KİTAB RƏFİ

post-img

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin 75 illiyinə həsr edilmiş kitab nəşr edilib.  

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan ədəbi tənqidində Vaqif Yusifli faktoru” başlıqlı “Ön söz”ündə yubilyarın zəngin yaradıcılığını yüksək qiymətləndirib.

Kitabda tanınmış sənətkarların, elm xadimlərinin görkəmli tənqidçi Vaqif Yusiflinin anadan olmasının 75 illiyinə həsr etdikləri yazıları toplanıb. Anarın “Bədii sözün keşikçisi”, Nəriman Həsənzadənin “Daimi axtarışda”, Sabir Rüstəmxanlının “Bu, Vaqif Yusiflidir”, Tehran Əlişanoğlunun “Tənqidçi olmağın sirri – Vaqif Yusifli tezisləri” və digər yazılar bu sıradandır. Kitabın “Özü və əsərləri haqqında” bölümündə Bəxtiyar Vahabzadənin, Fikrət Qocanın, Kamal Talıbzadənin, Cavanşir Yusiflinin və başqalarının müxtəlif illərdə Vaqif Yusifli haqqında yazdıqları yazılar da cəmlənib.

***

“Şuşa” qəzetinin redaktoru, tanınmış tədqiqatçı-publisist Vasif Quliyevin yenicə  çapdan çıxmış “Bu qala – daşlı qala” adlı kitabı Azərbaycanın mədəniyyət paytaxtı haqqında ensiklopedik məlumatlarla zəngindir. 

Şuşa şəhərinin bünövrəsinin qoyulduğu vaxtdan başlamış günümüzə qədərki bütöv bir dövrü əhatə edən kitabda şəhərin küçə və məhəllələri, sosial obyektləri və ona şöhrət gətirən ayrı-ayrı istedadlı ziyalılarından, sənət adamlarından bəhs olunur. İndiyədək 20-dən çox kitabın müəllifi olan Vasif Quliyev Bakı, Moskva və Tbilisinin arxivlərində apardığı axtarışlar nəticəsində əldə etdiyi çoxlu maraqlı mənbə və məlumatlar əsasında Qarabağ tarixi ilə əlaqədar çoxlu maraqlı faktlar üzə çıxarıb. Həmin məlumatların bir hissəsi bu kitabda öz əksini tapıb. AZƏRTAC-ın müxbiri Süleyman Qaradağlının araşdırmaçı-jurnalistlə müsahibələri də kitabda yer alıb. Yeni kitabı həm oxucular, həm də Şuşanı tanıyıb–tanıtmaq istəyən hər  kəs üçün elmi, tarixi  mənbə  kimi dəyərləndirmək olar.

“Bu qala–daşlı qala” kitabının redaktoru və “Ön söz”ünün müəllifi Mehman Cavadoğludur.

 

Ə.ƏLİYEV, “Xalq qəzeti”

 



Sosial həyat