Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
İyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirildi. Mətbuat təmsilçiləri bu mötəbər təşkilatın paytaxtımızdan bütün dünyaya mesajlar verən möhtəşəm tədbiri haqqında, xüsusən, müzakirələrin ikinci günü imzalanan Bakı Bəyannaməsi barədə təəssüratlarını yekunlaşdırmamış həmkarlarımız daha bir mühüm tədbirin anonsunu manşetə çıxardılar: İyulun 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın rəsmi qarşılanma mərasimi olub.
Bu qonağın Bakıda keçirdiyi görüşlər, aparılan müzakirələr, əldə edilən razılaşmalar və müəyyən edilmiş yeni əməkdaşlıq sahələri haqqında formalaşdırılan xəbərlərin mürəkkəbi qurumamış eşitdik ki, Bakıda “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Maldiv Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Yəni, dünya ictimaiyyəti öz qarşısında iqtisadi cəhətdən güclü, siyasi-diplomatik müstəvidə qətiyyətli, hərbi sahədə qüdrətli Azərbaycan dövlətini gördükcə, rəsmi Bakı ilə əməkdaşlıq, dostluq etmək istəyən ölkələrin sayı durmadan artır. Ancaq biz ölkəmizin dostlarının artmasının səbəbini bu faktlarla əsaslandırmağımıza baxmayaraq, beynəlxalq ictimaiyyətin müxtəlif qütblərini təmsil edən ekspertlər rəsmi Bakı ilə əməkdaşlığa maraq göstərənlərin sayının artmasını müxtəlif amillərlə əsaslandırırlar. Məsələn, ABŞ ekspertləri yazırlar ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığına görə biz hamımız bu ölkə ilə əməkdaşlığa mühüm önəm verməliyik. Avropa siyasətçiləri və qanunvericiləri Azərbaycandakı daxili sabitliyi yüksək qiymətləndirir, Qoşulmama Hərəkatına üzv olan dövlətlər Prezident İlham Əliyevin təşəbbüskarlıq və qətiyyətini. Türkdilli Dövlətlər Təşkilatındakı tərəfdaşlarımız ölkəmizdəki xalq–iqtidar birliyini üstün tuturlar, İslam dünyasındakı dostlarımız milli-mənəvi dəyərlərə böyük önəm verməyimizi, dünya yəhudiliyi isə hamıya nümunə olacaq multikulturalizm siyasətimizi bayraq edirlər. Dünyanın ən güclü dövlətlərindən olan Çin isə Qədim İpək Yolunun yeni variantı olan Şanxay–London iqtisadi layihəsinin reallaşdırılmasına xüsusi töhfələr verdiyimizə görə, daim Bakının mövqeyini dəstəkləyir.
Bu məqamda xatırladım ki, bu il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda dünya ekspertlərinin suallarını cavablandıran Prezident İlham Əliyev demişdi ki, bizim beynəlxalq aləmdəki nüfuzumuzun artması siyasi-diplomatik fəaliyyətimizə verilən qarşılıqların göstəricisidir.
Dövlət başçımızın dostlarımız haqqında danışarkən Türkiyənin adını daha əvvəldə çəkməsi də təsadüfi deyildi: “Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada, bu binadan bir neçə metr aralıda imzalanmışdır. Bu, tarixi hadisə idi. Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik. Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir”.
Dövlət başçımız həmin tədbirdə xatırlatmışdı ki, biz Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq sazişini və bəyannaməsini imzalamışıq: “Beləliklə, bu, üzv dövlətlərin üçdəbirini təşkil edir. Fərqi yoxdur, strateji tərəfdaşlıq haqqında imzalanmış və ya qəbul edilmiş bəyannamələr assosiasiya sazişindən daha böyük dəyərə malikdir”.
Azərbaycan Prezidenti bir neçə gün əvvəl – iyulun 4-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə milli bayram münasibətilə ünvanladığı təbrik məktubunda yazırdı ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir: “Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir”.
Dövlət başçımız beynəlxalq aləmdəki iqtisadi layihələr barədə danışarkən, daim Çin iqtisadiyatına da toxunur. Prezident bu il yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibədə demişdi ki, biz müştərək faydanı görməyi öyrənməliyik: “Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Çinin artıq yeni bir dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını bilirəm – Çin-Qırğızıstan-Özbəkistan. Bu layihə də bizə, Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Orta dəhlizin parlaq gələcəyi var”.
Bəli, Azərbaycan hamıya açıq ölkə olduğuna görə dostları da daim çoxalır, tərəfdaşları da. Elə ona görə də paytaxtımız hər gün qonaq-qaralıdır.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”