Beynəlxalq olimpiya hərəkatı tarixindən iki ali məqam

post-img

Yəqin,  Azərbaycan nadir ölkələrdəndir ki, müxtəlif dövrlərdə ona rəhbərlik etmiş iki dövlət başçısı ali olimpiya mükafatına layiq görülmüşdür. Bu, hər iki görkəmli şəxsiyyətin idmana, olimpiya hərəkatına böyük sevgisinə, onların inkişafı üçün göstərdikləri xidmətlərə beynəlxalq idman dairələrində yüksək dəyər verilməsinin təkzibolunmaz təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsinə rəhbər seçilməsinin 26-cı ilinin tamam olduğu bu günlərdə həmin ali mükafatların tarixini bir daha xatırlayaq.

Dövlətimizin rəhbərinin olimpiya mükafatı ilə təltif olunması haqqında ilk xəbər 1997-ci ilin, səhv etmirəmsə, payızında Reykyavikdən gəldi. Onda Milli Olimpiya Komitələri Assosiasiyası özünün İslandiya paytaxtında keçirilmiş baş məclisində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin idmana göstərdiyi böyük qayğı və diqqətə görə “Olimpiya ləyaqəti” mükafatı ilə təltif olunması haqqında qərar qəbul etmişdi. Bu yüksək mükafata olimpiya hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə görkəmli dövlət xadimlərinin layiq görüldüyü də bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdı.

Həqiqətən, ümummilli lider idmanın inkişafının və uğurlarının ölkəyə necə böyük beynəlxalq nüfuz qazandırdığını, bu mühüm işə dövlət səviyyəsində daim hərtərəfli kömək göstərilməsinin vacibliyini hamıdan yaxşı bilirdi. Təsadüfi deyil ki, Heydər Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə görüşlərindən birində uzaqgörənliklə demişdi ki, idman, eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir.

Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi, barı-bəhrəsi bu gün göz qabağındadır. İndi Azərbaycan dünyada idmanın yüksək sürətlə inkişaf etdiyi ölkə kimi tanınır. Hətta xarici ölkələrdəki mütəxəssislər, jurnalist həmkarlarımız da yekdilliklə bildirirlər ki, Azərbaycan əhalisinin sayına görə kiçik bir ölkə olsa da, burada idmana xüsusi diqqət və qayğı var, bunun da sayəsində məşhur çempionlar yetişir.

Bu isə bir daha təsdiq edir ki, Milli Olimpiya Komitələri Assosiasiyası Reykyavikdə keçirilən iclasında görkəmli dövlət xadimi, Azərbaycan Prezidenti Heydər Əliyevi “Olimpiya ləyaqəti” mükafatına layiq görməsi ilə ölkə başçısının beynəlxalq olimpiya hərəkatına verdiyi töhfələri layiqincə qiymətləndirmişdir. Bütün Azərbaycanın və onun dostlarının ulu öndərə minnətdarlıqla qeyd etdiyi dahi şəxsiyyətin 100 illik yubileyi ilində həmin “Olimpiya ləyaqəti” mükafatının Azərbaycana gətirilməsindən artıq 26 il ötür.

Belə bir məqam dərin rəmzi məna daşıyır ki, dövlətimizin indiki lideri İlham Əliyevin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi gündən də bizi 26 illik məsafə ayırır. Ölkə başçısı 1997-ci ildə olimpiya hərəkatımıza rəhbərliyə başladıqdan yeddi il sonra, 2004-cü ildə isə idmanımız adına daha bir şad xəbərə sevindik.

Həmin ilin mart ayında müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın paytaxtı Afinadan alınan məlumatda bildirilirdi ki, Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin bu şəhərdə keçirilmiş iclasında idmanın və olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə BOK-un ali mükafatı – “Olimpiya Ordeni”nə layiq görülmüşdür.

Özü də ölkəmiz üçün, Azərbaycanın dostları və idmanımızın pərəstişkarları üçün bu fərəhli hadisə bir başqa ildə yox, Afinada XXVlll Yay Olimpiya Oyunları ilində olimpiadaların vətəni Yunanıstanda baş vermiş və bu tarixi hadisə ilə bağlı təntənəli mərasim də orada baş tutmuşdu.

Mart ayında qəbul edilmiş həmin qərarın qəbulundan bir ay sonra, apreldə isə Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov ali mükafatı Azərbaycan rəhbərinə təqdim etmək üçün Bakıya gəldi və bu missiyanı böyük məmnuniyyətlə yerinə yetirdi. Onun Prezident Sarayındakı çıxışında İlham Əliyevin idmanın inkişafında, ümumdünya olimpiya hərəkatının uğurlarında böyük xidmətləri minnətdarlıq hissi ilə vurğulandı: “Mən bu ordenlə təltif olunmağınızla bağlı iclasda iştirak etmişəm. Bu iclasda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və dörd vitse-prezidenti iştirak edirdi. Onlar bu qərarı yekdilliklə qəbul edərək, Sizin ölkənizdə idmanın inkişafı və yüksəlişinə verdiyiniz şəxsi töhfələri xüsusi qeyd etdilər. Böyük məmnuniyyətlə vurğulandı ki, Siz ölkə prezidenti olduqdan sonra da Olimpiya Komitəsinin prezidenti vəzifəsində də qalmısınız. Bu, dövlətin başçısı kimi, Sizin bədən tərbiyəsi, idman və olimpiya hərəkatının inkişafına, sağlam və möhkəm gənclərin tərbiyəsinə necə böyük diqqət yetirdiyinizi bir daha göstərir. Mən Beynəlxalq Olimpiya Komitəsinin bu qərarı və onu yerinə yetirməyimlə fəxr edirəm. Biz, Sizinlə dostluğumuz və ölkənizin idman təşkilatları ilə əlaqələrimizlə də fəxr edirik. Olimpiya hərəkatı çox incə bir hərəkatdır və Sizin kimi təcrübəli rəhbərlərin onu dəstəkləməsinin böyük əhəmiyyəti var”.

Öz bayrağı altında 200-dən çox ölkəni birləşdirən Beynəlxalq Olimpiya Komitəsi kimi çox nüfuzlu bir qurumun Azərbaycan idmanının şəriksiz liderinin ümumdünya olimpiya hərəkatında xidmətlərini yüksək qiymətləndirərək, onu öz ali mükafatına layiq görməsi Olimpiya oyunları ilində olduqca xoş əlamət idi. Olimpiya ilində Olimpiada – 2004 hələ başlanmamış olimpiya mükafatlarımızın hesabı açılmışdı.

Bu gün isə biz olimpiyaqabağı 2023-cü ildəyik. Paris – 2024-ə lisenziya xarakterli yarışlara hazırlıq və bu turnirlərdə uğurlu çıxışlar bütün ölkələr kimi, Azərbaycanın da idman təşkilatlarının əsas məqsədidir. Hər bir dövlət gələn il Fransa paytaxtının idman meydanlarında olimpiya startlarında geniş heyətlə təmsil olunmaq istəyir. Əlbəttə, Azərbaycan idmanının ən yaxşı nümayəndələri də çətin sınaqlardan medallara, yüksək beynəlxalq nüfuza aparan yolda Parisə nəinki təkcə mötəbər nümayəndə heyəti ilə yola düşmək, həm də ölkəmizə mümkün qədər çox medal qazandırmaq əzmindədirlər. Onlar yaxşı bilirlər ki, Olimpiya oyunlarında başlıcası iştirak etməkdirsə, medal qazanmaq, fəxri kürsüdə təbrikləri qəbul etmək, xaricdə qələbə şərəfinə dövlət himnimizin əzəmətli sədalarını dinləmək, milli bayrağımızı yüksəklərə ucaltmaq tamam başqa bayramdır və adama xüsusi zövq verir. Bu ilin elə ilk günlərindən bəri 100 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyev də, iyulun 31-də Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin 26-cı ili tamam olan İlham Əliyev də məhz buna görə həmişə idmanımıza möhkəm dayaq olmuşlar. Deməli, eyni bir dövlətin iki rəhbərinin, üstəlik də, ata ilə oğulun tarixin müxtəlif dövrlərində beynəlxalq olimpiya hərəkatının ali mükafatları ilə təltif olunması nadir hadisədir.

 

Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

 

İdman