İrəvanda yenə “qaydasız döyüş” havası duyulur

post-img

Hayastanın paytaxtında əks-qütblərdəki qüvvələrin bir ay əvvəlki qarşıdurması barədə “İrəvanda ara qarışıb, məzhəb itib” sərlövhəli məqalə yazmışdıq. Bu gün yalnız məzhəblərini deyil, həm də başlarını itirmiş hayların bir-birinə qarşı ittihamları, az qala, “rinq razborkaları”nı xatırladır.

Daxili ehtirasların coşduğu ölkədə baş nazir Nikol Paşinyanın özünə və hökumətinə qarşı çıxanları bir neçə is­tiqamətdə qruplaşdırmaq mümkündür. Bunlar əsasən “məxməri inqilab” nəticə­sində yüksək vəzifələri itirən və Paşinya­nın əlindən yanıqlı olan “ekslər”, vaxtilə indiki hakim komandada olub sonra yol­larını ayıranlar (məsələn, milli təhlükəsiz­lik xidmətinin direktoru Artur Vanetsyan), övladları İkinci Qarabağ müharibəsində həlak olanların valideynləri və yaxınları (rəsmi İrəvan müharibədə 3781 nəfəri itirdiyini bildirir, reallıqda isə bu rəqəm dəfələrlə böyükdür), müharibə tərəfdarı olan, Paşinyanı xain hesab edən revan­şistlər, Qarabağ klanı və ənənəvi müxa­lifətdir.

Ermənistanda revanşistlərin getdikcə güclənməsi bir reallıqdır. Onlar xüsusilə, N.Paşinyanın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü ta­nıması ilə bağlı verdiyi bəyanatlardan sonra aktivləşiblər. Bu xüsusda, mayın 19-da Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimad­naməsini qəbul edərkən, Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdi­yi fikirlər maraq doğurur. Dövlətimizin başçısı bildirib ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanma­sının yeni təhlükələr yaratdığını deyən cənab İlham Əliyev qeyd edib ki, əgər doğrudan da, Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyon­larla dollar dəyərində silah alır. Azərbay­can Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

***

Mayın 18-də Ermənistanın və Qa­rabağın 30-dan çox “siyasi qüvvəsi”nin birgə bəyanatla çıxış etməsi də təsadüfi sayılmamalı və revanşistlərin güclən­məsinin göstəricisi hesab olunmalıdır. Onlar bəyanatda bildiriblər ki, hazırkı ge­osiyasi şəraitdə təzyiq və təhdid altında Ermənistan–Azərbaycan danışıqlarının süni şəkildə (?) sürətləndirilməsi erməni xalqının maraqlarına uyğun deyil. Nikol Paşinyanın isə Ermənistan–Azərbay­can münasibətlərinin nizamlanması ilə bağlı razılaşmalar əldə etmək və vədlər vermək səlahiyyəti yoxdur (?). Görün, revanşistlər necə hədlərini aşıblarsa, 2021-ci ilin iyununda növbədənkənar parlament seçkilərində seçicilərin 54 faizinin səsini, qanunverici orqanda 71 deputat mandatı qazanaraq baş nazir seçilən şəxsin Azərbaycanla razılaşma əldə etmək səlahiyyətinin olmadığını id­dia edirlər.

İmzalanan bəyanatda əli günahsız azərbaycanlıların qanına batmış Robert Koçaryanın başçılıq etdiyi, parlamentdə 27 deputat yerinə malik “Hayastan” al­yansının (alyansda “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyaları birlə­şib) adının ilk sırada yazılması bu bəya­natın hazırlanma təşəbbüsünün haradan gəldiyini bəlli edir. Üstəlik, siyahıda siya­si qüvvələrin say çoxluğunu təmin etmək üçün Erməni İnqilabi Federasiyası –“Daşnaksütyun” partiyasının adı təmsil olunduğu blokdan ayrı yazılıb.

Ancaq N.Paşinyan və onun silahdaş­ları da az aşın duzu deyil. Baş nazirin rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyasından olan deputat Akop As­lanyan “Daşnaksütyun”un fəaliyyətinin qadağan olunması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, “Daşnaksüt­yun” Ermənistanın müxtəlif rayonların­dakı yerli təşkilatlarını buraxıb. A.Aslan­yan bunu dürüstlük kimi qiymətləndirib. Qeyd edib “Daşnaksütyun”un fəaliyyət göstərməsi üçün qanuni əsaslar yoxdur: “Partiyalar haqqında” qanuna əsasən, bu təşkilatın fəaliyyəti qadağandır”.

A.Aslanyan deyib ki, partiya fəaliyyə­tini bərpa etmək üçün qurultay keçirmə­lidir, ancaq daşnaklar bunu etməyiblər: “Daşnaksütyun” anti-erməni təşkilat ol­duğuna görə, fəaliyyətinin dayandırılma­sı zəruridir. Bunu yalnız mən demirəm, tanınmış insanlar da bu fikirdədirlər. Biz bu təşkilatın bağlanması üçün prosesə başlamaq niyyətindəyik. Hətta, bizim bu təşəbbüsümüz uğursuz olsa belə, “Daş­naksütyun” bir neçə ildən sonra ölü parti­ya kimi siyasi səhnəni tərk edəcək”.

O, “Daşnaksütyun” partiyasını xaricə casusluqda ittiham edib və bununla bağlı əlavə araşdırmalar apardığını, material­lar topladığını da deyib. Yeri gəlmişkən, qeyd edək ki, 1994-cü ilin dekabrın 28-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın sərəncamına əsasən, siyasi partiyalar haqqında qanunu poz­duğu üçün “Daşnaksütyun”un fəaliyyəti qadağan olunub. Ter-Petrosyanın dev­rilməsindən sonra Robert Koçaryan daş­nakları yenidən siyasi səhnəyə qaytarıb.

***

Revanşistlərin fəallaşması fonunda Ermənistanda baş verən digər hadisə –N.Paşinyanın oğlunun oğurlanmasına cəhd olayı da diqqətdən qaçmır. Bu in­sident Ermənistan cəmiyyətində qütb­ləşmənin səviyyəsindən və revanşist düşərgənin açıq-aşkar radikallaşması prosesindən xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, bütün erməni cəmiyyəti bu və ya digər dərəcədə revanşizmdən əziyyət çəkir. Olay Ermənistanın siyasi həyatında terrorizmdən istifadənin “zən­gin ənənələrə” malik olmasının da göstə­ricisidir. Aşota məhz atasının Qərbdə – İslandiyada olduğu vaxtda və ictimaiyyət qarşısında Azərbaycanın 86,6 min kvad­ratkilometr ərazisini tanıdığını bəyan et­diyi vaxtda, habelə mayın 25-də Mosk­vada gözlənilən növbəti üçtərəfli görüş ərəfəsində hücum təsadüfə oxşamır və daha çox Ermənistan baş nazirinin özü üçün təhdid siqnalıdır.

Paralel olaraq Qarabağ iqtisadi ra­yonunda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında “pro­seslər” vüsət alır. Hansısa qüvvələr tərəfindən burada son günlər Ruben Vardanyanın müqəvvasının yenidən aktivləşdirilməsinə çalışılır. Qondarma rejimin keçmiş “təhlükəsizlik şurasının katibi” Samvel Babayan fəallaşıb, Arayik Arutyunyanın “istefası” ilə bağlı təşəb­büs başladılıb, sosial şəbəkələr qismən bloklanıb. Ancaq İrəvan və Xankəndidəki proseslərdən asılı olmayaraq, bu bölgə­də həlledici faktor Azərbaycandır. Ermə­nistan tərəfinin atacağı sonrakı addımlar (o cümlədən, xarici təsirlər altında) Bakı­nın bundan sonrakı addımlarının mahiy­yətinə deyil, formasına təsir edə bilər. Və bu mahiyyət Prezident İlham Əliyevin bir neçə il öncəki məşhur ifadəsində ehtiva olunub: Qarabağ Azərbaycandır!

Züriyə QARAYEVA,
siyasi şərhçi

– Ermənistanda daxili qarşı­durmaların yaşanması gözlənilən idi. Çünki bu ölkə tamamilə dala­na dirənmiş vəziyyətdədir. Paşin­yan 2021-ci ildə müəyyən vədlər verərək növbədənkənar seçkidə qalib gələ bildi. Zənnimcə, qar­şıdurmalarda bir səbəb verilən vədlərin yerinə yetirilməməsidir. Haylar artıq Azərbaycanla müna­sibətlərlə bağlı da Paşinyana su­allar verməyə başlayıblar. Onun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatlarından sonra daxildə ehtiraslar daha da qızışıb. Sülh müqaviləsinin imzalanması həm də sərhədlərin delimitasiyası deməkdir. Bu isə Hayastanın daha çox ərazi itkisinə məruz qalması­dır. Hazırkı etirazlar onların təbi­rincə desək, Paşinyanın yarıtmaz siyasəti ilə bağlıdır.

Digər tərəfdən, Paşinyan hər nə qədər Qərbə yönəlik siyasət yürüt­sə də, Rusiyanın asılılığından fak­tiki olaraq qurtula bilmir. Ona görə də Paşinyan, sanki, iki od arasında qalaraq çapalayır. Rusiyayönümlü qüvvələr Paşinyanın Qərbyönümlü siyasətinə qarşı çıxırlar. Nəticə eti­barilə baş nazirə qarşı daha geniş cəbhə yaranır və siyasi qüvvələr arasında ziddiyyətlər kəskinləşir.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət