II MƏQALƏ
Geosiyasi oyunun iki cəhəti
Rəsmi Bakı tərəfindən davamlı regional sülhün təməlinə Azərbaycanla Ermənistan arasında münasibətlərin hüquqi müstəvidə normallaşması məsələsinin (ümumi olaraq: sülh müqaviləsinin imzalanması) qoyulması tarixi, siyasi və geosiyasi əsaslara malikdir. Son 300 ildə Cənubi Qafqazın geosiyasi dinamikasının xarakteristikasına baxsaq, görərik ki, bu regionda başlıca problemlər məhz Azərbaycana münasibət ətrafında formalaşmışdır.
Onun siyasi və geosiyasi xarakterli bir sıra özəllikləri vardır. Bir tərəfdən, regional geosiyasi oyunlarda Azərbaycanla Ermənistanı əsas olaraq qarşıduran tərəflər qismində görmüşlər, digər tərəfdən isə Gürcüstanı sanki bütün dərin ziddiyyətlərdən kənarda saxlayaraq onun hansısa funksiyanı yerinə yetirə bilməsi üçün əl yeri saxlamışlar. Sonrakı proseslər göstərdi ki, Gürcüstana regional siyasət, geosiyasət, mədəniyyət və dövlətçilik mərkəzi kimi münaqişə edən tərəflər üçün “neytral hakim” funksiyası verməyi planlaşdırmışlar.
Bununla da təqribən 300 il davam edən geosiyasi oyunlarda əsas qurban Azərbaycan olmaqla türk-erməni düşmənçiliyi yaradıb ondan geosiyasi məqsədlər üçün istifadə etmək trendi ilə regionda aparıcılıq funksiyasını yerinə yetirməli olan Gürcüstandan yeri gələndə istifadə etmək niyyəti mövcud olmuşdur.
Nəticədə həmin müddətdə Cənubi Qafqazda aparılan geosiyasi oyunlar faktiki olaraq iki cəhətdən ibarət sistem halını almışdır. Onlardan birincisini regionda Azərbaycan torpaqlarının hesabına yaradılmalı olan Ermənistanın üstünlüyünü təmin etmək planları təşkil edirdi. Burada daim ermənilər haqlı, azərbaycanlılar isə haqsız kimi tədqim edilməli idi.
Təbii ki, Cənubi Qafqazda süni yaradılmış bu düşmənçiliyi “həll etmək üçün layiqli” bir yerli faktor da tapmaq lazım idi. Bunun üçün Gürcüstan seçildi. Bu da qurulan geosiyasi sistemin ikinci cəhəti idi. Nəticədə Gürcüstanı bir müddət regionun siyasi, geosiyasi və mədəni proseslərinin təməlinə gətirdilər və onu tarixən gücü çatmayan işlərdə aparıcı etməyə çalışdılar. Onun əlamətləri kimi aparıcı təhsil müəssisələrini Gürcüstanda açmağı, müxtəlif mədəni və siyasi tədbirlərin orada keçirilməsini təşkil etməyi göstərmək olar.
Bununla Cənubi Qafqaz tarixi və siyasi əsası olmayan və iki özəlliyə malik süni geosiyasi mənzərəyə 300 il şahidlik etməli oldu. Onun bir aspektini Azərbaycanı və azərbaycanlıları qurban seçməklə qondarma erməni dövləti yaratmaq, digərini isə bu kimi proseslərin həlli yeri kimi potensial imkanı zəif olan Gürcüstana neytral hakim rolunu vermək təşkil edirdi.
Bütün bunlar indi də Cənubi Qafqaz üçün çox mühüm olan geosiyasi xüsusiyyət formalaşdırdı. Onun başlıca qayəsi bu regionda davamlı sülhün ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı olmasından ibarətdir.
Digər xüsusiyyət, Gürcüstanın bu prosesdə aparıcı mərkəz ola bilmədiyinin qəbul edilməsidir. Eyni zamanda, bu qonşu dövlətin regional geosiyasi proseslərdən kənarda qalması və ya təcrid olunması qətiyyən yolverilməzdir. Söhbət, Gürcüstanı kimlərinsə uzun müddət regional siyasi, geosiyasi, mədəni mərkəz kimi görmək istəməsinin də iflasa uğramasından gedir. Tbilisi o tarixi, siyasi, dövləti və geosiyasi-mədəni potensiala malik deyildir.
Böyük güclərin ümumi məqsədi isə aydın idi: Cənubi Qafqazda xristian ermənilərin süni üstünlüyünü təmin etməklə müsəlman azərbaycanlıların geosiyasi rolunu minimuma endirmək və çəkişən hər iki tərəf üçün başqa bir xristian ölkəsini – Gürcüstanı “neytral hakim” rolunda görmək! Bununla özlərini böyük sayanlar regionun tarixi, siyasi, geosiyasi, mədəni və dövləti düzəninə qarşı terror etmiş oldular. Ancaq Zamanın öz hökmü varmış!
İkiqat regional geosiyasi problem
Aydın olur ki, Cənubi Qafqaz dövlətlərinin müstəqilliyə nail olması ilə qarşılarına mürəkkəb geosiyasi ziddiyyəti əsaslı həll etmək kimi çox çətin vəzifə də çıxmışdır. Onun təməlində Azərbaycanla süni Ermənistanın münasibətlərinin konkret siyasi-hüquqi kriteriyalar müstəvisinə gətirilməsidir. İkincisi isə, Gürcüstanın bu prosesdə yeri və rolunu adekvat müəyyən etmək əsasında bütövlükdə regional miqyasda davamlı sülhü təmin etməkdir. Burada başlıca sual belədir: həmin proseslərdə aparıcı siyasi və geosiyasi güc rolunu kim oynaya bilər? Aydındır ki, ağıla ilk olaraq dünyanın güclü dairələri gəlir. Ancaq regionun acı təcrübəsi var – həmin güclər öz maraqları naminə Cənubi Qafqazı daha da qarışdırırlar.
Yuxarıda da vurğulamışıq ki, qonşu Gürcüstan bu prosesdə potensial yetərsizliyi səbəbindən gerçəkdən aparıcılıq funksiyasını yerinə yetirə bilmir (ancaq, gürcü dostlarımızın niyyətləri xoşdur, regional maraqlara uyğundur).
Bütün bunlardan sonra yeganə düzgün çıxış yolu yerli dövlətlərdən hansınınsa güclü xarici siyasət yeritməklə aparıcılıq funksiyasını üzərinə götürməsi ilə bağlı ola bilər. Bunun üçün isə həmin ölkənin tarixi, siyasi, geosiyasi və dövləti potensialı yüksək olmalıdır. 1990-cı illərdən bu yana həmin kontekstdə (yəni müstəqil güclü dövlət qurmaq aspektində) toplanan təcrübə göstərdi ki, aparıcı və oyunqurucu rolunu yalnız Azərbaycan yerinə yetirə bilər.
Bu o deməkdir ki, Azərbaycan həm Ermənistanla münasibətlərin normallaşmasında, həm də bütövlükdə regional sülhün davamlı olmasında aparıcılıq funksiyasını yerinə yetirməlidir. Ümumi halda bu vəzifə sülhsevər və praktiki tətbiqi səmərəli olan xarici siyasət kursu hazırlamağı tələb edirdi. Onun üzərində tarixi və siyasi aspektdə geniş dayanaq.
Niyə məhz Azərbaycan-Ermənistan münasibətləri?
Səfəvinin çökürdülməsi prosesi Azərbaycana aid torpaqların parçalanması ilə müşaiyət olunurdu. Paralel olaraq davamlı surətdə azərbaycanlıları yurdlarından didərgin salıb, yerlərinə erməniləri gətirirdilər. Bu, XVIII əsrin ikinci yarısından başlayaraq XX əsrin 90-cı illərinin əvvəllərinə qədər sanki dünya siyasətinin təbii mahiyyətli aksiomlarından biri kimi qəbul edilirdi. Yəni Səfəvinin yoxluğu və Osmanlının çox zəifləməsi və sonra (XX əsrin üçüncü onilliyi) tamamilə dağıdılması fonunda Qərb və Rusiya imperializminin dönmədən əməl etdiyi prinsip statusunu almışdı. Onlara özlərinin yaratdıqları və adını “beynəlxalq təşkilatlar” qoyduqları qurumlar da müxtəlif bəhanələrlə dəstək verməkdə idilər. Burada “beynəlxalq” termini sətiraltı bütün dünyaya deyil, Qərbə və ümumi halda xristian dünyasının güclü dövlətlərinə aid edilirdi. Geridə qalanlar “yarımsuverenliyə” layiq “Qlobal Cənub” adlı ikinci kateqoriya cəmiyyət, sivilizasiya, mədəniyyət və dövlətlər hesab olunurdu.
Türk xalqlarına, o cümlədən daha kəskin formada azərbaycanlılara qarşı uzun müddət aparılan siyasətin bazasında bu faktor dayanırdı. Lakin nədənsə Gürcüstan bu keyfiyyətdə imperialistlərin işlərinə yaramadı. Görünür, yuxarıda vurğuladığımız kimi, bizə qonşu ölkə olan Gürcüstanı gələcəkdə “neytral hakim”, “regionun düşmənsiz ölkəsi”, “bütün yeni siyasi və geosiyasi və mədəni proseslərin mərkəzi” olmağa hazırlayırdılar. Onun təzahürləri belə oldu: Gürcüstan Cənubi Qafqazın siyasi-mədəni mərkəzi kimi təbliğ olundu və həmin istiqamətdə konkret addımlar atıldı. Hər hansı regional ziddiyyəti Tiflisdə həll etmək bir növ standart davranış halını aldı. Bu proses başqa bir antiazərbaycan siyasətin fonunda gedirdi.
Biz, regionda Azərbaycan dövlətinin, ölkəsinin, mədəniyyətinin və insanlarının soyqırımı əsasında qondarma erməni dövlətinin yaradılmasının əsrlərlə davam etməsini nəzərdə tuturuq. Hesablamalara görə, son 300 ildə Qərbi Azərbaycandan 5 milyona yaxın azərbaycanlı deportasiya olunmuşdur. Bu prosesin dinamikası zaman-zaman dəyişmişdir. Azərbaycanlıların müqaviməti güclənəndə onu müvəqqəti səngitmişlər, lakin sonrakı fürsətdə daha amansız surətdə ərazilərin işğalı, insanların yurdlarından didərgin salınması prosesi vüsət almışdır. Bunun fonunda Azərbaycan ərazilərində öncə “erməni vilayəti” yaratdılar, sonra isə Ermənistan Respublikasını qondardılar (onun necə adlandırılmasının bu kontekstdə elə bir fərqi yoxdur, yəni istər Ermənistan Respublikası olsun, istərsə də Ermənistan SSR).
Bununla imperialist dairələr Cənubi Qafqazın geosiyasi düzəninə “erməni virusu”nu yeritdilər. Onun üzərinə iki funksiya qoydular. Birincisi, “virus” Azərbaycan-türk fərdi və dövləti kimliyini “yeməli” idi. İkincisi, bu əsasda Cənubi Qafqazın təbii geosiyasi anatomiyasını dəyişib xristian faktorunu aparıcı etmək lazım gəlirdi.
Bunun uğrunda uzun müddət mübarizə apardılar. Lakin tarix göstərdi ki, ən güclü erməni-xristian havadarlar iki istiqamətdə iflasa uğradılar. Onlardan biri süni Ermənistanın regionda aparıcı güc rolunu yerinə yetirə bilməməsi ilə bağlıdır. Bunun üçün ermənilərin heç bir cəhətdən potensialı yoxdur.
İkinci istiqamət Gürcüstanın vurğulanan proseslərdə neytral hakim və aparıcı mərkəz funksiyasını yerinə yetirə bilməməsi ilə bağlıdır. Ermənilər zaman-zaman fürsət düşəndə Gürcüstana qarşı da təcavüzkarlığa baş vurdular və ondan torpaq qopartmağa çalışdılar. Bu da regionda başqa bir ziddiyyətin formalaşmasına səbəb oldu. Nəticədə siyasi və geosiyasi boşluq meydana gəldi. Onun fonunda yerli dövlətlərin xarici siyasət kursunun mahiyyəti daha böyük aktuallıq kəsb etməyə başladı.
Bütün bunlar Azərbaycanın xarici siyasətində sülhsevərliyin təməlində Ermənistanla münasibətlərin normallaşdırılmasının yer almasının tarixi, siyasi, geosiyasi və dövləti aspektlərini izah edir.
Bu, birincisi, milli miqyasda əsrlərlə yaradılmış problemləri həll etməyə imkan verir.
İkincisi, regional masştabda davamlı sülhün bərqərar olması üçün ədalətli və perspektivli geosiyasi mənzərə yaradır.
Üçüncüsü, regionun lider dövlətinin haqlı olaraq geosiyasi aparıcı güc kimi təsdiq olunmasını təmin edir.
Bununla aydın olur ki, Azərbaycan regional güc kimi sülhsevər dövlət olaraq iki nəticəyə nail olmağa çalışır: birincisi, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, ikincisi, regionun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi.
Cənubi Qafqazın taixində hər iki məsələ prinsipial olaraq yenidir və regional düzənə fərqli geosiyasi keyfiyyət qazandırır. Çünki Azərbaycan geosiyasi kontekstdə davamlı sülhün təmini ilə regional səviyyədə dayanıqlı inkişafı sintez edir.
Ümumi halda sülhün dayanıqlı inkişafa xidmət etməsi prinsipial məsələdir və hər bir region üçün önəmlidir. Cənubi Qafqazda bu modelin ilk nümunəsini Azərbaycanın xarici siyasi kursunun yaratması birbaşa yeni liderliyin nəticəsidir. Belə görünür ki, ilk baxışdan bəsit görünən “sülhyaratmaq” və “sülhü təmin etmək” prosesi kifayət qədər mürəkkəb və dərin mənaları olan konseptual məsələdir. Həmin bağlılıqda xarici siyasətdə sülhsevərliklə humanitarlığın qarşılıqlı münasibətləri nəzəri və praktiki aktuallıq kəsb edir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru