Cüdoçularımızın 9 Maribor medalı

post-img

Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı davam edir. Festivalın altıncı günündə cüdoçularımız Aslan Kotsoyev (90 kq), Ramazan Əhmədov (+90 kq) mübarizə aparıblar. Bütün rəqiblərini məğlub edərək finala yüksəlmiş A.Katsoyev həlledici mərhələdə də böyük inamla mübarizə apararaq qalib adını qazanıb. Komandamızın digər üzvü R.Əhmədov isə yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. 

Beləliklə, bu nüfuzlu yarışda böyük uğurla çıxış edən cüdoçularımız fərdi yarışları 9 medalla (3 qızıl, 2 gümüş, 4 bürünc medal) başa vuraraq ümumi komanda hesabında birinci yeri tutublar. 

Qeyd edək ki, bundan əvvəl tatami ustalarımız 7 medala sahib olublar. Komandamızın aktivinə qızıl medalları Vüsalə Hacıyeva (48 kq) və Xədicə Qədəşova (52 kq) yazdırıblar. Süleyman Şükürov (73 kq) gümüş, Məhəmməd Musayev (60 kq), Cəsur İbadlı (66 kq), Nihad Məmişov (50 kq) və Ayxan Mirzəzadə (55 kq) bürünc medal qazanıblar.  

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman