Pyotr Tolstoy “bəlkə də qaytardılar” xülyası ilə yaşayır

post-img

Rusiya ilə Azərbaycan arasında ikitərəfli strateji münasibətlərin daha da genişləndiril­məsindən narahat olan qüvvələr son zamanlar fəallaşıblar. Azərbaycanın yeritdiyi müstəqil xarici siyasət, dövlətlərarası münasibətlərdə nümayiş etdirdiyi balanslı mövqe anti-Azər­baycan qüvvələri təşvişə salıb. Belələri ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün yalan və böhtanlardan əl çəkmir, cəfəng bəyanatlar yayırlar. Bəzi hallarda Kremlə yaxın dairələr tərəfindən də ikitərəfli münasibətlərə kölgə salan bəyanat və uydurmalarla dolu açıqlamalar yayılır. Bu məsələdə Rusiya Dövlət Dumasının ermənipərəst deputatları özlərini “daha fəal” göstərməyə çalışırlar. 

Qatı ermənipərəst mövqeləri ilə seçilən de­putatlar Konstantin Zatulin və Sergey Mironovun sırasına daha biri–Pyotr Tolstoy da qoşulub. O, böhtan və yalan üzərində qurulmuş açıqlama­sında postsovet məkanına daxil olan dövlətləri, o cümlədən, Azərbaycanı, Ermənistanı, Ukray­nanı Rusiyadan asılı ölkələr sırasına daxil edir, Moskvasız inkişafın mümkünsüzlüyünü bildirir.

Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolsto­yun bu sayıqlamaları ilə əlaqədar Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə müba­rizə komitəsinin sədri Ziyafət Əsgərova müra­ciət etdik. Komitə sədri dedi ki, Pyotr Tolstoyun açıqlaması heç bir halda başadüşülən deyil, iki ölkə arasında mövcud münasibətlərə və bunu tənzimləyən müqavilələrə xələl gətirir. 

Komitə sədrinin fikrincə, Azərbaycanla Ru­siya arasında 22 fevral 2022-ci tarixli müttəfiq­lik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni xatırlatmaq kifayətdir ki, hər şey aydın olsun: “Həmin bəyannamədə hər iki dövlətin müstəqil­liyi, suverenliyi, ərazi bütövlüyü, eyni zamanda, bir-birlərinin daxili işlərinə qarışmaması xüsusi vurğulanıb. Hesab edirəm ki, Pyotr Tolstoy bu bəyannaməni təsdiq edən Rusiya Prezidenti Vla­dimir Putinin imzasına hörmətlə yanaşmalıdır. İkincisi, Azərbaycan 30 ildən artıqdır ki, müstəqil dövlətdir, müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan heç kimdən asılı deyil. Azərbaycan Rusiya ilə münasibətlərdə beynəlxalq hüququn bərabər subyektliliyi prinsipinə əsaslanır”.

Z.Əsgərov Azərbaycanın müstəqilliyinin əbədi olduğunu vurğulayaraq dedi ki, Rusi­yada Azərbaycanla əlaqələrə kölgə salan Zatu­lin, Milonov kimilərinin sayı yüksələn xətt üzrə çoxalır. Onların sırasına qoşulan Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması da dövlətlərarası münasibətlərə xələl gətirir. Son zamanlar Rusiya mediasında da anti-Azərbay­can ab-havası artır, ölkəmizin ünvanına böhtan və şantajla dolu kəskin hücumlar özünü açıq büruzə verir: “Qırx dörd günlük Vətən mühari­bəsi bir daha Azərbaycanın hansı gücə malik olduğunu göstərdi. Rusiyanın belə rəsmi şəxs­ləri bunları nəzərə almalıdırlar. Dağlıq Qarabağ və “Stepanakert” kimi anlayışlar isə artıq tarixin arxivinə qovuşub. 

Pyotr Tolstoy “bəlkə də qaytardılar” xülyası ilə yaşayırsa, bilməlidir ki, qatar artıq çoxdan gedib və bununla razılaşmalıdır. Hamı bilməlidir ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisin­də prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləməlidir və tənzimləyir. Qarabağdakı er­mənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla, bütün məsələlər bu konteks­tdə qiymətləndirilməlidir. Bu, zəruri prosesdir və bu prosesə maneçilik törədilməsi cəhdləri mə­nasızdır”.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Siyasət