Uorlikin “müstəqil status” cəfəngiyyatı

post-img

Düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı. ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun amerikalı keçmiş həmsədri Ceyms Uorlikin Ermənistanın “news.am” portalında yayımlanmış “Güc faktoru” verilişində söylədiklərini məhz bu cür qiymətləndirmək mümkündür. 

Yəni, indiki halda Uorlik İrəvan üçün saqqal darağından başqa bir şey deyil. Əlbəttə, bəzi məqamlarda bu “darağ”ın gerçək faydalarını da nəzərdən qa­çırmaq olmaz. Hərçənd, inanmırıq ki, Ermənistanın xəstə ictimai rəyi həmin faydanı görür, sabiq həmsədrin bildir­diklərində avantürizm üçün tutacaq yeri axtarmır.

Amerikalı diplomat ermənipərəstliyə bulaşmış həyasızlığını işə salaraq bildirir ki, guya, Prezident İlham Əliyev Qarabağa Azərbaycanın tərkibində status verməlidir və məsələ danışıqların predmetinə çevril­məlidir. Yalnız bu fikrə söykənib 44 günlük müharibəyə qədərki müddətdə Minsk qru­pu adlandırılan qurumun ədalətsiz institut təsvirini cızmaq mümkündür. Sanki onun həmsədrləri də xüsusi seçilmiş adamlar olublar. Bitərəf sifətində Ermənistanın mənafeyini qoruyublar. 

Bu baxımdan Uorlik kifayət qədər unikal nüsxədir. Belə olmasaydı, dilinə cəfəngiyyat gətirməz və nəzərə alardı ki, zamanında Azərbaycan Qarabağa ən yüksək səviyyəli muxtariyyət verməyə hazır idi, lakin Ermənistan bunu istəmirdi. Həm də ona görə istəmirdi ki, Qarabağı öz ərazisi kimi görürdü. Sadəcə, bunu açıqdan-açığa dilə gətirməyə cəsarəti çatmırdı. Elə ki, inqilab eyforiyasına bü­rünmüş baş nazir Nikol Paşinyanın timsa­lında “cəsarət tapdı”, müharibə başladı. Azərbaycan savaşda qan tökərək qalib gəlib öz haqqına sahiblənibsə, o zaman nə üçün köhnə varianta qayıtmalıdır? Hər şeydə məntiq olmalıdır, axı... 

Bəli, cənab Uorlik bu yerdə son dərə­cə məntiqsiz danışır. Onun sözlərinə görə, Azərbaycan hökuməti Qarabağın de-fakto hakimiyyəti, yəni separatçı reji­min təmsilçiləri ilə fövqəladə əhəmiyyət daşıyan məsələləri müzakirə etməlidir və statusla bağlı belə dialoqun aparılması vacibdir. Diplomat bu sayaq yaramaz fi­kirlərini gündəmə gətirərkən, elə fon yara­dır ki, sanki söylədikləri problemin həllinin səmimi atmosferə köklənməsi naminədir. 

“Dağlıq Qarabağ xalqı” kimi sərsəm ifadəni dilə gətirən Uorlikin fikirlərindən anlaşılan odur ki, Qarabağın erməni əhalisinin bölgədən kənarda da ehtiyac duyduğu vacib hüquqlar və təminatlar var. Görünür, o da Ermənistanın bu haq­ları verməsinin qeyri-mümkünlüyünü bilir. Ona görə, belə demək mümkünsə, Azər­baycana pənah gətirir. Adamın həyasızlı­ğı isə ondadır ki, ölkəmizi hüquq, təhlükə­sizlik və digər təminatlar verən qismində qəbul etsə də, erməni avantürizmi üçün plasdarm formalaşdırmağı da unutmur. 

Uorlik, faktiki olaraq, “Bakı Qarabağ ermənilərinə istədiklərini versin” deyimini aktuallaşdırır. Nəzərə almır ki, yetmiş ilə yaxın müddətdə onlara istədiklərini ver­miş Azərbaycan yekunda otuz ilə qədər davam etmiş işğalla üzləşdi. Sabiq həm­sədr keçmişin dərslərini nəzərə almaya bilər. Ancaq onun bu dərsləri ölkəmizin götür-qoy etməyəcəyini düşünməsi bö­yük qəbahətdir. Nə yaxşı şey imiş, Qara­bağ ermənilərinə status da verək, digər hüquq və azadlıqları da! Bəlkə, Bakının mərkəzindəki erməni evlərini də qaytaraq ki, yaxşı yaşayıb yenidən üzümüzə ağ ol­maq üçün güc toplasınlar?!

***

Yaşamaqdan söz düşmüşkən, cənab Uorlik bildirib ki, vaxt gələcək, ermənilər və azərbaycanlılar dinc və təhlükəsiz şə­raitdə yanaşı yaşaya biləcəklər. Əlbəttə, onun belə düşünməsində nöqsan yoxdur. O anlamda ki, bütün qanlı-qadalı müha­ribələr sülhlə yekunlaşıb. Dünyanın ən müxtəlif yerlərində birgə yaşayan elə xalqlar var ki, vaxtilə, necə deyərlər, xan­çal-bıçaq olublar. 

Bəli, bu anlamda da Uorlik haqlıdır ki, dinc və yanaşı yaşamaq üçün etimad qu­ruculuğu tədbirlərinə ehtiyac var. Tutalım, bu tədbirləri Azərbaycan görməlidir. Əs­lində, görür də. Müharibədə darmadağın etdiyi bir ölkəyə əlini uzadır. Ancaq o ölkə həmin əli sıxmaq üçün naz edir, nazına siyasi motivlər qatmağa çalışır. Üstəlik, Qarabağ ermənilərini ayrıca zümrə kimi təqdim etməklə, separatçılıq üçün miras saxlamaq niyyəti güdür. Görəsən, Uorlik özünün beynəlmiləlçi zəngulələrini vu­randa bunu düşünüb görmürmü? Hesab edirik ki, “Azərbaycan Qarabağa status verməlidir” deyən bir şəxs bütün oyunları gözəl bilir, sadəcə olaraq, ermənipərəstlik mərəzinə ciddi şəkildə yoluxub. 

***

Əlqərəz, Uorlik bəlkə də nadir si­yasətçidir ki, Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı məsələlərdən da­nışarkən, dilinə “alicənablıq” sözünü gə­tirir. Sual olunur: Bakı alicənablığını necə göstərməlidir? Ölkəmizin rəhbərliyi Qara­bağ ermənilərini vətəndaşı olduqları ölkə­nin paytaxtına dəvət edir. Onların, ameri­kalı diplomatın təbirincə desək, təhlükəsiz və əmin-amanlıq şəraitində yaşamaları ilə bağlı müzakirə aparsın. Amma çağırışa əhəmiyyət verən yoxdur. 

Uorlik onu da nəzərə almır ki, dəvət­lərdən imtina Qarabağı ayrıca dövlət kimi görmək avantürasıdır. Bəli, ayının min oyunu bir armudun başındadır. Ermənis­tanın və havadarlarının, ümumən dünya erməniliyinin hazırda çalışdığı odur ki, Qarabağda gələcək ekstermizm üçün baza saxlanılsın. Bölgənin erməni əhali­sinin hüquq və təhlükəsizliyi məsələsinin qabardılması yalnız buna xidmət edir. Hər halda, Uorlik bu məsələdən də xəbərsiz deyil. Belədə onun Bakının alicənablıq göstərməli olduğunu deyərkən, konkret nəyi nəzərdə tutduğunu müəyyənləşdir­mək son dərəcə çətindir. 

Bəli, amerikalı diplomatın Azərbay­canın alicənablığı məntiqini qabartması yersizdir. Ona görə ki, ölkəmiz müxtəlif millətlərin, dini inanca və etiqada sa­hib şəxslərin dinc və birlikdə yaşadıqları məmləkətdir və bu şəxslər vətəndaş kimi ən üstün hüquqlara sahibdirlər. Qarabağ erməniləri özlərini yaxşı aparsalar, eyni hüquqlardan bəhrələnə biləcəklər və bu­nun üçün təminat Azərbaycanın Kons­titusiyasıdır. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə mövcud məqamı vurğulayaraq, bir növ şans verib. Bölgə­nin erməni əhalisinin həmin şans daxi­lində nəzərdə tutulmayan imtiyaza malik olması, əvvəla, qanunsuzluqdur, digər tərəfdən isə belə bir halın baş verməsi ölkəmizdəki digər xalqlara və etnik qrup­lara münasibətdə hörmətsizlikdir. Bakı nə üçün ayrı–seçkilik etməlidir?

Görünür, Uorlik fikrini izah etmək üçün münasib ifadə tapmayıb, çünki burada ümumiyyətlə söhbət alicənablıqdan gedə bilməz. Həm də ona görə gedə bilməz ki, ortada üç mindən artıq şəhid qanı var. O qanın axmasına səbəb olan bütün mənfi meyillər birmənalı şəkildə aradan qalx­malıdır. O cümlədən, amerikalı diplomatın Bakı ilə görüşdürmək istədiyi separatçıla­rın qondarma hakimiyyəti. 

***

Əvvəldə də vurğuladığımız kimi, C.Uorlikin bildirdiklərində Ermənistan üçün faydalı məqamlar var. Ən böyük fay­danı isə onun keçmişə nəzərən dilə gə­tirdiklərinin yekunu olaraq sonda diqqətə çatdıracağıq. Hələlik isə deyək ki, keçmiş həmsədr Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin sabiq hakimiyyətinin 2007-ci ildə Madrid prinsipləri əsasında danışıqlara razılıq verməklə, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığına və bunun nəticə etibarilə bölgənin erməni əhalisinin uzaq gələcəkdə öz müqəddəra­tını təyin etmək, hansısa status almaq im­kanını sıradan çıxardığına dair fikirlərinə də münasibət bildirib. O vurğulayıb ki, həmsədrliyi dövründə danışıqlar masası üzərində nizamlanma variantı var idi və bu varianta dövlət başçıları razılıq ver­səydilər, vəziyyət başqa cür olardı: “Mə­nim həmsədrliyim dövründə belə bir qə­rarla bağlı razılıq əldə olunsa, Ermənistan üçün daha əlverişli vəziyyət yaranardı. Bu, müharibə və münaqişə nəticəsində baş verməməli idi. Amma, bu, keçmişdə qalıb”.

Əlbəttə, cənab Uorlik məsələnin artıq keçmişdə qaldığını bildirməkdə haqlıdır. Diplomat onda da haqlıdır ki, müharibə reallığını doğurmayan durum Ermənistan üçün əlverişli idi. Axı, o zaman Azərbay­can indiki qədər maksimalist mövqedən çıxış etmirdi və daha çox Qarabağın han­sı şərtlərdə olursa-olsun, öz tərkibində qalmasını istəyirdi. Ermənistan isə ək­sinə, çalışırdı ki, danışıqlardan yayınsın və işğal etdiyi əraziləri özündə saxlasın. Yəni, İrəvanın hansısa ikinci varianta ra­zılıq verməsindən söhbət getmirdi. 

Ermənistanın o zamankı iqtidarı istə­yirdi ki, vaxt uzansın və Qarabağ möv­zusu Azərbaycanın siyasi-ictimai gündə­mindən tamamilə silinsin. Erməni beyin mərkəzləri bunun üçün hesablamalar da aparmış və müddət müəyyənləşdirmiş­dilər ki, status-kvo tutalım beş, on, on beş il və daha artıq saxlanılsa, ölkəmizdə nə­sil dəyişikliyinin baş verməsi ilə Qarabağ və işğal edilmiş digər ərazilər məsələsi yaddan çıxacaq. Görəsən, Uorlikin bun­dan xəbəri yox idi? İnanmırıq. Hər halda, o, həmin zaman kəsiyində Ermənistanda Qarabağın və digər işğal edilmiş torpaq­ların ölkənin ərazisi kimi göstərildiyi xə­ritələrin dövriyyəyə buraxıldığını bilməmiş olmazdı. Bilirdi, amma təmsilçiliyini apar­dığı həmsədrlik institutu belə yaramazlıq­lara qarşı fikir bildirmirdi və faktiki olaraq erməni maraqlarının müdafiəsini reallaş­dırırdı. 

İndi isə Uorlik həmin maraqların mü­dafiəsi üçün tutacaq yer tapa bilmir. Ona görə mövzunu təkrarən Qarabağ ermə­nilərinə status məsələsi üzərinə gətirib cəfəngiyyata köklənir. Hələ onu da bildirir ki, status məsələsinin hazırda Azərbay­canla Ermənistan arasındakı danışıqla­rın gündəmində olduğuna əmindir. Sabiq həmsədrin, siyasi korafəhmliyinin əsas göstəricisi isə budur ki, o, keçmişdəki sta­tus məsələsi ilə hazırkı status məsələsi arasında müqayisə aparır. Bu, azmış kimi, izah da edir ki, indi söhbət müstəqil status almaqdan getmir və başlıca məqam “Qa­rabağ xalqının Azərbaycanın bir hissəsi kimi sülh və təhlükəsiz həyat üçün hüquq və öhdəliklərinin tanınmasındadır”. 

Ancaq Uorlik bəlkə özü də bilmədən vacib bir məsələni aşkara çıxarır. Yazı­mızda “ayının min oyunu bir armudun başındadır” misalı kontekstində vurğula­dıq ki, Ermənistan Qarabağı öz tərkibinə qatmaq istəyirdi. Uorlik isə indi söhbətin müstəqil statusdan getmədiyini bildirmək­lə, əslində, təmsil olunduğu həmsədrlik instututunun tam səmərəsiz bir işlə məş­ğul olduğunu yenidən sübuta yetirir. Belə çıxır ki, bu institut Qarabağın və digər ərazilərimizin işğalını, bir növ, leqallaş­dırmaqla məşğul imiş. Hər halda, onun “müstəqil status” məntiqinə başqa ad tap­maq qeyri-mümkündür. Müstəqil status, yoxsa müstəqil dövlət?!

***

Gələk, C.Uorlikin söylədiklərinin kul­minasiya nöqtəsinə. Yəni, erməni müx­birin avantürizmə köklənmiş sualına verdiyi cavabına. Sual belə idi ki, Ermə­nistan 2020-ci il müharibəsindən sonra Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünü tanıya və xalqların öz müqəddəratını təyinetmə prinsipinin təb­liğ edə və ya heç olmasa, status məsələ­sini təxirə salmaqda israrlı ola bilərdimi? 

ATƏT-in keçmiş Minsk qrupunun amerikalı sabiq həmsədrinin sözlərinə görə, Azərbaycan həmişə ərazi bütövlü­yü prinsipində, Ermənistan isə millətlərin öz müqəddəratını təyin etmək və status məsələsinin müzakirəsində israrlı olub: “Amma bu, artıq keçmişdə qalıb. Biz ol­duğumuz yerdəyik. Ermənistan hökuməti və Qarabağ xalqı mövcud vəziyyəti qəbul etməli və Qarabağın erməni əhalisinin hüquqlarını təmin edən həll yoluna çalış­malıdır”.

Bu yerdə sonda diqqətə çatdıracağı­mızı bildirdiyimiz məqamdan söz açaq. Uorlik də digər ermənipərəstlər kimi, nə qədər manipulyasiyalar etsə də, Ermənis­tanın reallıqları qəbul etməsinin vacibliyi­ni vurğulayır. O, nə qədər çək-çevir etsə də, Azərbaycanın gücü qarşısında duruş gətirilməsinin mümkünsüzlüyünü dilə gə­tirir, müqavimətin səmərəsizliyini aşılayır. Yəni, faktiki olaraq bildirir ki, indiki durum­da Bakının iradəsinin əksinə getmək mə­nasızdır. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət