Oxşar təxribat, eyni izlər…

post-img

Atəşi birinci erməni tərəfi açıb. Bu, ilk dəfə deyil və 15 iyun təxribatı qətiyyən təsadüf sayıla bilməz. Səbəblər aydındır, təxribatın hazırlanması və həyata keçirilməsinin ideya müəllifləri barədə isə hələlik ehtimalla danışa bilərik.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğanın, ardınca Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfərləri və bu iki qardaş ölkənin liderlərinin Ba­kıdan səsləndirdikləri bəyanatlara diqqət yetirək. Xüsusilə Rəcəb Tayyib Ərdo­ğanın Bakı və İrəvan arasında davam etdirilən sülh danışıqları, Zəngəzur dəh­lizinin açılması, Şuşada Türkiyənin Baş konsulluğunun açılacağı ilə bağlı yaxın qonşularımıza, eləcə də Cənubi Qafqaz­da maraqlarını güdən dünya güclərinə verdiyi mesajlar İrəvanda və onun tərəf­darlarında şok effekti və qıcıq doğurma­ya bilməzdi. Türkiyə liderinin Zəngəzur dəhlizinin açılmasına tək Tehranın mane olduğunu söyləməsi isə yuxarıdakı eh­timal versiyalarından birinin üstünə işıq sala bilər. 

“Biz 10 noyabr 2020-ci il tarixli üç­tərəfli bəyanatda nəzərdə tutulduğu kimi, regiondakı nəqliyyat-kommunikasiya xət­lərini açmağa hazırıq”. Bunu Ermənista­nın baş naziri Nikol Paşinyan, sanki heç nə olmayıbmış kimi, hökumətin iclasında dilə gətirib. Hayastanın keçmiş baş naziri Qrant Baqratyanın açıqlaması isə daha çox maraq doğurur: “Sülh sazişi imza­landıqdan sonra Rusiya sülhməramlı kontingentini saxlamağın sadəcə məna­sı qalmayacaq. İndi bu, artıq ona görə problemdir ki, həmin sülhməramlılar La­çın dəhlizinə nəzarət etməyi bacarmır və istəmirlər”. 

Bayrağımıza tuşlanan güllə

İyunun 15-i saat 08:45-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gi­zir Elşən Rüstəmov postda Azərbaycan Bayrağını qaldırarkən xain erməni snay­perinin güləsinə tuş gəlib. Sərhədçimiz şərti sərhədin o üzündən, yəni Ermənis­tan ərazisindən açılan atəş nəticəsində yaralanıb. Bununla bağlı Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, ya­ralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yox­dur. Dünən DSX rəisinin müavini gene­ral-leytenant Cavid Abdullayev hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçumuzu ziyarət edib. 

Əvvəlcədən planlaşdırıldığı şübhə doğurmayan erməni hərbi təxribatının budəfəki coğrafiyası geniş olub. İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətindəkı mövqelərdən Ordumuzun Gədəbəy rayonunun Qa­lakənd yaşayış məntəqəsi istiqamətində olan mövqeləri atıcı silahlardan atəşə tutulub. Həmin gecə saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlıla­rının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordu­muzun Şuşa istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə məruz qa­lıb. Atəşkəs rejiminin bir deyil, daha çox nöqtədə pozulması faktı “nizamlanmış əməliyyat planı”ndan xəbər verir. 

“Həkəri çayının Laçın rayonu ərazi­sindən keçən hissəsindəki körpünü Azər­baycan bu yaxınlarda inşa edib. Ermə­nistan isə orada Azərbaycan bayrağının dalğalanmasının əsassız olduğunu iddia edir”. Bunu Azərbaycan Xarici İşlər Na­zirliyinin mətbuat katibi Ayxan Hacızadə “Twiter”də yazıb. XİN rəsmisi xatırladıb ki, iyunun 15-də öz suveren ərazimiz olan Həkəri körpüsündə Azərbaycan bayrağı ucaldılıb, bu zaman Ermənistan silahlı qüvvələrinin bölmələri hərbi qul­luqçularımıza atəş açıblar.

Əsas plan: dəhliz təxribatı

Qeyri-rəsmi razılaşmaya əsasən, İrə­van Bakının Laçın yolunda sərhəd-keçid postunu qoymasını Zəngəzur dəhlizində də eyni rejimin tətbiq edilməsi şərti ilə qə­bul etdi. Fəqət, Azərbaycan Laçın yolun­da istədiyinə nail olsa da, Zəngəzur dəh­lizi məsələsini kənara qoymadı. Əslində Türkiyə və Rusiyanın bu məsələdə eyni baxışı nümayiş etdirməsi, avtomatik ola­raq Bakının mövqeyini gücləndirən amil kimi qəbul olunmalıdır. Zəngəzur dəhlizi­nin reallaşmasını ləngitməklə özünü dip­lomatik labirintə salan Ermənistan rəh­bərliyi Laçın yolundakı Həkəri postunu ləğv etmək qərarına gəlibmiş. İyunun 15-dək bunu danışıqlarda dilə gətirən İrəvan artıq bu niyyətini əməldə “sübut etməyə” girişib. Kənardan görünən mənzərə belə­dir. Hayların belə riskli addımı atmağa təhrik edildikləri şübhə doğurmasa da, hərbi təxribata start düyməsinin hara­dan basıldığı hələlik aşkar görünmür. Onların bununla Bakıya təzyiq vasitəsi kimi Laçın postunun fəaliyyətini iflic et­məyi hədəfləməsi ehtimalını ciddi qəbul etmək isə tam mümkündür. Artıq postda hərəkət müvəqqəti olaraq dayandırılıb. İrəvan durumdan beynəlxalq müstəvidə Bakıya təzyiq üçün yararlana bilərmi? Onun bununla Zəngəzur dəhlizi məsələ­sində mövqeyini gücləndirməyə, Həkəri postunda Qarabağın erməni sakinləri ilə azərbaycanlıların təmaslarının qarşısını almağa cəhd göstərəcəyi şəksizdir. La­çın postunun ardınca Şərqi Zəngəzurda – Zəngilanda dəhliz istiqamətində hü­cumları, planlanmış “dəhliz təxribatı” sse­narisinin tərkib hissəsi olub. May ayının sonlarında mövcud istiqamətdə erməni diversiya qrupunun hücumu da buna hesablanmışdı. Yəni, eyni izlərin aparıb çıxardığı oxşar dəst-xətt. 

Bəli, münaqişədə tərəf sayılan bəzi güclərə Qarabağ ermənilərinin Azərbay­can cəmiyyətinə inteqrasiyası, o cümlə­dən Xankəndi–Laçın yolundakı sərhəd postumuzun sabit və normal fəaliyyəti sərf eləmir. 

Azərbaycan Dövlət Sərhəd Xidməti­nin məlumatında deyilir ki, cavab tədbir­ləri nəticəsində Ermənistan silahlı qüv­vələrinin Zəngilan istiqamətində təxribata başladığı postu darmadağın edilib. Bu addım Ermənistan silahlı birləşmələri­nin sərhəd zastavasına atıcı silahlardan atəş açmasına, daha sonra isə minaatan artilleriya və digər döyüş sursatlarını işə salmasına cavab olaraq atılıb.

Prokurorluq ultimatum verdi 

Erməni separatçılarının növbəti təxri­batı ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olu­nur ki, prokurorluq əməkdaşları tərəfin­dən hadisə (Həkəri postu) yerinə baxış keçirilərək cinayətin izləri rəsmiləşdiri­lib, maddi sübutlar götürülüb. "Müəyyən edilib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd edilən cinayət əməlləri nəzarət məntəqəsinə ziyan vu­rub və həmin təxribat nəticəsində postun iş rejimi pozulub. Ermənistanın təxribat hücumundan sonra Azərbaycan Laçın postunu bağlayıb: İrəvan təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər post istifadəyə açılmayacaq”, – məlumatda deyilir. 

Hərbi təxribat törədildiyi zaman Sankt-Peterburqda Rusiya və Ermənis­tanın baş prokurorları ilə görüşən Baş Prokuror Kamran Əliyev orada bəya­natla çıxış edib. O, iyunun 15-də Er­mənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat əməlləri növbəti dəfə da­vam etdirilməklə müxtəlif çaplı odlu si­lahlardan ölkəmizin suveren ərazisi olan Laçın–Xankəndi avtomobil yolunun baş­lanğıcında yerləşən Laçın sərhəd nə­zarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nin hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olmasına maneə oldu­ğunu bildirib.

Dövlət Departamentinin narahatlığı davam edir 

“ABŞ şərti Azərbaycan–Ermənistan sərhədindəki vəziyyətdən narahatdır”. Bu sözləri ABŞ Dövlət Departamentinin söz­çüsü Metyu Miller keçirdiyi növbəti bri­finqdə deyib. “Biz bu vəziyyətdən nara­hat olmağa davam edirik və hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə çağırırıq”, - deyən cənab Miller Vaşinqtonun mövqeyini bir daha təkrarlayıb. Sülh sazişinin hələ də əldə edilə biləcəyini vurğulayan Dövlət Departamentinin rəsmisi “Biz inanırıq ki, razılaşma hələ də əldə edilə bilər və irəli getmək üçün hər iki tərəflə görüşməyi sə­birsizliklə gözləyirik”. 

Sülh danışıqlarının əsas trekinə çev­rilməkdə olan Vaşinqton platformasında dialoqun ləngiməsindən Bakı da narahat­dır, amma səbirlə güclərin “münasibətlə­rini aydınlaşdırmasının” sonunu gözləyir. 

Bu arada Rusiyanın və Ermənistanın bəzi media resursları RF XİN-dəki ano­nim mənbəyə istinadla xəbər yayıblar ki, guya Ağ ev Qarabağ ermənilərindən Bakı ilə neytral zonada danışıqlar aparmağı tələb edib. Əks təqdirdə Azərbaycan Or­dusu tərəfindən xüsusi əməliyyatın keçi­rilməsi qaçılmaz olacaqmış. Qaynaqsız feyk xəbərlərin təşkilatçıları “dəhliz təxri­batı”nı hazırlayanlarla eyni cəbhənin “dö­yüşçüləridirlər”. Görünür, bu kontekstdə onlara Bakının mövqeyini bir daha xatır­latmağa ehtiyac var. Qarabağ separat­çıları ilə üçüncü ölkədə heç bir danışıq olmayacaq, eləcə də beynəlxalq nəzarət mexanizmi məsələsi də gündəliyə sa­lınmayacaq. Hayların bütün bu ideoloji hazırlıqlarının sülh prosesində alternativ treklər üçün əlavə başağrısı yaradılma­sına xidmət etdiyi məlumdur. Azərbayca­nın Qarabağın bütün ərazisi üzərində su­vereniteti müzakirə predmeti ola bilməz. Ermənistanın sülh prosesinə qarşı etdiyi “səlib hücumlarında” Rusiya kimi İranın da bu və ya digər formada iştirakı istisna edilməməlidir. Bakı vətəndaşına çevrilə­cək Qarabağın erməni sakinlərinin ehti­yaclarını təmin etməyə hazırdır və bunu xeyli öncə də bəyan etmişdi. Onların zəruri tələbat mallarının Ermənistandan deyil, Bakıdan göndəriləcəyinə az qalıb. Bununla da, erməni əhalisinin reinteqra­siyası, Xankəndidə mərkəzi hakimiyyətin bərpası prosesi yekunlaşmış olacaq.

Hər şey sonluğa doğru

Laçın yolunda qurduğumuz Həkə­ri sərhəd-keçid məntəqəsindən erməni əsilli Azərbaycan vətəndaşlarının, huma­nitar yüklərin sərbəst hərəkət etməsinə bölgədə marağı olan bütün tərəflər şahid oldular. Bunu anlamaq və qəbul etmək istəməyən rəsmi İrəvan və Araikin sepa­ratçı rejimi özlərində sərhədçimizə atəş açmaq cəsarətini tapır. Deməli, yolunu və başını itirmişlərin sonuncu “nəğmələri” belə olurmuş. Bəli, bu gün həmin yoldan icazəsiz quş da uça bilməz. Deyəsən, Ermənistana bunu bir daha başa salma­ğa və yerini göstərməyə zərurət yaranıb. Həm şərti sərhəddə, həm Şərqi Zən­gəzurda, həm də Şuşa və Gədəbəydə törədilən silahlı insidentlərə görə bütün məsuliyyət Ermənistanın, eləcə də ona aşkar və gizlin dəstək verənlərin üzərinə düşür. Onlar üzərlərinə düşən bu məsu­liyyət yükünün ağırlığını tezliklə hiss edə­cəklər. 

 

Üzeyir CƏFƏROV,
ehtiyatda olan polkovnik, hərbi ekspert

Ermənistanın növbəti hərbi təx­ribatlarının indiki məqamda baş verməsi təsadüfi sayıla bilməz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ardınca Pakistanın Baş naziri Şahbaz Şərifin Bakıya səfərləri və onların buradan sülh prosesi, xüsusilə Zəngəzur dəhli­zi ilə bağlı region ölkələrinə, eləcə də dünya güclərinə verdilkləri me­sajlar İrəvanda və onun tərəfdar­larında qıcıq yaratmaya bilməzdi. Amma Azərbaycan Ordusu, Dövlət Sərhəd Xidməti hər an istənilən təxribatın qarşısını almağa və düş­mənin layiqli cavabını verməyə ha­zırdır. DSX-nin sərəncamında ən müasir artilleriya qurğuları, hücum və kəşfiyyat PUA-ları mövcuddur. Sərhədçilərimizin atıcı və digər si­lahlardan, hərbi texnikadan istifa­dəsi Müdafiə Nazirliyimiz ilə demək olar ki, eyni səviyyədədir. İki gün əvvəl bütün bu imkanlardan istifadə edən qəhrəman sərhədçilərimiz tə­limlərdə qazandıqları peşəkarlıqla Zəngilan istiqamətində mövqeləri­mizi atəşə tutan düşmən postlarını məhv edib, onlara layiqli cavab ve­rib. DSX-nin təxribatların qarşısının alınmasında heç bir sıxıntısı və na­rahatlığı yoxdur. Sərhədçilərimiz 44 günlük müharibədə böyük döyüş təcrübəsi qazanıb və bu təcrübə komandanlığın mütəmadi keçirdiyi təlimlərlə müasir tələblərə uyğun şəkildə möhkəmləndirilir. Ona görə də sərhədçilərimiz çox rahat şəkil­də düşmənin atəş nöqtələrini, post­larını darmadağın edir.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət