Zaman məğlubu ağıllandırır, yoxsa...

post-img

Artur Tovmasyan: Biz tankları traktorla, silahları əmək alətləri ilə əvəz etməliyik

Şəxsən mən inana bilməzdim ki, Xocalı faciəsini törətmiş, Azərbaycan ərazilərinin 20 faizini otuz il işğal altında saxlayaraq viranəyə çevirmiş xalqın təmsilçisi nə zamansa bu fikirləri səsləndirə bilər. Hər gün, hər saat, dünyanın hər yerində Azərbaycanın əleyhinə ağlagəlməz böhtanlar, cəfəngiyyatlar səsləndirən işğalçı, terrorçu və təxribatçılarla yanaşı, həqiqəti dilə gətirməyi bacaran erməni də var imiş.

Söhbət uydurma Artsax dövlətinin qondarma parlamentinə “sədr”lik edən, “Azat ayrenik” (Azad Vətən) partiyasının təsisçisi olmuş, parlamentdəki “Vətən” fraksiya­sına rəhbərlik etmiş, indi Ermənistan Parlamentindəki Respublika partiyasını təm­sil edən Artur Tovmasyanın son günlər yayılan bəyanatından gedir. O, yazır ki, Azərbaycan çoxmillətli ölkədir, min illər boyu biz burada çiyin-çiyinə yaşamışıq və bu gün də öz qonşularımızla bərabərhüquqlu vətəndaş kimi yaşaya bilərik. 

Erməni deputat israr edir ki, onun xalqı sülhpərvərdir, əmək­sevərdir, mehriban qonşuluq müna­sibətlərinin yaradılmasına çalışan­dır və regiondakı mövcud vəziyyət, mütləq siyasi yolla həll edilməlidir. İndi mən bilmirəm, ermənilər Xocalı faciəsini törədəndə və ya Azərbay­can ərazilərini işğal edəndə, şəhər­lərimizi xəritədən siləndə həmin addımları siyasi yolla atmışdılarmı? Atmamışdılarsa, Tovmasyan kimi aldadır? 

Tovmasyanın bu fikirlərində və “Belə olan halda biz tankları trak­torla, silahları əmək alətləri ilə əvəz etməliyik” çağırışındakı müsbət tendensiyanı təqdir etsək də, orta­da bir erməni hiyləgərliyinin olduğu da göz qabağındadır. Çünki biz er­mənilərin bu əraziyə son iki əsrdə köçürüldüyünü tarixi sənədlərlə sübut etsək də, Tovmasyan kimisə inandırmağa çalışır ki, biz min illər­dir ki, burada yaşayırıq. Yalandır!

Onun başqa bir yalanı isə “Ötən il dekabrın 12-dən biz həbsxana re­jimində yaşayırıq” – ifadəsində özü­nü göstərir. Guya, bizim təbiətsevər könüllülərimiz Şuşa–Laçın yolunda etiraz aksiyasına başlayandan son­ra onlar ətraf aləmlə əlaqə saxla­ya bilməyiblər. Ağ yalandır! Çünki dünya mətbuatı Laçın–Xankəndi yolunun bütün humanitar məsələlər üçün açıq olduğunu hər gün yazıb və göstərib. 

Yeri gəlmişkən, Artur Tovmas­yanın Xankəndidə oturaraq Ermə­nistanın problemləri haqqında yaz­dıqları da maraqla qarşılanır. Onun iyulun 20-də “Kalibr”də verilmiş “Er­mənistan demoqrafik böhranın as­tanasındadır” adlı məqaləsi işğalçı ölkə üçün həyəcan təbili ola bilər. Ancaq bu yazıda da “iri qabaritli” yalanlar var. Məsələn, bu adam de­yir ki, gizli sövdələşmələrə gedən­lər (ifadəyə bax ha...) SSRİ-ni da­ğıtmasaydılar, Ermənistan əhalisi 2000-ci ildə 4 milyon 650 min nəfər olardı. Onun fikrincə, son otuz ildə Ermənistan əhalisi nəinki artmayıb, əksinə, bir milyon azalıb. 

Müqəssir isə dövlətdir. Döv­lət həm gənclərin ailə qurmasına zəmin yaratmır, həm də istənilən valideynə məhz gəlir mənbəyi kimi baxır. Bunun nəticəsidir ki, təkcə bu il Ermənistanın ali məktəblərin­də 350 ödənişsiz, 8764 isə ödənişli tələbə yeri boş qalıb. Yəni Ermə­nistan heç zaman görünməmiş bir demoqrafik problem yaşayır və o, artıq “əhalisi qocalmış” ölkələr siya­hısına daxildir. Bütün bunları sada­layan Tovmasyan sonda soruşur ki, “siçanların oynadığı” ciblərlə əhalini necə artırmaq olar?

Bu adamın iyulun 15-də “Pa­norama.am” erməni saytında ve­rilmiş başqa bir yazısını oxuyan­da isə belə qənaətə gəldim ki, o, həqiqətən “ağır” xəstədir. Belə ki, son günlər “biz azərbaycanlılarla mehriban qonşular kimi yaşama­ğa hazırıq”-deyən və bu məqsədlə tankların, silahların mülki texnika ilə dəyişdirilməsini təklif edən Tov­masyan beş gün əvvəl BMT Təh­lükəsizlik Şurasının üzvlərinə xita­bən yazıbmış ki, dünya dövlətləri “xilas naminə” Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. 

Yəni, doğrudanmı, o, 44 gün­lük İkinci Qarabağ müharibəsin­dən sonra aparılan danışıq və müzakirələrin heç birində “Dağlıq Qarabağ” ifadəsinin işlədilmədi­yindən xəbərsizdir? Xəbərsizdirsə, “o boyda” parlamentə necə sədrlik edir? Xəbəri ola-ola müstəqillikdən dəm vurursa, deməli, bu qeyri-ciddi adamdan nəinki parlament sədri, heç briqadir olmaz. 

Sonda bir daha yazının sərlöv­həsinə qayıtmaq zərurəti yaranır: “Yox, hələ heç bir erməni ağıllan­mayıb. Deməli, hələ “dəmir yum­ruğ”a ehtiyac ola bilər”. 

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Siyasət