumatı 3 (üç) iş günündən gec olmayaraq müraciət müəllifinə təqdim edir.
5.8. Texniki reqlamentlərin ləğv edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
5.9. Agentlik texniki reqlamentlərdə dəyişiklik edilməsi və ya onların ləğv edilməsi ilə bağlı məlumatları 5 (beş) iş günü müddətində özünün rəsmi internet saytında dərc edir.
5.10. Ləğv edilmiş texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair yeni texniki reqlament qəbul olunduqda, ona ləğv edilmiş texniki reqlamentin sıra nömrəsi ilə eyni nömrə verilir.
6. Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin
texniki reqlamentlərinin qəbul edilməsi
6.1. Müvafiq sahədə texniki reqlamentlər mövcud olmadıqda, dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentlərinin, yəni mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən beynəlxalq normativ sənədlərin (bundan sonra – beynəlxalq texniki reqlamentlər) milli texniki reqlamentlər kimi Azərbaycan Respublikasında tətbiq edilməsi məqsədilə Agentlik qarşısında məsələ qaldıra bilərlər.
6.2. Beynəlxalq texniki reqlamentlər Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə zidd olmadıqda, bu Qaydaların 2–4-cü hissələrinin tələbləri nəzərə alınmaqla, milli texniki reqlament kimi qəbul edilərək Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilər.
6.3. Qanunun 10.1-ci maddəsinə uyğun olaraq müvafiq sahə üzrə milli texniki reqlament mövcud olduğu təqdirdə, beynəlxalq texniki reqlamentlər Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə zidd olmadıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tanınmaqla milli texniki reqlamentlərlə yanaşı tətbiq edilə bilər.
6.4. Beynəlxalq texniki reqlamentlərin tanınması zamanı aşağıdakı meyarlar nəzərə alınır:
6.4.1. insanların həyat və sağlamlığının, dövlət maraqlarının, ətraf mühitin və əmlakın mühafizəsinin təmin edilməsi;
6.4.2. texniki tənzimləmə fəaliyyətinin məqsədlərinə nail olmaq üçün əsaslı iqlim, coğrafi və ya texnoloji amillərə uyğunluğu baxımından beynəlxalq texniki reqlamentlərin Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyü;
6.4.3. beynəlxalq texniki reqlamentlərin Azərbaycan Respublikasının ərazisinə idxal edilən mallara tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyinin təmin edilməsi;
6.4.4. beynəlxalq texniki reqlamentlərin beynəlxalq ticarət üçün lüzumsuz maneələr yaratmaması və ya bu cür nəticəyə səbəb olmaması;
6.4.5. malların rəqabətqabiliyyətliliyinin artırılması;
6.4.6. istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi;
6.4.7. təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi.
6.5. Dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində tətbiqi məqsədilə beynəlxalq texniki reqlamentlərin milli texniki reqlament kimi qəbul edilməsi və tanınması ilə bağlı Agentliyə müraciət edə bilərlər. Layihəni hazırlayan bu Qaydaların 2.6-cı və 2.9-cu bəndlərinə uyğun olaraq layihəni hazırlamağa başladığı tarixdən 10 (on) iş günü müddətində həmin beynəlxalq texniki reqlamentlərin autentik tərcüməsini təmin edir və layihənin birinci vərəqinin yuxarı sağ küncündə beynəlxalq texniki reqlamentin rekvizitləri qeyd olunmaqla bu barədə müvafiq qeyd aparır.
6.6. Agentlik bu Qaydaların 2-ci və 6-cı hissələrinin müddəalarını nəzərə almaqla beynəlxalq texniki reqlamentlərin milli texniki reqlamentlər kimi qəbulu və tanınması təşəbbüsü ilə çıxış edə bilər.
6.7. Agentlik bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq təqdim edilmiş müraciət daxil olduğu tarixdən 10 (on) iş günü müddətində layihəni münasibət bildirilməsi üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir. Aidiyyəti dövlət orqanları (qurumları) 30 (otuz) iş günü müddətində beynəlxalq texniki reqlamentlərin Azərbaycan Respublikasının ərazisində tətbiqi məsələsinə münasibət bildirməlidirlər.
6.8. Agentlik aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən daxil olmuş irad, rəy və təklifləri 20 (iyirmi) iş günü müddətində təhlil edir. Təhlil nəticəsində beynəlxalq texniki reqlamentin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmadığı müəyyən edildiyi təqdirdə, Agentlik 3 (üç) iş günündən gec olmayaraq, həmin texniki reqlamenti və onun tanınması barədə qərar layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
6.9. Beynəlxalq texniki reqlamentlərin tanınması ilə bağlı qərarı Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.
6.10. Bu Qaydaların 6.8-ci bəndinə uyğun olaraq aparılan təhlillər nəticəsində beynəlxalq texniki reqlamentin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduğu müəyyən edildiyi təqdirdə, Agentlik 3 (üç) iş günü müddətində həmin beynəlxalq texniki reqlamentin tanınması ilə bağlı məsələni qaldırmış müraciət müəlliflərinə əsaslandırılmış cavab verir.
6.11. Hüquqi və ya fiziki şəxslər texniki reqlamentin tanınmasından imtinaya dair qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdirlər.