Xankəndi: beyinlərdə tərəddüd və xaos hökm sürür

post-img

Hayastan mediasının yaydığı məlumatlardan bu qənaət hasil olur ki, Laçın ultimatumundan sonra Qarabağdakı separatçı rejim üçün təslim olmaqdan savayı xilas variantı qalmayıb

Prezident İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüş zamanı etdiyi çıxış Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti altında olan hissəsində yaşayan ermənilərin separatçı “qlavar”ları arasında ciddi təşviş doğurub.

Qeyd edək ki, cənab İlham Əliyev la­çınlılarla görüşdə 44 günlük Vətən müha­ribəsindən ötən iki il yarım ərzində bütün planlarımızın ardıcıllıqla, tədricən həyata keçdiyini və bildirib. Dövlət başçısı əmin edib ki, son addım da atılacaq. Prezident onu da bildirib ki, separatçılar üçün ye­ganə yol Azərbaycan qanunlarına tabe­çiliklə loyal, normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq­dır: “Biz, sadəcə olaraq, dözüm göstəri­rik. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezi­dent” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdır­lar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir am­nistiyadan söhbət gedə bilər. Onu da bil­dirməliyəm ki, son vaxtlar beynəlxalq təş­kilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm”.

Yeri gəlmişkən, qeyd edək ki, ABŞ Dövlət Departamenti Azərbaycan Prezi­dentinin Qarabağdakı separatçılarla bağlı amnistiya bəyanatını alqışlayıb. Dövlət Departamentinin sözçüsü Metyu Millerin yaydığı bəyanatda deyilir: “Biz Ermənis­tanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən şadıq. Döv­lət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülh əldə edilə bilər. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyini alqışladıq və Prezident Əliye­vin amnistiyanı müzakirə etmək istəyi ilə bağlı son bəyanatlarını alqışlayırıq”.

***

“Hraparak” qəzeti yazır ki, N.Paşin­yanın sülh sazişini imzalamağa hazır olmasını bəyan etməsindən sonra sepa­ratçı tör-töküntülərinin iki başçısı – Araik Arutyunyan və qondarma rejimin “təh­lükəsizlik şurası”nın sabiq katibi Sam­vel Babayan arasında gərginlik silahlı toqquşma həddinə çatmaq üzrədir. Belə ki, baş separatçı Arutyunyan Babayanın planlarına əngəl olmağa çalışır. İddialara görə, Babayan kütləvi etiraz aksiyaları ilə 2018-ci ilin mayında Ermənistanda baş vermiş “məxməri inqilab”ı Xankəndidə təkrarlamaq niyyətindədir. Qəzetin bildir­diyinə görə, Arutunyanın ərazidə “hərbi vəziyyət” dövründə söz azadlığının məh­dudlaşdırılması ilə bağlı son “qərarları” rus sülhməramlılarının təklifi ilə qəbul edilib. Məqsəd daxili gərginliyin qarşısını almaq, daha doğrusu, Babayanın planla­rına mane olmaqdır. Xatırladaq ki, mayın 26-da separatçı rejimin başçısı ermənilə­rin “öz müqəddəratını təyinetmə hüququ”­nun həyata keçirilməsi istisna olmaqla, bütün növ toplantıları qadağan edərək, hərbi vəziyyətlə bağlı əlavə məhdudiy­yətlər tətbiq edib, habelə bayram və anım günləri, həmçinin informasiya sahəsində müəyyən qadağalar qoyub.

