Unudulmaz xatirələr işığında

post-img

Yaşı bir əsri  adlamış “Xalq qəzeti”nin (70 il “Kommunist” adı ilə çıxmışdır) ötən əsrdəki fəaliyyətini, bu nəşri milli mətbuatımızın bayraqdarına çevirmiş fədakar qələm sahiblərini göz önünə gətirdikdə onların sırasında, istər-istəməz, Adil Cavadlı da yada  düşür...

Adil Dadaş oğlu Cavadlı 1923-cü ildə Bakıda doğulmuşdur. Əslən Şamaxıdan olan ailə XX əsrin əvvəlindəki dağıdıcı zəlzələdən sonra  Bakıya köçmüş və  Şirşov-4 (indiki Həsən Abdullayev küçəsi) ünvanında  məskunlaşmışdı. Adil  ­Cavadlı  da, təqribən, 20  il sonra burada dünyaya göz  açmışdır. İndiki 132 nömrəli (o  vaxt 14 nömrəli idi) orta  məktəbdə oxumuşdur. 

Ali məktəbin  birinci kursundan könüllü olaraq cəbhəyə getmiş, 1947-ci ilədək hərbi  xidmətdə olmuşdur.  Ordudan tərxis olunduqdan sonra  əmək fəaliyyətinə  jurnalistika sahəsində başlamışdır. Bu da  təsadüfi  deyildi. Adil  müəllimin  atası –  Dadaş Cavadlı Azərbaycanın tanınmış tərcüməçilərindən idi, Cəfər  Cabbarlı, İbrahimxəlil İbrahimov, Əfrasiyab Bədəlbəyli, Süleyman Məlikov, Məmmədəli Sidqi  və  başqaları  ilə  birgə 1920–30-cu illərdə “Kommunist” qəzeti redaksiyasında işləmişdi. 

Adil Cavadlı əvvəlcə  “Azərbaycan müəllimi”, “Bakı” və “Baku” axşam qəzetlərində  müxtəlif vəzifələrdə çalışmış, o cümlədən  məsul katib olmuşdur. Onun qəzetçilik bacarığı “Bakı” qəzetində məsul katib işləyərkən özünü  daha parlaq şəkildə büruzə  vermişdir. Əslində, o,  axşam qəzetinin təməlini qoyanlardan  biri idi. “Bakı” ilk  “Qızıl qələm” mükafatını məhz  Adil Cavadlının verdiyi tərtibatın gözəlliyinə görə almışdı. 

Peşəkar qəzetçinin peşəkarlığı  diqqətdən yayınmadı. Respublikanın baş qəzeti – “Kommunist”in rəhbərliyi Adil  Cavadlını işə  dəvət  etdi.  Bir  müddətdən sonra  vaxtilə atasının tərcüməçi işlədiyi qəzetdə əvvəlcə məsul katib, sonra isə redaktorun (indiki anlamda baş redaktorun – Q.P.)  birinci müavini oldu.  Onu da  deyək ki, o  dövrdə “Kommunist” qəzetində sıravi vəzifədə  belə işləmək jurnalistikanı peşə seçənlərin hər  biri  üçün əlçatmaz  arzu idi və bu, çox  az adama  nəsib olurdu. 

Adil müəllim istər dost-tanış yanında, istərsə  də işlədiyi kollektivdə böyük hörmət-izzət sahibi idi. İlk  baxışda ciddi  görkəmi yad adamları ondan məsafə saxlamağa vadar  etsə də, yaxından tanıdıqca, Adil müəllimin nə qədər  xeyirxah,  qayğıkeş, sadə, nəcib, nəzakətli və səmimi  bir insan olduğunu görüb ona  bağlanırdılar. Halal, obyektiv, təmənnasız, paxıllıqdan, bədxahlıqdan uzaq  bir insan idi. Yorulmaq bilmədən, başını yuxarı  qaldırmadan gecə-gündüz işləyirdi. 

Redaksiya kollektivinin yığıncaqlarında, kollegiya iclaslarında, letuçkalarda çıxış  edərkən,  həmişə obyektivliyi gözləyirdi. Hər bir məsələyə onun özünəməxsus münasibəti olurdu. Və onları elə məharətlə  təqdim  edirdi ki, dediyi  fikirlər, verdiyi təkliflər, hətta tutduğu iradlar belə qəbul olunur  və məmnunluqla qarşılanırdı.  Onun sərtliyi, dönməzliyi qədər, ondan  da  artıq mülayimliyi və xeyirxahlığı  vardı. 

Adil müəllimin xeyirxahlığı çoxçalarlı idi: kiməsə əl tutmaq, kömək  etmək,  yardım göstərməklə kifayətlənmirdi. Hamıya  ehtiramla  yanaşır, hər şeyə – heyvanlara, bitkiyə, gülə-çiçəyə münasibətdə həssaslıq göstərir, düşmənləri barışdırır,  dostları mehribanlaşdırırdı...

Bu  fikirlər,  sözün həqiqi  mənasında,  mətbuat cəfakeşi olan, Əməkdar mədəniyyət işçisi Adil Cavadlının 100 illik  yubileyi  ilə əlaqədar İçərişəhərdəki  Muğam klubunda  keçirilən  mərasimində səsləndi. Yubileylə bağlı  yenicə çap  edilmiş “Nasildən-nəsilə” kitabının da   təqdimatı oldu. Mərasimi Adil  müəllimin  qızı, Qafqaz Müsəlmanları İdarəsi  sədrinin müavini  Hacı Qəmər  xanım Cavadlı açaraq,  tədbir iştirakçılarını salamladıqdan sonra atasının həyat və fəaliyyəti barədə danışdı, ailədə,  qonum-qonşularla  münasibətdə yaddaqalan məqamlardan söz açdı. 

“Xalq qəzeti”nin bölgə müxbiri  İlqar Həsənov, yubilyarın  uşaqlıq  dostu, akademik Kamal Talıbzadənin  qızı Ülkər Talıbzadə, Azərbaycan Jurnalistlər Birliyi  sədrinin  müavini Şahin Babayev, Cavadlılar ailəsinin nümayəndələri Günel  Cavadlı - İsayeva, Mahirə  Kazım qızı, həmçinin bu  sətirlərin müəllifi Adil Cavadlı  ilə  bağlı şahidi olduqları, eşidib-bildikləri xatirələri  dilə gətirdilər.  Ümumi fikir bu idi ki, Adil müəllim dünya malında əsla gözü olmayan, halal, mənəviyyatca təmiz, böyük əxlaq  sahibi,  nəcib bir insan, peşəkar jurnalist kimi yadda qalıb. Allah  rəhmət  eləsin!

 

Qüdrət Piriyev, “Xalq qəzeti”

 



Sosial həyat