Qan tökmə, qan ver!

post-img

Bu il Məhərrəmlik təziyədarlığının Aşura günü iyulun 28-nə təsadüf etdi. Yaxın keçmişə qədər məscidlərdə bu dini hüzn günü sinədöymə, başyarma kimi fanatizm hallarına rast gəlinirdi.

Din alimləri, ziyalılar illərlə insanlara dində belə bir tələbin olmadığını izah etməyə çalışsalar da, onlar yenə də xurafata uyurdular. Dövrümüzdə bu hallar yaşanmır. Artıq bir neçə ildir ki, Aşura günündə insanlar qan verməyə çağırılır, bu məqsədlə aksiyalar təşkil edilir. Möminlər qan verərək, ehtiyacı olan insanların müalicəsində pay sahibi olur, savab qazanırlar. 

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aksiyada iştirak edərək qan verdi. Jurnalistlərə xitab edən şeyx dedi:

– Əvvəla, bütün müsəlmanlara başsağlığı verirəm, Allah rəhmət etsin. Bu gün bizim təşkil etdiyimiz aksiyalarda sünni və şiələr bir yerdə ibadət edir, qan verirlər. Bu aksiyamız qonşu dövlətlər üçün də nümunəyə çevrilib. Onlarda da qanvermə aksiyaları təşkil edilir. Biz bu aksiyanı daha çox təbliğ edib bir çox dövlətdə ənənəyə çevrilməsinə nail olmalıyıq. Bu gün mənim Almaniyadan gələn qonağım, Almaniya müsəlmanları mərkəzi şurasının sədri Ayman Mayzek də gördüyü mənzərəni təqdir edərək bunun çox yaxşı bir hal olduğunu vurğuladı.

Ayman Mayzek də jurnalistlərə müsahibə verdi: 

– Burada olmağımdan və bu aksiyada iştirak etməyimdən məmnunam. Fəxr edirəm ki, mən də qan verirəm.  Etiraf etməliyəm ki, Aşura mərasiminin belə sivil səviyyədə təşkilini və qanvermə aksiyasını ilk dəfədir görürəm. Bu, Azərbyacan xalqının təqdirəlayiq addımıdır. Bir həftədir buradayam və qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.

Müsahibədən sonra Ayman Mayzek qan verdi. Aksiyada iştirak edən QMİ-nin sədr müavini  Fuad Nurullayev bildirdi ki, bu aksiyalar paytaxtla yanaşı, bölgələrdə də təşkil edilib. Qanvermə Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu Şah Abbas məscidi, Səbail rayonu Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu Qaraçuxur məscidi, Yasamal rayonu Təzəpir məscidi, Yasamal rayonu Hacı Soltanəli məscidi, Binəqədi rayonu İmam Əli məscidində və digər yerlərdə də olub. Aksiya, həmçinin Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində təşkil edilib.

Müşahidələrimizə görə, əhali bu aksiyada iştarak etməyə böyük maraq göstərirdi. Təzəpir məscidinə qan verməyə gələn donor Malik Hüseynov bildirdi ki, Allah ömür verdikcə belə xeyir işlərdə iştirak edəcək.   Təskilatçılıqdan da razı qalan donor aksiyanın  hər il daha da yüksək səviyyədə təşkil edildiyini, bu il uzun-uzadı növbələrdə dayanmadan rahat qan verdiyini dedi.

Digər donor Nərgiz Əlizadə isə ilk dəfə qan verməyə gəldiyini dedi:

– Ölkəmizdə qan xəstələri çoxdur, əgər mənim qanım kiminsə, xüsusən də uşaqların müalicəsinə səbəb olacaqsa, bu, mənim üçün böyük xoşbəxtlik olar. 

Qeyd edək ki, 18-65 yaş arası olan və 50 kiloqramdan artıq çəkisi olan hər kəs qan verə bilər. Hansısa xəstəliklə əlaqədar dərman preparatı qəbul edənlər, cərrahi əməliyyat keçirənlər, döymə, hicama etdirənlər bir il qan verməməlidirlər. Hepatit A, C, İİV/QİÇS və siflis testlərindən biri pozitiv olanlar qan verə bilməzlər. İnsulin qəbul edən şəkərli diabet xəstələrinin də qan verməsinə icazə verilmir.

 

Rüfət MƏHƏRRƏMOV

 





Sosial həyat