Albaniya Avropada mötəbər tərəfdaşımızdır

post-img

Azərbaycan–Albaniya ikitərəfli münasibətlərinin uğurla inkişafında enerji sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biridir. Bu dost və tərəfdaş ölkələrin prezidentlərinin iyulun 7-də Bakıda keçirilən geniş tərkibdə görüşündə dövlətimizin başçısı hər iki dövlət arasında sıx dostluq əlaqələrinin qurulduğunu, siyasi dialoqun yüksək səviyyədə davam etdirildiyini dəyərləndirərək, bunun mövcud münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm amil olduğunu, enerji və iqtisadi inkişaf sahələrində praktiki fəaliyyətdə özünü qabarıq göstərdiyini bildirib. 

Prezident İlham Əliyev daha sonra deyib: “Hazırda Azərbaycanla Albani­ya əməkdaşlığının perspektivləri çox parlaqdır. Çünki burada bizim dostlu­ğumuz, qarşılıqlı maraq və gələcəklə, eləcə də ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndiril­məsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var. Əlbəttə, əməkdaşlığın əsası­nı təşkil edən mühüm amil enerji sahə­sinin inkişafı məsələləridir və biz artıq Sizinlə bu məsələyə toxunduq... Bizim bu istiqamətdə daha çox planlarımız var və bu məsələlər mənim Albaniya­ya səfərim çərçivəsində, həm də digər rəsmi şəxslər səviyyəsində müzakirə edilib”.

İki ölkə arasında iqtisadi əmək­daşlığın uğurla gerçəkləşdirilməsi prezidentlər İlham Əliyev və Bayram Beqayın mətbuata bəyanatlarında da öz ifadəsini tapıb. Dövlətimizin başçı­sı Azərbaycan sərmayədarlarının Al­baniyada istər turizm, istərsə də kənd təsərrüfatı və ya hər hansı digər sahə­də investisiya layihələrini ciddi araşdır­mağa hazır olmalarını da qeyd edib. Ölkə rəhbəri, eyni zamanda, hər iki dövlətin əməkdaşlığında əsas meyarın enerji sektoruna aid olmasını xüsusi vurğulayıb. 

Dövlət başçılarının istər geniş tər­kibli görüşlərində, istərsə də birgə bəyanatlarında vurğulandığı kimi, iki dövlət arasında əməkdaşlıq münasi­bətləri nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər dövlətlər, xüsusən də Cənub Qaz Dəhlizinin (CQD) əsas hissələrindən biri olan TAP üçün əhə­miyyətlidir. Həmin boru kəməri Albani­yanın ərazisindən keçir. Hazırda kəmər enerji təhlükəsizliyinin mənbəyidir, Azərbaycan və Avropa İttifaqının (Aİ) qaz təchizatı sahəsində fəal işini əks etdirir. Bununla yanaşı, Aİ ilə Azərbay­can arasında imzalanan Enerji sahə­sində Strateji Tərəfdaşlıq sənədinə əsaslanılaraq ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyar kimi dəyərləndirilir. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həm­çinin CQD vasitəsilə təmin edilir. Hə­min dövlətlərin sayı isə getdikcə artır və Aİ bazarına Azərbaycanın təbii qaz ixracı coğrafiyası genişlənir.

Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrast­rukturu layihəsi olan CQD hazırda dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Aİ üçün prioritet enerji layihələrindən biri olan CDQ ilk dəfə olaraq Xəzər regionundakı qaz təchi­zatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyiş­dirir. Bu baxımdan adıçəkilən dəhliz dünya neft-qaz sənayesində ən mü­hüm və iddialı layihələrdən biridir.

TANAP marşrutu sosial-iqtisadi əhəmiyyəti ilǝ CQD-nin önəmli həlqə­sini tǝşkil edir. Bununla yanaşı, Azər­baycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz TANAP-ın da yer aldığı CDQ-nin son hissəsi olan TAP bağlantısı ilə artıq Avropaya çataraq dünyanın bu regionunun enerji təc­hizatı təhlükəsizliyinə mühüm töhfə verir.

Sonda onu da xatırladaq ki, TANAP vasitəsilə bu il yanvarın sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetrə, TAP vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb.

TAP Albaniya ilə Azərbaycanı bir­ləşdirən yeganə layihə deyil. Ölkəmizin şirkətləri tərəfindən indiyədək Alba­niyada enerji, infrastruktur və turizm sahələrinə sərmayə qoyulub. Bu da iq­tisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olmasından xəbər verir.

Azərbaycan və Albaniya prezident­lərinin görüşlərində cari ilin sonunadək Aİ-yə üzv olan daha çox sayda ölkənin respublikamızdan təbii qaz alacağının gözlənildiyi də diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Avropaya, eləcə də Albaniyaya qaz tədarükü ilə bərabər, həm də dost ölkənin qazlaş­dırılması layihəsinə də həssaslıqla yanaşdığı xatırladılıb və atrıq sınaq la­yihəsi seçildiyi qeyd edilib. 

Sonuncu məsələ ilə bağlı bu is­tiqamətdə işlər cədvələ uyğun gedir və ilin sonunadək artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması ye­kunlaşacaq. Bundan sonra isə dərhal investisiya qoyuluşuna başlanılacaq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azər­baycan investisiyası olacaq. Həmçinin bu zaman infrastrukturun Albaniyadan qonşu ölkələrə necə genişləndiriləcəyi barədə də layihələrin icrası diqqətdə saxlanılacaq. 

Söhbətlərdə hər iki ölkə arasında indiyədək bağlanan ticarət sazişlərinin iqtisadi əlaqələrin genişləndirməsinə də müsbət təsir göstərdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi illik 2 milyon dollardan çox­dur. Azərbaycanın Albaniyadan idxal etdiyi məhsulların dəyəri 1 milyon 750 min dollar, Albaniyanın Azərbaycandan idxal etdiyi məhsulların həcmi isə 700 min dollar təşkil edir. Bu, iqtisadi göstə­riciləri şərtləndirən əsas məsələlərdən biridir. 

Onu da qeyd edək ki, Azərbaycan Avropaya 2027-ci ilədək qaz təchiza­tını 2 dəfə artırmaq öhdəliyi götürüb. Bu, Azərbaycana böyük gəlir gətirə­cək. Həm də Azərbaycan Albaniya, Şərqi Avropa da daxil olmaqla, həmin ölkələrin qaz və enerji təchizatında böyük paya malik olacaq. Albaniya­nın TAP-dan əldə etdiyi faydalar həm iqtisadi, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından da mühüm önəm daşıyır. 

Prezident İlham Əliyevin bildirdi­yi kimi, Azərbaycan Albaniyanın qaz təsərrüfatının inkişaf etdirilməsi is­tiqamətində investor rolunda da çıxış edə bilər. Bu, respublikamıza investi­siya yatırılması nəticəsində dividend gəlirlərinin artmasına səbəb olar, eyni zamanda, yerli biznes strukturlarının daha səmərəli tərəfdaşlarla ticarət əlaqələri qurmasına şərait yaradar.

 

V.BAYRAMOV, “Xalq qəzeti”





Siyasət