Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi beynəlxalq müsabiqələrdə qalib olaraq mükafatlara layiq görülüb.
Nazirliyin “Məzunların məşğulluq reytinqi” layihəsi təşkilatın “WSIS Prizes 2025” beynəlxalq müsabiqəsində “Elektron məşğulluq” kateqoriyası üzrə qalib olub. 1000-ə yaxın layihənin iştirak etdiyi müsabiqədə Nazirliyin texnoloji həlli 18 qalibdən biri seçilərək təşkilatın qalib mükafatını qazanıb.
“Məzunların məşğulluq reytinqi” layihəsi ali təhsil müəssisələrinin məzunlarının məşğulluq göstəricilərinə əsaslanan məlumatları ictimaiyyətə açıq şəkildə təqdim edən rəqəmsal platformadır. Layihə təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsinə, gənclərin peşə seçiminə dəstək göstərilməsinə xidmət edir.
Həmçinin, Nazirlik təşkilatın “WSIS Photo 2025” foto müsabiqəsinin də qalibi olub. Nazirliyin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşının çəkdiyi foto yüzlərlə şəkil arasından 10 qalibdən biri seçilib. Şəkil 7-11 iyul tarixlərində İsveçrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin “WSIS+20 High-Level Event 2025” sərgisində nümayiş olunur.
Xatırladaq ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək verən və çoxsaylı maraqlı tərəfləri bir araya gətirən platformadır. Tədbir informasiya cəmiyyətində yeni tendensiyaları müəyyən etmək, təcrübə mübadiləsi və qabaqcıl praktikalara dair unikal imkanlar yaradır.
Eyni zamanda Nazirliyin “Reabilitasiya və Abilitasiya Xidmətləri üzrə Rəqəmsal Platforma” layihəsi isə “Elektron səhiyyə” kateqoriyası üzrə Namizədlik Sertifikatı ilə təltif olunub. Bu layihə əlilliyi olan şəxslər üçün reabilitasiya xidmətlərinə daha asan və rəqəmsal çıxışı təmin etməklə inklüziv sosial xidmət modelinin formalaşmasına xidmət edir.