Fransa parlamentariləri Ermənistanın Sünik (Zəngəzur) vilayətində konsulluq açmaq təşəbbüsü irəli sürüblər
Son bir ildə “diplomatik layihələrin sınaq meydanı”na çevrilən Ermənistanın Sünik vilayətində İran və Rusiyanın ardınca Fransa da öz bayrağını dalğalandırmaq istəyini bəyan edib. Hər üç dövlətin rəsmiləri bu təşəbbüslərin zəminində “Ermənistanın ərazi bütövlüyünün” dayandığını bildirsələr də, əslində, onların maraq dairəsinin kəsişdiyi məkan Zəngəzur dəhlizidir.
2020-ci il 10 noyabr Bəyanatının 9-cu, sonuncu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi nəzərdə tutulur. Məhz həmin bəndin ikinci cümləsində Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təşkilindən və Ermənistanın hər iki istiqamətdə maneəsiz hərəkətinin təhlükəsizliyinə zəmanətindən bəhs edilir. Amma bəyanatın imzalanmasından iki il səkkiz aydan çox vaxt keçməsinə baxmayaraq, İrəvan, ümumiyyətlə, nəqliyyat dəhlizlərinin açılmasının qarşısına müxtəlif manelər diyirlədir. Hayastan liderlərinin arqumenti bundan ibarətdir ki, nə Azərbaycan, nə də Türkiyə tərəfi Meğri vasitəsilə Ermənistanın yurisdiksiyasından kənarda “əlahiddə” dəhliz əldə edə bilməz. Üçtərəfli bəyanatın şərtindən irəli gələn “Zəngəzur dəhlizi” layihəsini tənqid atəşinə tutan erməni “politoloqları” hesab edirlər ki, dəhlizin reallaşması ölkələrinin İranla birbaşa ticarət əlaqələrinə əngəl yaradacaq. Çünki dəhlizə başqa dövlət (Rusiya-red.) nəzarət edəcək.
“Biz də orada olmalıyıq”
“Fransa Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün mühüm bir addım ata bilər. Bu, Sünikdə (Zəngəzur), Qafanın vilayət mərkəzində, yaxud Gorus şəhərində Fransanın konsulluq nümayəndəliyinin açılması ola bilər. Başqa ölkələr artıq bunu həyata keçiriblər. Belə bir addım regionda sabitliyin xeyrinə işləyər, həmçinin Fransa və Ermənistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi nöqteyi-nəzərindən qiymətli forpost rolunu oynayardı”.
Bu fikirlər Hayastanın “armenpress” agentliyinin yaydığı məlumatda yer alıb. Məlumatda deyilir ki, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel və Senatdakı oxşar qrupun rəhbəri Jilber-Lyük Devinaz ölkənin xarici işlər naziri Ketrin Kolonnaya bu təkifin yer aldığı rəsmi məktub göndəriblər. Fransız parlamentarilərin fikrincə, hərçənd Sünik vilayəti Ermənistanın cənubunda yerləşir, əhalinin sıx məskunlaşdığı dağ regionudur, amma özünün 4500 kvadrat/kilometrlik sahəsinə, coğrafi baxımdan mərkəzdən uzaqda yerləşməsinə baxmayaraq, Cənubi Qafqazın geosiyasi məsələlərində önəmli yerə malikdir.
Müraciətin müəllifləri hesab edirlər ki, bu vilayəti önəmli edən əsas amil, birinci növbədə, zəngin faydalı qazıntı yataqları və bunun da emalının Ermənistan iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olmasıdır.
“Düzdür, Sünik İrəvanla yalnız bir dağ yolu ilə bağlıdır, amma İran sərhədi vasitəsilə xarici aləmlə əlaqə saxlamaq üçün olduqca vacib dəhliz rolunu oynayır. 35 kilometrlik Ermənistan-İran sərhədi bu ölkə üçün böyük əhəmiyyət kəsb edir. 2020-ci ilin payızında, 44 günlük müharibə zamanı açıq qalmış yeganə ərazi kimi Ermənistanı “tam boğulmaqdan” qurtardı. “Armenpress”in senatorların Fransa XİN-ə məktubundan gətirdiyi bu sitat Parisin Azərbaycan-Ermənistan sərhədi yaxınlığında özünün konsulluğunu açmaq planının altında hansı niyyətin gizləndiyini aşkara çıxarır. Bəli, senatorların bu təşəbbüsünün mahiyyətində “Ermənistanın ərazi bütövlüyünün” qayğısına qalmaq deyil, transmilli kommunikasiya şəbəkəsinə çevrilməyə iddialı Zəngəzur dəhlizində pay və söz sahibi olmaq iddiası dayanır. Yəni bölgədə özünün siyasi-iqtisadi maraqlarını güdən digər aktorlar kimi “biz də orada olmalıyıq” iddiası.
