Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə növbəti dəfə Vaqif Poeziya Günləri keçiriləcək. Ənənəvi poeziya bayramı bu il də ölkəmizin bir neçə şəhər və rayonunu əhatə edəcək.
Tədbir iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start götürəcək.
İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edəcək Poeziya Günləri 17-18 iyul tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq. Şuşada baş tutacaq tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək.
Poeziya Günləri çərçivəsində Qazax, Gəncə, Ağdam və Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında – o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılmış və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilmişdi. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb.
Bu il də Vaqif Poeziya Günləri poeziya, ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacaq.