Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qərb formatının Brüssel raundu çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüş iyulun 15-də keçiriləcək. Baxmayaraq ki, əvvəl təmasın iyulun 21-də baş tutacağı açıqlanmışdı.
Baş nazir Nikol Paşinyan dünən ölkə hökumətinin iclasındakı çıxışı zamanı üçtərəfli görüşdə iştirakını təsdiqlədiyini bildirib. “Mən artıq bu görüşdə iştirakımı təsdiqləmişəm. Ümid edirəm ki, sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq”, – deyən Paşinyan iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə dövlət komissiyalarının dördüncü iclasının da reallaşdırıldığını xatırladıb.
***
Əlbəttə, diqqət çəkən ilk məqam Cənubi Qafqaz liderlərinin təmasının vaxtının tezləşdirilməsidir. İndiyədək belə bir hal yaşanmamışdı. Hazırkı durum nədən xəbər verir, konkret söyləmək çətindir. Ancaq ehtimal etmək olar ki, razılaşdırılmış müəyyən ciddi məqamlar var və görüş həmin məqamların tez bir zamanda rəsmiləşdirilməsi məqsədini daşımaqdadır. Əlbəttə, bəzi detalların dərhal dəqiqləşdirilməsinə duyulan ehtiyac amili də vurğulanmalıdır.
İkinci məqam. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün dəqiq tarixinin artıq bilindiyi bir vaxtda ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin hər iki ölkə liderinə zəngi də maraq doğurmaqdadır. Bu, bir daha onu göstərir ki, Vaşinqton kollektiv Qərbin Cənubi Qafqaz tənzimlənməsi üzrə vasitəçilik missiyasında özünün öncül mövqe tutduğunu nümayiş etdirir.
Digər tərəfdən, yada salaq ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sonuncu görüşü iyunun 27-29-da Birləşmiş Ştatların paytaxtında gerçəkləşmişdi. Təcrübəyə söykənsək, görərik ki, XİN rəhbərlərinin bu il mayın 1-4-də ABŞ-da bir araya gəlməsindən sonra həmin ayın 14-də ölkə liderlərinin Brüsseldəki təmasında konkret irəliləyişə nail olunmuşdu. Ermənistanın baş naziri Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 kvadratkilometrlik ərazidə suveren hüquqlarını tanıdığını bildirmişdi. Görünür, indi Blinkenin zəngi, belə demək mümkünsə, incəliklərin yenidən nəzərdən keçirilməsi məramından irəli gəlir. Deməli, sabah daha ciddi irəliləyişlərin qeydə alınacağını ehtimal etmək mümkündür. Dövlət Departamentinin rəhbəri isə həmin nəticələri riskə atmaq istəmədiyindən zəngə üstünlük verir.
***
Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığının məzmununa gəlincə, ilk növbədə, vurğulayaq ki, Azərbaycan Prezidentin mətbuat xidməti cənab İlham Əliyevin ABŞ-ın Dövlət katibi ilə təmasına dair məlumat yayıb. Blinkenin Paşinyanla danışığı barədə isə birinci özünün Tvitter sosial şəbəkəsindəki hesabında paylaşım edib. Sual yaranır: nə üçün Ermənistan hökuməti cəmiyyətə ABŞ rəsmisinin zəngi kimi vacib məsələ ilə əlaqədar xəbər ötürməyib?
Beləliklə, A.Blinken dövlətimizin başçısı ilə söhbətində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd–gömrük– buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq, dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev isə ölkəmizin Ermənistanla sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq, onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı A.Blinkenin və ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.
Ölkəmizin lideri, həmçinin Laçın sərhəd–gömrük –buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.
ABŞ Dövlət katibi baş nazir N.Paşinyanla iyulun 12-dəki telefon danışığına toxunaraq bunları yazıb: “Mən dünən Ermənistanın baş naziri Nikol Paşinyanla danışdım ki, Azərbaycanla sülhün təminatı istiqamətində davam edən səylərə güclü dəstəyimi bir daha bildirdim. Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhün yeganə yoludur və mən buna öz töhfəmi verməyə hazıram”.
***
Ancaq onu da deməliyik ki, N.Paşinyanın ölkə hökumətinin iclasında söylədikləri Brüssel görüşü öncəsi heç də pozitiv düşünməyə imkan vermir. Erməni baş nazir Azərbaycanı ittiham məntiqinə söykənərək bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizi ilə sərbəst və maneəsiz gediş-gəlişin təminatına dair məcburi qərarı, Azərbaycanın Qarabağda apardığı etnik təmizləmə siyasətinə qarşı çıxmaq üçün Qarabağ problemi ətrafında daha geniş beynəlxalq “konsolidasiyaya” imkan yaradır. “Bu mənada Bakı ilə Stepanakert (Xankəndi -red.) arasında beynəlxalq mexanizm çərçivəsində Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsi gündəliyi olan dialoq son dərəcə vacibdir”, – deyən Nikolun fikirlərinin pozuculuq mahiyyəti daşıdığı aşkardır. Çünki Azərbaycanın Bakı-Xankəndi dialoqu kimi sərsəm məntiqi yaxın buraxmadığı gün kimi aydındır.
***
Bu arada Azərbaycan və Ermənistan liderlərinin iyulun 15-də keçirilməsi qətiləşmiş Brüssel görüşünə Rusiyadan da reaksiya gəlib. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NEWS.ru saytına bildirib ki, Moskva Bakı və İrəvan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir. Ancaq onun sözlərindən belə anlaşılıb ki, görüş barədə nəticə çıxarmaq hələ tezdir. “Biz davamlı sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyirik. Ona görə də görüşün nəticələrinə əsasən fikir bildirmək lazımdır”.
Ancaq Zaxarovadan fərqli olaraq, onun amerikalı həmkarı nikbinliyini gizlətməyib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə təmsil olunduğu qurumun may ayına aid şərhlərində rast gəlinən “Ermənistanla Azərbaycan arasında sülh çox yaxındır, razılaşma mövcuddur” fikrinin konkret nə demək olduğuna münasibət bildirib. O, ayrı-ayrı detallardan söz açmasa da, bunları deyib: “Bu, o deməkdir ki, onlar (Azərbaycan və Ermənistan – red.) bir sıra məsələlərdə ciddi irəliləyiş əldə ediblər. Sonuncu görüşdə həll edilməmiş məsələlərin sayını azaltdılar. Ona görə düşünürük ki, həlli tapmalı olan daha az problemlə razılaşma əldə etmək mümkündür”.
Amerikalı rəsminin sözlərindən belə qənaətə də gəlmək mümkündür ki, daha konkret nəticə tərəflərin nə dərəcədə güzəştə getməyə hazır olmasından asılıdır. Deməli, nəzərlər sabahkı Brüssel görüşündə olacaq.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”