Qəbələ Beynəlxalq Musiqi Festivalında Sergey Raxmaninovun əsərləri səsləndirilib

post-img

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də axşam açıq səhnədə musiqisevərlərə növbəti konsert proqramı təqdim olunub.

Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalının çox gözəl bir ənənəsi var - illərindən asılı olaraq, musiqi mədəniyyətinə böyük töhfələr verən bəstəkarların, ifaçıların yubileylərini qeyd etmək, onların əsərlərini səsləndirməklə bir daha o dahilərin önündə baş əymək və onları anmaq. 2023-cü il həm də Sergey Raxmaninovun anadan olmasının 150 illiyi ilə əlamətdardır. Raxmaninovun musiqisinin paklığı, mərhəməti hər zaman tamaşaçının diqqətini özünə çəkir. Şərqlə bağlı olan yaddaşından irəli gələn bağlantıları ilə Raxmaninov musiqisinə bəşəri səs, harmoniya gəlir. Məhz bu bəşəri bağlantını daha gözəl surətdə festival iştirakçılarına çatdırmaq üçün bu gün Raxmaninov musiqisini digər bir dahinin – Vilyam Şekspirin sonetləri ilə birləşdirib diqqətinizə çatdırırıq”.

Konsertin birinci hissəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun “Piano və orkestr üçün konsert” əsəri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

Sonra respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Məmmədov orkestrin müşayiəti ilə dahi bəstəkarın digər əsərlərini ifa edib.

Festival çərçivəsində iyulun 29-da saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara kamera musiqisi təqdim ediləcək.

* * *

XIII Qəbələ Musiqi Festivalının proqramına uyğun olaraq, iyulun 28-də Heydər Əliyev Konqres Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.

Tamilla Əhədova (piano), Nərminə İsmayılova (piano), Camalə Abdinzadə (piano), Çinarə Əzimova (soprano), Surə Rüfət (violin), Humay Hacızadə (viola), Aytən Rüstəmli (kamança), Mirxalid Məmmədzadə (fleyta), Cəlil Bəşirli (tar) və Vaqif Qurbanovun (cello) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İfaçıları pianoda Svetlana Əhmədova, Rəfiqə Quluzadə və Nuridə Novruzova müşayiət ediblər.

Konsertdə Fikrət Əmirovun, Firəngiz Əlizadənin, həmçinin P.Çaykovskiy, H.Vieuxtemps, G.Bizet, V.Horovits, V.Monti, R.Şuman, Ch.Gounod, L.Əhmədova, 
T.Əhədova, R.Əhmədzadə və digər bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək ki, “Gənclərə dəstək” layihəsinin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. “Gənclərə dəstək” layihəsi cəmi yeddi ildir yaranmasına baxmayaraq, artıq ölkəmizin hüdudlarından kənarda da tanınır.

 

“Xalq qəzeti”

 



Mədəniyyət