Saxtakarların “təəssübkeşliyi”
Onlar Bakının bu layihə ilə bağlı Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına nail olmaq kimi tam qanuni tələbinin Xəzər hövzəsi ilə Bosforun türk əhalisini birləşdirəcək daha böyük “pantürkist planın” tərkib hissəsi olduğunu iddia edirlər. Necə deyərlər, burada xoruzun quyruğu aydın görünməyə başlayır. Bunlar üçün Zəngəzur dəhlizinə burunlarını dürtməkdən daha vacib və həm də əndişə yaradan məsələ Azərbaycanın Türk dünyasını birləşdirəcək Transxəzər layihəsinin qarşısını almaqdır. Müsyö senatorların Bakının, guya, yeni hərbi əməliyyatlara hazırlaşması, bu “yeni təcavüzün” ermənilər üçün fəlakətli nəticələrə səbəb olacağı barədə bağırtıları isə saxta həyəcan siqnalı, iz azdırmaq cəhdindən başqa bir şey deyil. XİN-ə məktubda “Ermənistana ən sadiq dövlətlərdən biri, onun ərazi bütövlüyünün və təhlkəsizliyinin təminatçısı” kimi ölkələrini misal çəkən Fransa Senatının üzvləri Sünikdə konsulluğun açılmasının zəruriliyini bir daha qeyd ediblər. Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi digər qərəzli və ədalətsiz qərar və qətnamələri kimi, yeni saxtakar təəssübkeşliyinin də kağız üzərindən uzağa getməyəcəyini indidən söyləmək mümkündür.
Yeri gəlmişkən, bir müddət öncə Qafanda İran konsulluğunun açıldığı barədə məlumat yayan “Joğovurd” qəzeti Tehranın ardınca Moskvanın da burada diplomatik nümayəndəliyini yaratmaq istəyində olduğunu yazmışdı. Kremlin belə bir niyyətdə olmasını müxtəlif kanallarla Ermənistan hakimiyyətinə çatdırdığı da mediaya sızmışdı.
Xatırladaq ki, İranın Qafan şəhərində Baş Konsulluğu 2022-ci il oktyabrın 21-də fəaliyyətə başlayıb. Tehranın yeni diplomatik nümayəndəliyinin rəsmi açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian iştirak ediblər. Bakı Tehranın bu addımını Azərbaycana qarşı düşünülmüş təxribat kimi qiymətləndirdi. Bunun başqa adı yoxdur, çünki Sünikdə bu darmacalda konsulluğa heç bir zərurət yox idi.
İrəvan məsələni qəsdən uzadır
Bu məqamda oxucuların diqqətini Rusiyanın Zəngəzurda konsulluq açmaq qərarının Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə razılaşdırıldığı barədə məsələyə yönəltmək istərdik. Bununla bağlı Paşinyan təxminən bir ay əvvəl Moskvada təşkil olunan Avrasiya İqtisadi İttifaqının Ali Zirvəsində Zəngəzur narahatlığını dilə gətirmişdi. Həmin toplantıya qonaq qismində dəvət olunmuş Azərbaycan Prezidenti İlham Əliyevin “Biz həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük” sözlərini Paşinyan ölkəsinə qarşı “ərazi iddiası” kimi qiymətləndirmişdi.
Həmin debatda Prezident Əliyev Paşinyanın diqqətinə bunları çatdırmışdı: “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar, yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Prezidentin “Zəngəzur dəhlizinin açılmasını Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəkləyir” sözləri də Paşinyanı sakitləşdirməmiş, o, “mən ilk dəfədir bunu eşidirəm” – demişdi. Putin isə “terminologiya başqa sözlə hüquqi texnikadır, dəhliz, digərləri, – bu, vacibdir və burada müəyyən ziddiyyət var. Amma daha vacib olanı indi Sizin - həm Azərbaycan Prezidentinin, həm Ermənistan baş nazirinin dediyi kimi, prinsipial məsələ ərazi bütövlüyü məsələsidir”, – deyə Paşinyanı sakitləşdirməyə çalışmışdı.
Fransız senatorların narahatlığına səbəb olan Zənəgəzur dəhlizinin bütün Türk dünyasını birləşdirəcək Transxəzər layihəsinin bir hissəsinin reallaşması variantı heç də uzaqda deyil. Bunu Cənubi Qafqazda sülhün vasitəçisi, yaxud tərəf kimi marağı olan dövlətlərdən heç biri əngəlləyə bilməyəcək.
Zəngəzur layihəsinin daha çox regional dəhliz kimi nəzərdə tutulduğunu söyləyən siyasi şərhçi Yeganə Hacıyeva dəhlizin qlobal daşımalarda vacib tranzit keçid sayıldığına diqqəti yönəltdi: “Bu tranzit keçidin ən vacib hissəsi Azərbaycan ərazisinə düşür. Azərbaycan da öz növbəsində Zəngəzur dəhlizi ilə bağlı konstitusiyanın tələblərinə və beynəlxalq hüququn prinsiplərinə uyğun davranacağını bəyan edib. 2020-ci il 10 noyabr Bəyanatı ilə müharibə bitib və Rusiya həm Zəngəzur, həm də Laçın dəhlizində təhlükəsizliyi təmin etməyə dair öz üzərinə öhdəlik götürüb. Amma göründüyü kimi, bu öhdəlik birtərəfli qaydada həyata keçirildi. Zəngəzur dəhlizi hələ işə düşməyib, çünki Ermənistan öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, yolun bir hissəsini qismən inşa edib, qalan hissədə isə işlər dondurulub. Bu da danılmaz faktdır ki, İrəvan Zəngəzur dəhlizinin çəkilməsi adı altında Qərbdən maliyyə yardımı alsa da, real iş görməyə tələsmir”. Zəngəzur dəhlizi və Sünikdə konsulluqlar. Artıq bir-birnə üzvi şəkildə bağlı olan bu məsələ özünün kulminasiya nöqtəsinə yaxınlaşmaqdadır. Görünən odur ki, bu müstəvidə oynanılan bütün səhnələrin ssenarisi İrəvanın başı üzərindən yazılır.
Beləliklə, “Konsulluq” adlı çoxseriyalı səhnə əsərinin növbəti siyasi bölümləri də Sünik “pavilyonunda” çəkiləcək. Bu dəfə əsərin qəhrəmanı rolunda Paris, daha doğrusu, Fransa Senatı çıxış edir. Bizə, Azərbaycan tamaşaçılarına bunu sadəcə bir məzhəkə kimi izləmək qalır...
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Fransa Senatı mənasız işlərlə məşğuldur. İran, Rusiya Qafanda konsulluqlarını açmaqla orada yaşayan erməniləri nədən və nə cür müdafiə edə bildilər? Əgər sabah həmin ərazidən Azərbaycana qarşı hər hansı təxribat həyata keçirildiyi təqdirdə, Bakı orada İranın, Rusiyanın, yaxud digər ölkənin konsulluğunun yerləşməsinə baxmayacaq. Təxribatçılara elə bir cavab veriləcək ki, uzun müddət yadlarından çıxmayacaq.
Fransa konsulluğu barədə də eyni sözləri demək mümkündür. Onlar nə fikirləşirlərsə, getsinlər eləsinlər. Əslində, fransızlar ermənilərin yersiz inadkarlığına bu cür dəstək vermək əvəzinə, başlarına ağıl qoysunlar ki, beynəlxalq hüquq çərçivəsində Azərbaycana qarşı ərazi iddialarından, bizim daxili işlərimizə qarışmaqdan əl çəksinlər. Bu, onların öz ərazilərinin toxunulmazlığının ən yaxşı təminatıdır. Təkrar edirəm, indi Kolonna Qafana bir nəfər göndərməklə və hansısa binanın üstündə Fransanın bayrağını sancmaqla, o bölgənin müdafiəsini təmin edəcəklərini düşünürsə, bu, olduqca yanlış və gülünc yanaşmadır.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”




