Nikolun Ermənistanın gerbini və himnini dəyişmək niyyəti

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanı bir çox əməllərinə görə qınayırıq. O, ölkəsində də qınanır. Nəinki qınanır, təhqir də olunur ki, məqsədimiz bu barədə danışmaq deyil. Başqa mətləblərdən söz açacağıq. 

Azərbaycan cəmiyyətinin fikrincə, Nikol siyasətçi kimi sözünün üstündə dayanan deyil, yəni qeyri-ciddi biridir, təfriqə və təxribat yaratmağa meyillidir və s. Ancaq insaf naminə onun müsbət addımlarından da söz açmaq lazım­dır. Daha bilmirik, bu yazımız oxucu­lar tərəfindən Paşinyanın işinə pozitiv qiymət kimi nəzərə alınacaq, ya yox, hər bir halda haqqında danışacağımız mövzu bütövlükdə hay cəmiyyətində geniş diskusiyalar doğurub. 

Əlqərəz, erməni baş nazirin ölkə­nin gerbini dəyişdirmək təşəbbüsü, həqiqətən təqdirəlayiqdir. Hərçənd, baş nazir himnin sözlərinə də mü­daxilənin vacibliyini vurğulayır ki, onun belə yanaşması ilə razılaşmamaq olar. Sonda nə üçün razılaşmadığımızı izah edəcəyik.

Hələlik qeyd edək ki, Ermənistanın hazırkı gerbində aslan və qartal təsvir­ləri yer alıb. Bu canlıların ikisi də özlə­rinin qorxmazlıqları ilə seçilirlər. Ümu­miyyətlə, onlar böyüklüyü, mərdliyi və dəyanəti tərənnüm edirlər. Paşinyan isə deyir ki, 1991-ci ildə qəbul olunmuş gerbin müasir Ermənistanla heç bir əlaqəsi yoxdur. 

Məsələ heç də onda deyil ki, 1991-ci ildə müasir Ermənistanın özünü as­lan və qartal kimi hiss etməsi mənasız idi. Hesab etsək ki, erməni millətçiliyi Qarabağı və digər Azərbaycan ərazilə­rini işğal etməklə öyünürdü, həmin ildə təcavüz hələ gerçəkləşməmişdi. 

Digər tərəfdən, Ermənistan 44 gün­lük müharibədə rüsvayçı məğlubiyyətə uğradı. Deməli, onun qartal və aslan təsvirinə eytiyacı qətiyyən yoxdur. An­caq, obrazlı desək, aslanın qırxıldığını, qartalın isə toyuq kimi yolunduğunu vurğulamaq niyyətindən də uzağıq. 

Söhbət heç ondan da getmir ki, Ermənistanın əzəmət kimi simvolizə olunan canlıları öz gerbində göstərmə­si onların daşıdıqları anlamlara müna­sibətdə hörmətsizlikdir. Ancaq İrəvan hakimiyyətinin bunu nəzərə almalı və dəyişiklik aparmalı olduğu vacibdir. 

Hələ bir təklifimiz də var: ölkə hey­vanları müqəddəsləşdirmək istəyirsə, gərək, tülkü və çaqqala üstünlük ver­sin. Bu iki məxluq tipik erməni xəstəliyi­nin mahiyyətinə hakim kəsilmiş xislət­dədir. Hər ikisi ilk növbədə namərddir. 

Həqiqətən də erməni avantürizmi tarix boyu nəyi əldə edibsə, ya tülkülü­yün, ya da çaqqallığın hesabına edib. Nə aslan kimi döyüşüb, nə də qartal kimi çarpışıb. Müasir Ermənistan döv­lətinin siyasəti də məhz həmin avantü­rizm üzərində qurulub. Deməli, ölkəni avantürizmdən qurtarmaq lazımdır ki, Paşinyan, belə demək mümkünsə, er­məni damarı tutmayanda, bu barədə danışmağı və gündəm yaratmağı xoş­layır. Hərçənd deyə bilmərik ki, o, möv­cud istiqamətdə uğurludur, çağırışları fayda verir. Baxın, çaqqallar və tülkülər bir neçə gün əvvəl hərbçilərimizi atəşə tutublar... 

Əlqərəz, Nikol Ermənistanın ger­binin dəyişdirilməsi ideyası ilə çıxış edərkən, haqqında söz açdığımız erməni xəstəliyinə toxunur. Üstəlik, gerbin incəliklərinə diqqət yetirir. “Ger­bimiz psixologiyamızı güclü şəkildə əks etdirir. Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənista­nın dörd sülaləsinin gerbləri. Bu yaxın­larda bir sualım oldu: hamımız üçün müqəddəs olan bu obrazın 1991-ci ildə qurulan dövlətə nə dəxli var? Mərkəzə baxanda Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan Respublikasının su altında qalan ərazisini görmək olar. Orada uzun müddət Ermənistanın təbii şəraitində yaşamayan şiri də görmək mümkündür. Müzakirə etdiyimiz bu problem əslində bizim hər birimizdə olan ikililikdədir – tarixi Ermənistanla real Ermənistan arasındadır. Bütün müzakirəmizdə söhbət nədən gedir? Nə qədər emosional və hansı arqu­mentlərlə əsaslandırılmasından asılı olmayaraq, sual yaranır: həqiqi Ermə­nistan tarixi Ermənistana, yoxsa tarixi Ermənistan həqiqi Ermənistana xidmət etməlidir?”, - deyə Nikol ölkə parla­mentindəki çıxışında vurğulayıb.

Erməni baş nazir qaldırdığı məsələ­ni münaqişəsiz həll edə bilməyin müm­künlüyündən də söz açıb. O bildirib ki, tarixi Ermənistanın guya 12 paytaxtın­dan 6-sı (?) Ermənistan Respublikası­nın ərazisində yerləşir. Ən əsası isə: “Sonuncu dəfə bu paytaxtlarda nə vaxt olmusunuz? Onlar hansı vəziyyətdə­dirlər? Ənənələr və dəyərlər haqqında çox danışırsınız. Bu gün tarixi rəmzlə­rimiz xarabalıqdadır”.

Əlbəttə, Paşinyan açıq şəkildə deyə bilməz ki, Ermənistan dövləti olmayıb və onun tarixi paytaxtı da yoxdur. Hər­çənd, Nikolun hazırkı çıxışında söhbəti bir müddət əvvəl ortaya atdığı “kadastr şəhadətnaməsi” üzərinə gətirməsi, elə qeyd etdiyimiz məqamın ifadəsi kimi diqqət çəkməkdədir. 

Yeri gəlmişkən, bildirək ki, Nikol ölkəyə “kadastr şəhadətnaməsi” almaq istəyindən söz açarkən, faktiki olaraq hazırkı Ermənistanın bir dövlət kimi mövcud olmadığını vurğulamış, həm­çinin bildirmişdi ki, indi ölkəsinə, belə demək mümkünsə, “kupça” almaqla, onun gələcək nəsillərə miras kimi sax­lanılmasını istəyir. 

Baş nazirin mövcud xüsusda söy­lədiklərinin də hay cəmiyyətində böyük hiddət doğurduğunu vurğulamalıyıq. Həmin vaxt Nikolu sərt tənqidə məruz qoyanlardan biri müxalifətin parlament fraksiyasının üzvü Qeqam Manukyan idi. Nikol parlamentdə gerb və himn dəyişikliyinin zəruriliyinə aydınlıq gə­tirərkən, həmin Manukyanın səsləndir­diyi fikirlərə reaksiya verib. 

Qeyd edək ki, Manukyan baş nazi­rin qaldırdığı “kadastr şəhadətnaməsi” məsələsinə toxunaraq bildirmişdi ki, əgər Ermənistan hakimiyyəti belə bir sənədi axtarırsa, onu respublikanın gerbi haqqında qanununda tapmalıdır. Nikol isə hesab edir ki, Manukyanın yanaşması Ermənistan üçün təhlükə yaradır. “Əgər bəyan etsək ki, bu (gerb – red.), bizim kadastrla bağlı sənədi­mizdir, bu o deməkdir ki, “bizi məhv edin” demiş oluruq”, - deyən baş nazir əlavə edib ki, özündən vətənpərvər kimisə təsəvvürə gətirmir. Yəni, fakti­ki olaraq, öz doğruluğu üzərində israr edir və şəxsinə ünvanlanacaq əks re­aksiyalara qarşı, bir növ, daxili müqa­vimət, immunitet formalaşdırır.

Bəli, N.Paşinyan gözəl bilir ki, ölkənin nəinki gerbi, eləcə də bir sıra atributları ərazi iddiası üzərində quru­lub. Ən başlıcası isə gerbin aşıladığı düşüncə cəmiyyətdə psixoz yaratmaq­dadır. Məsələn, Qarabağ münaqişəsi və Azərbaycanla münasibətlər fonun­da psixoz hələ də davam edir. Ən pisi isə budur ki, bu hal Paşinyan başda olmaqla, Ermənistan dövlətinin də fəa­liyyətinə təsirsiz ötüşmür. Yəni, ölkə iqtidarı xəstəliyin təsiri altına düşmək məcburiyyətində qalır. Ancaq başqa­larından fərqli olaraq, Nikol gedişatın ölkəni məhvə apardığını anlayır. 

Gələk, sonda toxunmağı vəd et­diyimiz məqama. Paşinyanın ölkənin gerbini dəyişdirmək niyyətindən söz açdıq. Himnə gəlincə, onun fikrinə görə, himnin sözləri qaydasında olsa da, sonluğu ölüm səhnəsinin təsviri ilə başa çatır ki, bu, yolverilməzdir. 

Əslində isə, Nikol haqsızdır. Çünki nə o, nə də komandası barəsində söz açdığımız psixozu dəyişdirmək iqtida­rında görünmür. Belə olan təqdirdə isə Ermənistanın himninin son sözlərində­ki fikirlərin saxlanılması yerinə düşür. Axı ölüm varsa, onun ifadəsi üçün rek­viyem də lazımdır. Ermənistan dövləti hazırkı destruktiv mövqeyi ilə həmin rekviyemin yüksək səslə bəyan edil­məsinə doğru gedir. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət