Xocavənd rayonundakı hərbi hospitalda əsgərlərə yüksək səviyyədə xidmət göstərilir

post-img

Son illərdə Azərbaycanda ölkə rəhbərliyinin diqqət və qayğısı ilə ordu quruculuğu sahəsində şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, Azərbaycan Ordusunun maddi-texniki təminatı günü-gündən gücləndirilir, möhkəmləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur. 

Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı ərəfəsində Müdafiə Nazirliyinin Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitalında olduq. 250 çarpayılıq hərbi hospital 4 hektara yaxın ərazini əhatə edir. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət-buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb. 

Hərbi hospitalda üçmərtəbəli müalicə-diaqnostika korpusu da tikilib. Korpusda qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb. Dünyanın inkişaf etmiş ölkələrində istehsal edilmiş müasir tibbi avadanlıqlarla təchiz olunmuş palatalarda hərbi qulluqçulara yüksək səviyyədə səhiyyə xidməti göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur. 

Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, istilik və digər kommunikasiya sistemləri ilə də təmin olunub. Həmçinin, təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.  Bundan başqa, ağır xəstələri təcili və qısa müddətdə digər müalicə müəssisələrinə çatdırmaq üçün də hospitalın helikopterindən istifadə etmək mümkün olacaq. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 2022-ci ilin 10 iyulunda Xocavənd rayonundakı bu hərbi hospitalın açılışında olub. Burada yaradılan şəraitlə tanış olub, müalicə alan hərbi qulluqçular və tibbi personalla görüşüb. Z.Həsənov hərbi hospitalın ərazisində tibbi personal və onların ailə üzvləri üçün hazırlanmış yaşayış binalarının açılış mərasimində iştirak edib. 

Müdafiə naziri yeni istifadəyə verilmiş, hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət ikimərtəbəli binaların kommunikasiya xətləri və mərkəzləşdirilmiş istilik sisteminə baxış keçirib. Müasir standartlara cavab verən tam təmirli mənzillərdə mebel və lazımi avadanlıqlar quraşdırılıb. Ərazidə yarımstansiya, su anbarı tikilib, binaların ətrafına asfalt döşənib. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb. 

Hərbi hospialın rəisi, tibb xidməti polkovniki İlqar Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin erməni işğalından azad olunmasından sonra Ali Baş Komandan İlham Əliyevin qayğısı ilə azad olunmuş bölgələrdə yeni hərbi hissələr, hərbi obyektlər inşa edilib və bu proses davam etdirilir: “O cümlədən, Xocavənd rayonunda bu hospital müasir standartlara uyğun yenidən quruldu. Hospitalda yaralı və xəstə hərbi qulluqçulara ixtisaslaşdırılmış tibbi personal tərəfindən lazımi yardım göstərilir. Burada cərrahiyyə, terapiya, dəri-zöhrəvi xəstəlikləri, infeksiya, müayinə, kardiologiya bölməmiz, müalicə və müayinə üçün ultrasəs, fizioterapiya, endoskopiya və digər kabinetlərimiz, laboratoriyamız var.

Həkimlərimizin ixtisas hazırlığı yüksək səviyyədədir. Buna görə də rəhbərliyin hospital qarşısında qoyduğu tapşırığı qüsursuz yerinə yetirə bilirik. Həkimlərimiz hospitalda olan texnologiyalar sayəsində endoskopik, qastroskopik, kolonoskop müayinə və əməliyyatlar, KT, rəqəmsal rentgen müayinələri apara bilirlər. Laboratoriyamızdakı avadanlıqların yüksək imkanları sayəsində xəstəliklərin diferensiyasını apara bilirik. Xəstələrin müalicə olunduğu reanimasiyamız ən müasir avadanlıqla təchiz olunub”. 

Hospitalın cərrahiyə bölməsinin rəisi, polkovnik-leytenant M.Tağıyev bildirdi ki, hospitalda istənilən xarakterli əməliyyatlar icra olunur. Hansı xəstələrin vəziyyəti ki, çox ağırdır, onlar əvvəl burada əməliyyat olunur. Əgər müayinə və müalicə prosesləri mərkəzi hospitalda getməlidirsə, onda Bakıya göndərilir. Amma bu, çox az hallarda olur: “Çünki burada istənilən xəstənin əməliyyatı, sonrakı müalicəsi, diaqnostikası üçün bütün lazımi avadanlıqlarımız və şəraitimiz var. Bu vaxta kimi 7-8 ağır xəstə göndərmişik. Onlardan 3-ü helikopter ilə təcili göndərilib”. 

Hospitalda xidmət keçən tibb işçisi İlhamə Bəylərova 2020-ci ilin payızında torpaqlarımız işğaldan azad olunandan sonra əvvəlcə Cəbrayıl rayonunda çalışıb. İnsi isə Xocavənddə xidmət edir. O, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirərək dedi ki, dövlət başçımızın düşünülmüş güclü siyasəti nəticəsində doğma torpaqlarımıza ayaq basmışıq, burada xidmət edirik: “Laboratoriyamız müasir tibbi avadanlıqlarla, aparatlarla təmin olunub. Burada heç bir gecikmə olmadan vaxtı-vaxtında bütün müayinələr aparılır. Biz də hər zaman Ordumuzun və əsgərlərimizin qulluğunda durmağa hazırıq.”

Hospitalda qasıq nahiyəsindəki yırtıqdan əməliyyat olunmuş Cahandar Eminli ona göstərilən qayğıdan, şəraitdən məmnunluğunu bildirdi, vəziyyətinin yaxşı olduğunu dedi. 

Baş çavuş Sevda Yusifova 2002-ci ildən hərbi xidmətdədir. O, Azərbaycan Ordusunda xidmət etməyin olduqca şərəfli hiss olduğunu dilə gətirdi: “30 il idi ki, torpaqlarımız işğal altında idi. Biz bu dogma yerlərin həsrətini çəkirdik. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Qarabağ azad olundu. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş bütün qardaşlarımızın ruhu qarşısında baş əyir, onları böyüdən analarımızın əllərindən öpürəm. Fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət göstərirəm”. 


Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

 

 































Ordu