Üç qardaşın söz və əməl birliyi

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri başa çatdıqdan bir gün sonra Bakıya daha bir qardaş ölkənin rəhbər şəxsi təşrif buyurdu. İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paytaxtımızda səfərdə oldu. Bu səfər də qarşılıqlı dostluq-qardaşlıq mesajları, həmçinin əlaqələrin gələcək perspektivi ilə bağlı bir sıra önəmli açıqlamalarla yadda qaldı.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri Pakistandır. Bu əlamətdar hadisə 1991-ci ilin de­kabrın 12-də baş verib. İki ölkə ara­sında diplomatik əlaqələr 1992-ci ilin iyunun 9-da qurulub. Pakistanın Bakı­da səfirliyi 1993-cü ilin martın 12-də, Azərbaycanın İslamabadda səfirliyi isə 1997-ci ilin avqustun 24-də təsis edi­lib. Pakistan Azərbaycanın suverenli­yini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlü­yünü daim dəstəkləyib, Ermənistanın təcavüzünü hər zaman pisləyib. Heç şübhəsiz, bu sırada altından qırmı­zı xətt çəkərək yazılması lazım gələn məqam Pakistanın Ermənistanı rəs­mən tanımaması və bu ölkə ilə indiyə­dək diplomatik əlaqələr qurmamasıdır. Əlbəttə, bu böyük mənəvi dəstək Baş nazirin Bakıya səfəri zamanı bir daha qeyd olundu. Prezident İlham Əliyev mətbuata bəyanatında dedi: “Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal sə­bəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən min­nətdaram”.

Zənnimizcə, dövlətimizin başçısının “Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi” fikri də Ankara və İslamabadın Bakıya verdiyi dəstəyin yüksək qiymətləndirildiyinin göstəricisi sayıla bilər.

Məhəmməd Şahbaz Şərif isə bu xüsusda bildirdi: “Pakistan hər za­man Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik. Sizin Ordu­nuz çox cəsarətlə döyüşərək Qara­bağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa etmişdir. Pakistan Azərbaycanı hər zaman dəstəkləmiş­dir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və biz bunu həyata keçir­dik. Məmnunam ki, Ermənistanla sülh sazişi üzərində artıq danışıqlar gedir. Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənə­vi öhdəliyimizdir. Siz yalnız Ermənis­tanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”.

***

Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə – 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı soyqırımını tanı­yan və erməni təcavüzünü pisləyən qətnamələr qəbul edib. İslamabad, həmçinin İkinci Qarabağ müharibəsin­də Azərbaycanla həmrəylik nümayiş etdirib. 2020-ci ilin oktyabr ayında Pa­kistan Milli Assambleyası Azərbayca­nın Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yek­dilliklə qəbul edib. Pakistan Senatın­da Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənis­tanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə də yekdil­liklə qəbul olunub.

44 günlük Vətən müharibəsinin ilk günündə – sentyabrın 27-də Pakistan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində növbəti hərbi təxribatını pis­ləyən bəyanat yayıb. Həmin bəyanatda deyilir: “Erməni silahlı qüvvələri tərə­findən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl ra­yonlarının kəndlərinin mülki əhalisinin intensiv atəşə tutulmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün böl­gənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bü­tövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Qarabağ­la bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”.

Qədirbilən Azərbaycan xalqı dost və qardaş Pakistanın bu dəstəyini unutmur. Cənab İlham Əliyevin bu is­tiqamətdə fikirləri diqqəti cəlb edir: “Ölkələrimiz arasında münasibətlər bir­gə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal döv­ründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib”.

***

Öz növbəsində Azərbaycan Pa­kistana bütün platformalarda dəstəyi­ni əsirgəmir. Rəsmi Bakı Cəmmu və Kəşmir məsələsində İslamabadın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistanla həmrəydir. Azərbaycan İs­lam Əməkdaşlıq Təşkilatı çərçivəsin­də Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür. Prezident İlham Əliyev bununla bağlı olaraq dedi: “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalq­ları daha da yaxınlaşdırır”.

İslamabad da bu dəstəyə görə ölkə­mizə minnətdardır. “Cənab Prezident, Siz Kəşmir məsələsində hər zaman bizim bacı-qardaşlarımızın yanında olmusunuz. Sizə mənəvi dəstəyə görə təşəkkür edirəm. Bu, bizim üçün çox dəyərlidir və bizi, kəşmirli bacı-qar­daşlarımızı ruhlandırır”, – deyən Pa­kistanın Baş naziri mətbuata bəya­natında ümid etdiyini bildirib ki, onlar özlərinin müqəddəratlarının təyin edil­məsi məsələsinə də bir gün nail ola­caqlar.

***

Azərbaycan–Pakistan ikitərəfli əlaqələri ilə yanaşı Azərbaycan–Pakis­tan–Türkiyə formatında son illərdə qu­rulmuş uğurlu əməkdaşlıq platforması regionda güc mənbəyinə çevrilmək­dədir. Üç ölkənin xarici işlər, həmçinin müdafiə nazirləri arasında üçtərəfli for­matda mütəmadi görüşlər keçirilir. Xa­rici işlər nazirləri arasında ilk üçtərəfli görüş 2017-ci ilin 30 noyabr tarixində Bakıda baş tutub. Bundan əlavə, üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iş­tirakı ilə birgə hərbi təlimlər gerçəkləş­dirilir. Prezident İlham Əliyev bununla bağlı dedi: “Eyni zamanda, biz müdafiə sənayesi sahəsində əməkdaşlığı mü­zakirə etdik. Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna eh­tiyac var. Çünki dünyada vəziyyət də­yişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqil­liyin və ərazi bütövlüyünün qarantıdır”.

Əminliklə bildirmək olar ki, üç qar­daş dövlətin başçısının siyasi iradəsinə uyğun olaraq Azərbaycan–Pakistan–Türkiyə müttəfiqliyi bundan sonra da güclənəcək, əməkdaşlıq sahələri daha da genişlənəcəkdir. Üç ölkənin xalqı da onların dövlətləri arasında bütün məsələlər üzrə qarşılıqlı anlaşmanın hökm sürməsindən məmnundur. Çünki bu dostluq və qardaşlıq sosial sifarişdir və birgə mənafelərə, həmçinin dövlət­lərin milli maraqlarına tam uyğundur. Ümumiyyətlə, Azərbaycan–Pakistan–Türkiyə müttəfiqliyi üçüncü qüvvələrə qarşı yönəlmədiyi üçün bütün sülhpər­vər dövlətlərin və xalqların marağında olmalıdır.

 

Yeganə HACIYEVA,
politoloq

– Tarixən Bakı və İslamabad arasında dostluq və qardaşlıq mü­nasibətləri olub. Azərbaycan Cə­nubi Qafqaz, Pakistan isə Cənubi Asiya regionunda sülhə, sabitliyə və dayanıqlılığa xidmət edir. Pakis­tan Azərbaycanın haqq işini daim dəstəkləyib. Bunun arxasında çox böyük ürək və məram dayanırdı. Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə edir. Düşünürəm ki, Pakis­tanla ikitərəfli və Türkiyə ilə birgə üçtərəfli əməkdaşlıq hərbi müttəfiq­liyə gətirməlidir. Azərbaycanla Pa­kistan arasında ənənəvi yanaşma­lardan kənarda əməkdaşlıq yolları axtarılmalıdır. Pakistanın Türkiyə ilə də sıx əlaqələri var. Azərbay­can–Pakistan–Türkiyə hərbi ittifaqı­nın mümkünlüyü üçün İslamabadın Şuşa Bəyannaməsinə qoşula bilmə imkanları nəzərdən keçirilməlidir. Güclü hərbi əməkdaşlığın mövcud­luğu və Şuşa Bəyannaməsinə Pa­kistanın da qoşulması, əlbəttə, ar­zuolunandır. Diqqətçəkən məqam səfərin məhz Şuşa Bəyannaməsi­nin imzalanmasının ikinci ildönü­münə təsadüf etməsidir.

Üçtərəfli formatda əməkdaşlı­ğın həyata keçirilməsinin regionla­rımız və dövlətlərimiz üçün faydalı olacağına inanıram. Regional və beynəlxalq proseslərdə ölkələrimiz arasında üst-üstə düşən maraq­lar bu formatı iqtisadi baxımdan da çox cazibədar edir. Bu üçtərəfli əməkdaşlıqdan yaranan imkanlar ölkələrin yerləşdiyi regionlar üçün də əhəmiyyətlidir. Belə ki, Anado­lu, Cənubi Qafqaz və Cənubi Asiya ölkələrinin iqtisadi imkanları Avropa ilə Çini birləşdirəcək dəhliz forma­laşdıra biləcək.

Səxavət NAZİMOĞLU, “Xalq qəzeti”



Siyasət