Taksi fəaliyyəti: vahid nəzarət sistemi niyə yoxdur?

post-img

Son vaxtlar ölkə mediasında respublikamızda fəaliyyət göstərən taksi xidmətlərində ciddi qanunsuzluqlar nəzərə çarpması, xüsusilə, kartla ödəniş zamanı sərnişinlərə qarşı kobud rəftar edilməsi ilə bağlı çoxsaylı materiallar verilir. Əlbəttə, bu məqamda taksi sürücülərinin şikayətləri də yer alır. Onlar tərəfindən daşımada əziyyətin çox olmasına baxmayaraq, az gəlir əldə edildiyi bildirilir. Bütün bunlarla bərabər, hətta ölkədə taksi sıxlığının olduğu böyük narahatlıqla dilə gətirilir ki, belə vəziyyətin isə küçə və prospektlərdə hərəkətin pozulmasına, qəzaların artmasına gətirib çıxardığı diqqətə çatdırılır. 

Ekspertlər və sərnişinlərin ən çox narazılıq etdikləri məsələlər sırasında taksi sürücülərinin bir çox hallarda etik davranış qaydalarına laqeyd münasibət bəsləmələri geniş yer alır. Bunun isə sürücülərin işə qəbul edilərkən onların taksi fəaliyyətinə yararlı olub-olmamala­rının yoxlanılmasına laqeyd yanaşılma­sından irəli gəldiyi deyilir. Başqa sözlə, bu cür mühüm məqama əhəmiyyət ve­rilməməsi sürücülər tərəfindən xüsusilə qadın sərnişinlərə qarşı nalayiq dav­ranışların sayının getdikcə artmasına, hətta bəzən bu məsələdə sürücülərin qarət yolunu tutmağa cəhd göstərmələ­rinə gətirib çıxardığı vurğulanır. 

Bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində respub­likada fəaliyyət göstərən taksi şirkətləri­nin nümayəndələri ilə görüşdə yuxarıda sadalanan məsələlərə toxunularaq ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədi ilə taksi xidmətinin kompleks şəkildə tədqiq olunduğu, daha səmərəli idarəetmə sis­teminin yaradılması əsasında taksi xid­mətinin keyfiyyətinin yüksəldilməsi im­kanları araşdırıldığı bildirilib.

Adıçəkilən nazirliyin məlumatın­da, həmçinin bildirilir ki, hazırda ölkə ərazisində minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda, taksi xidmətlərinin təşkilini, sifarişlərin idarə olunmasını həyata keçirən yerli və xa­rici şirkətlər mövcuddur. Əksər şirkət­lərin məlumat bazası isə xarici ölkələr­də yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Halbuki hə­min qanuna əsasən, respublikamızda fərdi məlumatların informasiya sistem­ləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Sözügedən məlumatda o da xatırla­dılır ki, taksi minik avtomobilləri ilə sər­nişin daşımaları sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqi istiqamətində mütəmadi olaraq tədbirlərin həyata ke­çirilməsi zəruridir. 

Eyni zamanda, həmin məlumatda taksi fəaliyyətini tənzimləyən və tak­si minik avtomobillərinə dair tələbləri müəyyənləşdirən Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli Qərarından irəli gələn məsələlərə də toxunulub, sərnişin­daşımanı yerinə yetirən taksi nəqliyyat vasitələrinin milli və beynəlxalq standart­lara, həmçinin normativlərə uyğun texni­ki təchizata, habelə ekoloji standartlara uyğun olması zərurəti diqqətə çatdırılıb.

Tələblərə əsasən daşımalarda is­tifadə edilən taksi minik avtomobilləri müvafiq rəngdə olmalı, nəqliyyat va­sitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləş­dirilməlidir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşı­malarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Amma nəinki bu sadalananlara əməl edilir, heç taksi fəaliyyətində istifadə olunan avtomobillərin əksəriyyətinin köhnə və yararsızlığı belə narahatlıq doğurmur. Azərbaycanda təcrübəli tak­si sürücüləri olmadığına görə, gənclər, ümumiyyətlə, sürücülükdən dərin anla­yışı olmayan qeyri-peşəkar şəxslər bu işə cəlb edilirlər. Bu, bölgələrə, hətta kənd təsərrüfatına da ziyan vurur. Çünki regionlarda kənd təsərrüfatı ilə məşğul olmaq istəməyən, qazanc əldə edə bil­məyən cavanlar da Bakıya üz tutur, bu­rada bir avtomobil icarəyə götürüb, taksi fəaliyyəti ilə məşğul olurlar... 

Nazirlər Kabinetinin yuxarıda sözüge­dən qərarında taksi fəaliyyətinə cəlb oluna biləcək şirkət və nəqliyyat vasitəsinə qarşı tələblər izah edilərkən bildirilib ki, sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. İcazə “Li­senziyalar və icazələr haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri üçün “Fərqlənmə nişanı” alınmalıdır. “Fərqlən­mə nişanı”nı almaq üçün “onlayn” qayda­da “e-fn.ayna.gov.az” ünvanına, həmçinin Bakı, Yevlax və Xaçmaz KOB evlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq xidmət mərkəzlərinə müraciət et­mək mümkündür.

Ərşad HÜSEYNOV,
hüquqşünas, yol hərəkəti üzrə ekspert

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı xeyli qanun var, amma prob­lem qanunvericiliyin köhnə olmasın­dadır və yalnız klassik taksi fəaliyyə­tini tənzimləyə bilir.

Bu qanun aqreqatorlar, müxtəlif platformalar üzərindən taksi sifariş­ləri qəbul edən taksilərin fəaliyyətini tənzimləməyə yaramır. Ən böyük çatışmazlıq isə odur ki, bu qanun­lar 2000-ci illərin əvvəllərində qəbul edilib və burada aqreqatorun fəaliy­yəti ilə bağlı heç bir məlumat, həmin taksilərin fəaliyyətinin tənzimlənmə­si üçün heç bir müddəa yoxdur. Ona görə də mövcud qanunvericiliyi tək­milləşdirmək lazımdır. Bunun üçün beynəlxalq təcrübə var.

Dünyanın hər yerində hüquq ic­timai münasibətlərə uyğunlaşdırılır. İctimai münasibətlərin mahiyyətində yeniliklər olan kimi bu, qanunverici­likdə tətbiq edilir. Amma bizdə bu aq­reqatorlar çoxdan var və pandemiya dövründə də geniş yayıldı. Həmin aqreqatorların adı qanunvericilikdə yoxdur. Belə olan halda onlara necə nəzarət ola bilər?!. 

Hüquqşünas məsələnin həlli üçün vahid nəzarət sisteminin tət­biqini vacib sayır. Onun sözlərinə görə, problemi aradan qaldırmaq üçün vahid taksi sistemi deyil, tak­silərə nəzarət qurumunun vahid sis­temi olmalıdır. Vahid taksi sistemi nə praktiki, nə hüquqi, nə də nəzəri olaraq mümkündür. Burada söhbət xidmətin vahidliyindən getmir. Vahid nəzarət dövlət adından olmalıdır. Azərbaycanda gömrük, DİN-in vahid nəzarət sistemi var. Məsələn, ABŞ-da nəzarət qurumunun vahid sistemi var ki, tutaq ki, ölkədə 50 şirkət var­sa, onların hamısına bir dövlət quru­mu nəzarət edir. Həmin qurumun da vahid sistemi var. Ölkədə olan taksi şirkətləri həmin sistemə inteqrasiya edir və sistemə daxil olan sürücülər­lə bağlı bütün məlumatlar reallaşır.

Taksilərə vahid nəzarət sistemi olmayanda onlara yetərli nəzarət etmək mümkün olmur və sui-istifa­də halları baş verir. Həmin sürücülər 12–14 saat istismar olunur. Şərtlər isə belədir ki, onlar normal qazanc əldə etmək üçün bu qədər uzun müddət çalışırlar, bu da təbii ki, sürü­cü olmaq məntiqinə ziddir. Heç kəs hər gün 12 saat avtomobil idarə edə bilməz.

Onu da qeyd edim ki, taksi fəa­liyyəti ilə bağlı paytaxtda baş verən son xoşagəlməz hadisələri hər han­sı avtomobil markasının adına bağ­lamaq düzgün deyil. Burada vacib olan insan amilidir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



Sosial həyat