Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinə (EAK) qarşı hərəkata şəxsən rəhbərlik etmək niyyətində olduğunu açıqlayıb. Məlumatı “Anadolu” verib.
O qeyd edib ki, müqəddəs Eçmiədzinin ana taxt-tacı (EAK-ın rəhbər orqanı) “antimilli və dövlət əleyhinə qrup” tərəfindən ələ keçirilib və azad edilməlidir: “Mən bu azadlığa rəhbərlik edəcəyəm”, - baş nazir Telegram kanalında yazıb.
Bundan əvvəl Paşinyan Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Bununla bağlı baş nazir katolikosu istefaya çağırıb. Siyasətçi qeyd edib ki, Erməni Apostol Kilsəsinin qanunlarına görə, subaylıq andını pozan şəxsin katolikos olmaq hüququ yoxdur.
Hakimiyyətlə kilsə arasında qarşıdurma kütləvi etirazlar və “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın fəal iştirakı fonunda güclənib.
İyunun 27-də səhər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arxiyepiskopu saxlamaq üçün katolikosun Eçmiədzindəki iqamətgahına gəlsələr də, dindarların və keşişlərin müqaviməti ilə üzləşiblər.
İyunun 25-də Ermənistan İstintaq Komitəsi müxalifətin “Müqəddəs mübarizə” üzvlərinin Ermənistanda hakimiyyəti ələ keçirmək üçün terror aktları hazırlaması barədə məlumat yayıb. Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam saatlarında məhkəmə onları həbs edib.
P.ƏMİRCANOV
XQ