Ermənistan KİV-lərinin yaydığı mə­lumatlar da separatçıların Azərbaycana təslim olmaqdan başqa xilas variantının qalmadığını göstərir. Məlumata görə, Ermənistan baş naziri bugünlərdə yaxın ətrafı ilə qapalı iclas keçirib. İclasda ma­yın 25-də Moskvada baş tutan üçtərəf­li görüşün bəzi detallarını açıqlayıb və Qarabağ separatçılarının gələcək taleyi ilə bağlı yalnız iki ssenarinin gündəmdə olduğuna eyham vurub. “Hraparak” qəze­tinin baş nazirlə görüşün iştirakçılarından birinə istinadən verdiyi məlumatdan belə anlaşılır ki, N.Paşinyan Qarabağ separat­çılarının artıq “ordu”ya, silahlı dəstələrə malik olmasının qeyri-mümkünlüyünü bil­dirib. Baş nazir vurğulayıb ki, rəsmi Bakı Xankəndi və ətraf bölgələrdəki bütün si­lahlı dəstələrin tərk-silah olunmasında prinsipial mövqe tutur və bu mövqeyindən geri çəkilmək niyyətində deyil. Paşinya­nın fikrincə, indiki situasiyada proseslərin inkişaf istiqamətləri ilə bağlı iki mümkün variant var. Əgər Azərbaycan yerli er­mənilərin hüquq və təhlükəsizliyini təmin edərsə, o zaman prinsipcə gözlənilməz heç bir problem yaranmayacaq. Əks halda, Ermənistan hakimiyyəti hər kəsin öz ərazisinə köçürülməsini təmin etmək məcburiyyətində qalacaq.

Qarabağdakı bəzi separatçı başçılar isə hələ də xam xəyallarla yaşamaqda davam edirlər. Onlar Azərbaycana qarşı çıxmaq üçün əllərində heç bir resursun olmamasına, hər tərəfdən üzük qaşı kimi dövrəyə alınmalarına baxmayaraq, re­vanşist açıqlamalar səsləndirirlər. Belələ­rindən biri fevral ayında Azərbaycanın tələbi ilə separatçı rejimin “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılan Ruben Var­danyandır. O, Ermənistan televiziyasına müsahibəsində bildirib ki, geri çəkilməyə yer yoxdur, qərar qəbul etmək lazımdır və hər gün hazırlaşırlar: “İlk növbədə, Arayik Arutyunyan mühüm addımlar atmalıdır. Geri çəkilmək üçün heç bir yer yoxdur, qərar vermək lazımdır. Hər kəs vəziyyəti anlayır və əlimizdə olan qüvvələrlə vətə­nimizi müdafiə etməyə hazırlaşmalıdır”. Onun sözlərinə görə, Azərbaycan onlar üçün heç bir seçim qoymur. “Biz hər şeyə hazırlaşmalıyıq. Bu vəziyyətdə öz gücü­müzə arxalanmalıyıq. Dünyaya başa sal­mağa çalışmalıyıq ki, bu gün baş verən­lərin Azərbaycanın istədiyi yanaşmaya uyğun həlli yoxdur. Biz Azərbaycanın bir hissəsi olmaq istəmirik. Bu, ermənilərin Qarabağdan qovulmasına gətirib çıxara­caq ki, bizim üçün qəbuledilməzdir. Biz vəziyyəti başa düşürük və hər gün ha­zırlaşırıq. Lazımi səviyyədə hazır olmaq üçün hər şeyi edirik, mövqeyimiz aydın və konkret olacaq”.

Bu arada Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin “Tvitter”də etdiyi pay­laşımda bir daha “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər” ifadəsini işlətməsi separatçıları pərt edib. Qeyd edək ki, Ş.Mişel mayın 30-da yazıb: “Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq­ları və təhlükəsizliyi ilə bağlı dialoq indi mühüm əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək və dialoqa çalış­maq vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması vaxt alır. Cəsarətli qərarlar lazımdır”.

Qondarma rejimin “ombudsman”ı Geqam Stepanyan bununla bağlı sosial şəbəkə hesabında qeyd edib ki, Avropa İttifaqını təmsil edən Aİ Şurasının Prezi­denti Şarl Mişelin onilliklər boyu mövcud olan faktlara (?) məhəl qoymadan “Artsax xalqı”na “keçmiş Dağlıq Qarabağ Mux­tar Vilayətində yaşayan ermənilər” kimi müraciət etməsi çox məyusedicidir”. Se­paratçı məmur bu faktın Brüsselin mode­ratorluğu ilə aparılan sülh danışıqlarına guya əngəl olacağını iddia edib.

Göründüyü kimi, separatçılar məyus­dur. Onlar son vaxtlar beynəlxalq təşkilat­ların Prezident İlham Əliyevin qeyd etdiyi kimi, faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşmasından pəjmürdə və­ziyyətdədirlər. Bu səbəbdən də araların­da tərəddüd, xaos, başıpozuqluq hökm sürür. Əslində, aqoniyaya bənzər bu və­ziyyət 2020-ci ilin Vətən müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra başlayıb. Ötən iki il yarım ərzində Azərbaycanın qa­zandığı yeni hərbi-siyasi-diplomatik qələ­bələr Ermənistanı, onun tərəfdaşlarını və Qarabağdakı separatçıları mat vəziyyə­tinə qoyub. Cənab Prezidentin 28 may tarixli xəbərdarlığı isə onların qürubunun başlanğıcıdır. Mahiyyətindən, arxasında dayanan qüvvələrdən asılı olmayaraq, bu dəstələr artıq batmaqda olan gəmidən canlarını qurtarmağa çalışan siçovulları xatırladır...

Aydın QULİYEV,
politoloq

– Azərbaycan Prezidentinin birmənalı və sərt mesajlarından sonra Qarabağda­kı separatçıların və onların əlində girov qalan sadə insanların bundan sonrakı fəaliyyəti, təbii ki, çox maraqlı olacaq. Ona görə ki, separatçılar Qarabağda müstəqil qərar qəbul etmirlər. Əgər on­lar müstəqil qərar qəbul edə bilən qüv­vələr olsaydılar, indiki ağır duruma gəlib düşməz və Azərbaycan Prezidentinin qətiyyətlə söylədiklərindən lazımi nəticə çıxarardılar. Bu fikirlər sadədir, birməna­lıdır; Azərbaycan dövlətinin suverenliyi­ni, onun Konstitusiyasını qəbul etmək, qanunlarına tabe olmaq, reinteqrasiya etmək, dövlətçilik oyunu oynamaq kimi qeyri-ciddi əməldən geri çəkilmək. Cə­nab Prezident bu mesajları separatçılara aydın və qətiyyətli tonda bildirdi.

Şübhəsiz ki, Qarabağda müxtə­lif dünya güclərinin sifarişlərini həyata keçirən separatçıların əlində, sözün həqiqi mənasında, girov saxlanılan in­sanlar arasında başqa cür düşünənlər var. Yəqin ki, Azərbaycan Prezidentinin birmənalı mesajları sadə ermənilərin və separatçı hərəkətlərlə müxtəlif sifarişləri yerinə yetirən odioz qüvvələrin fəaliyyə­tində özünü müxtəlif cür büruzə verəcək. Separatçılar təbii ki, hələlik silahı yerə qoymaq, Azərbaycan qanunlarına tabe olmaq ovqatı nümayiş etdirmirlər. Digər tərəfdən, yaxşı başa düşürlər ki, daha üçüncü dəvət olmayacaq. Anlayırlar ki, Azərbaycan istənilən addımı ata bilər. Belə şəraitdə separatçılar özlərini qoru­maq üçün sifarişlərini yerinə yetirdikləri dünya mərkəzlərinə müraciət edəcək, kömək istəyəcək, Parisin qapılarını yağır edəcəklər. Başqa ölkələrin qapılarında özlərinə yenə əvvəlki kimi himayə axta­racaq və yaranmış bu mürəkkəb durum­dan çıxmağa çalışacaqlar. Ancaq çıxış yolları yoxdur.

İstisna etmirəm ki, Xankəndidə girov qalmış sadə və açıq düşüncəli müəy­yən insanlar isə başqa ovqat nümayiş etdirə bilərlər. Hətta onların separatçı qüvvələrin əleyhinə açıq-aşkar çıxışlara başlamaları da mümkündür. Azərbaycan cəmiyyətinə dinc inteqrasiya və Azər­baycan dövlətinə sığınmaq Xankəndidə­ki sadə ermənilərin müəyyən hissəsinin artıq qəbul etməyə başladığı reallıqdır. Ona görə də Azərbaycan Prezidentinin qəti mesajlarının ciddi nəticələr verəcə­yinə və Xankəndidə həm separatçılara, həm də onların əlində girov qalan sadə insanlara təsir göstərəcəyinə əminəm.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət