Ordubad, Şahbuz, Culfa və Babək şəhərlərinin baş planları beynəlxalq təcrübəyə əsaslanaraq yenilənir. Bu istiqamətdə işləri İsveçrənin “SA Partners” şirkəti həyata keçirəcək. Məqsəd şəhərlərin gələcək inkişafını düzgün planlamaq, tarixi irsi qorumaq və müasir şəhərsalma standartlarına uyğun yeni nəfəs gətirməkdir.
Xüsusilə Ordubadın baş planı xüsusi diqqət mərkəzindədir. Şəhərin özünəməxsus memarlıq üslubu, qədim məhəllələri və tarixi ruhu layihənin əsas ilham mənbəyidir. Tarixi Sərşəhər kimi ərazilərin qorunması prioritet hesab olunur. Eyni zamanda bu məkanlarda müasir şəhərsalma prinsipləri tətbiq edilərək, sakinlərin rahatlığı üçün yeni həllər təklif ediləcək.
Şirkətin nümayəndəsi Angela Wiest layihə ilə bağlı bir sıra vacib məqamları açıqlayıb. O bildirib ki, baş planda yeni yaşayış məntəqələrinin salınması və müasir standartlara cavab verən mənzillərin inşası nəzərdə tutulur. Bununla yanaşı, şəhərin tarixi hissələri ilə yanaşı müxtəlif funksiyalara malik yeni binalar, turizm infrastrukturu, inzibati və ictimai binaların tikintisi də planda əks olunacaq. Bütün bu addımlar Ordubad sakinlərinin həyat keyfiyyətini yüksəltməklə yanaşı, şəhərin funksionallığını da artıracaq.
XQ