Ərəb Dövlətləri Liqasının Baş Katibliyinin mənzil-qərargahında "İslamofobiya: hazırkı qlobal kontekstdə konsepsiya və təcrübə" mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ərəb Dövlətləri Liqasının, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), ərəb ölkələri səfirliklərinin nümayəndələri, əl-Əzhər Universitetinin rektoru və Qibti Pravoslav Kilsəsinin təmsilçiləri iştirak ediblər. Konfransda Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil edib.
Tədbirdə islamofobiya təzahürünün yaranması və yayılması səbəbləri, onun ictimai təhlükəsizliyə təsiri, dialoqun əhəmiyyəti, islamda birgəyaşayış və qlobal sülh mövzuları müzakirə edilib. Eyni zamanda, islamofobiya ilə mübarizədə təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin və beynəlxalq əməkdaşlığın rolu, həmçinin islamofobiya və nifrət nitqi ilə mübarizənin mümkün yolları barədə danışılıb.
Rəvan Həsənov “İslamofobiya və demokratik dəyərlərin aşınması: qlobal çağırış” mövzusunda çıxış edib. Qeyd edib ki, islamofobiya sadəcə bir qərəz forması deyil. Bu, cəmiyyətlərimizin sosial quruluşunu sarsıdan, təcridi gücləndirən və demokratiyaların əsas dəyərlərini – bərabərlik, din azadlığı, insan ləyaqəti və ədaləti aşındıran sistemli problemdir.
Bildirilib ki, islamofobiya irqindən və mənşəyindən asılı olmayaraq hər bir vətəndaşın cəmiyyətdə bərabər hüquqlara və imkanlara malik olması prinsipinə birbaşa ziddir. "Biz həmçinin etiraf etməliyik ki, islamafobiya qlobal problemdir. O, bir çox formalarda, o cümlədən nifrət cinayətləri, nifrət ritorikası, mediada qərəzli işıqlandırma, onlayn təqib və ayrı-seçkilik yaradan institusional siyasət şəkillərində özünü göstərir.
R.Həsənov Azərbaycanın islamafobiya ilə mübarizədə fəaliyyəti barədə danışıb. Diqqətə çatdırıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə fəal şəkildə məşğul olur.
Vurğulanıb ki, bir çox beynəlxalq qurumlar, xüsusən də İslam dünyasının aparıcı qurumları islamafobiya ilə mübarizədə öz səylərini əlaqələndirməli və uyğunlaşdırmalıdırlar. Bu məqsədlə bu ilin mayında Bakıda 12 beynəlxalq təşkilatla birgə beynəlxalq konfrans təşkil olunub. Həmin görüşdə bu problemin həlli üçün davamlı və strukturlaşdırılmış platformanın yaradılması qərarı qəbul edilib. Artıq bu təşəbbüs üçün veb-sayt hazırlanıb.
R.Həsənov diqqətə çatdırıb ki, bu ilin avqustunda ICESCO və Qərb ölkələrindən olan tərəfdaşlarla birgə Azərbaycanda Gənclər Forumu təşkil olunacaq. 30-dan çox ölkədən 100-ə yaxın gəncin bir araya gələcəyi forumun əsas məqsədi islamofobiya, ayrı-seçkilik və nifrət nitqi ilə mübarizə mövzusunda müzakirələr aparmaq və bu mövzularda müvafiq təlimlər təşkil etməkdir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə