İrəvan və Bakı arasında ikitərəfli, üçtərəfli dialoqun təşəbbüs və təşkilatçılarının bu operativliklə dəyişməsi, ilk baxışda, Vaşinqtonun təşəbbüsü könüllü şəkildə Moskvaya ötürməsi təəssüratını yarada bilər. Əslində, ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patelin XİN başçılarının Moskva təmaslarından bir gün əvvəl brifinqdə İrəvan və Bakı arasında dialoqun perspektivi ilə bağlı verdiyi açıqlaması bu təəssüratın doğruluğunu təsdiqləyən kimi görünür: “ABŞ danışıqların harada getməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”. Amma birbaşa dialoqun növbəti iki raundunun Kremlin eqidası altında keçirilməsi heç də o demək deyil ki, Qərb sülh təşəbbüslərindən və buna söykənən bölgədəki maraqlarından asanlıqla vaz keçib. Bu, dediyimiz kimi, sadəcə, görüntüdür. Çünki sülh danışıqlarının 2023-cü ilin iyun, iyul və oktyabr aylarında növbəti üç raundunun Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təklifi ilə Kişinyov, Brüssel və Qranadada keçiriləcəyi indidən dəqiqləşdirilib.
Lavrov nikbin görünür
“İnanırıq ki, liderlərimiz arasında əldə olunmuş razılaşmalara alternativ yoxdur. Vəziyyətin sabitləşməsi ilə bağlı qərarların icrasını təmin etmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu və ya digər şəkildə bu regionda iştirak etməkdə maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar”. Rusiyanın baş diplomatı Sergey Lavrov bu sözləri dünən Moskvada Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyanla görüşündə deyib.
Ermənistan–Azərbaycan şərti sərhədində vəziyyətin sabitləşdirilməsinin vacibliyini vurğulayan S.Lavrov “Humanitar problemlərin həlli, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, hər iki tərəfin fəal işlədiyi sülh müqaviləsinin mətninin razılaşdırılmasına zərurət var. Buraya ekspertlər, ictimai təşkilatlar və parlamentarilər vasitəsilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də əlavə edərdim. Daha əvvəl belə bir təcrübə var idi. Hesab edirəm ki, bu, tərəflər arasında etimadın yaradılmasında əlavə addım kimi çox vacibdir”, – deyə bildirib. S.Lavrovun kifayət qədər nikbin notlara köklənmiş açıqlaması Kremlin sülh prosesində rəsmi və əsas vasitəçi kimi bu missiyanı sonadək davam etdirmək istəyindən xəbər verir.
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra mediaya açıqlama verən S.Lavrovun sözlərinə görə, danışıqların ayrıca mövzusu sülh müqaviləsidir: “Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda, o, digər vasitəçilərin də iştirakı ilə fəal şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan liderləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, fundamental məsələdir. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqləyiblər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və kommunikasiya əlaqələri açılmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir”.
S.Lavrov, həmçinin qeyd edib ki, gələn həftə baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçirilməlidir: “Ümid edirik ki, yekunda müsbət nəticə əldə olunacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındırlar”.
Paşinyan reallığa bir az da yaxınlaşdı
Moskva görüşündən bir gün əvvəl hökumətin iclasında çıxışı zamanı mayın 14-də Brüsseldə üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların önəmindən danışan Ermənistan baş naziri Nikol Paşinyan istəyini belə dilə gətirib: “Bölgədə sülhün və sabitliyin bərqərar olması üçün Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətnini dəqiqləşdirmək və sərhədlərin delimitasiyasını aparmaq çox vacibdir”.
Hayların baş naziri bu dəfə, nədənsə, “Qarabağ ermənilərinin öz müqəddaratını təyinetmə hüququndan”, ikitərəfli danışıqların bu hissəsinə “beynəlxalq institutların cəlb olunmasından” danışmayıb. Yəqin son vaxtlar bir qədər realist və praqmatik fikirləri ilə diqqəti çəkən Paşinyan Bakının heç vaxt buna yol verməyəcəyini, bu xüsusda, son və qəti mövqeyini çoxdan ortaya qoyduğunu nəzərə alaraq, yersiz cəhdlərdən əl çəkməyi qərarlaşdırıb. Təki dediyimiz kimi olsun. Danışıqların bu mərhələsində irrasional təkliflərə vaxt ayırmaq əbəsdir.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Kremlin təşəbbüsü ilə dünən xarici işlər nazirləri səviyyəsində baş tutan, mayın 25-də isə dövlət başçılarının qatılacağı üçtərəfli sülh danışıqlarının Moskva formatında konkret hansısa qərarın qəbul ediləcəyini gözləmədiyini vurğulayıb:
“Öncə onu qeyd edək ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh dialoqu ilə bağlı Avropa İttifaqı, konkret olaraq, Şarl Mişellə yaxından əməkdaşlıq edir. Moskva isə özü təşəbbüs göstərir. Bu gün iki ölkənin xarici işlər nazirləri mayın 25-nə təyin edilmiş liderlərin görüşünə hazırlıq işlərini görürlər və müzakirələr də bununla bağlıdır. Amma həmin üçtərəfli danışıqlarda hansısa sənədin imzalanacağını güman etmirik. Sadəcə olaraq, həm Bakı, həm də İrəvan daha çox ABŞ-ın və Avropa İttifaqının dəstəyi ilə sülh prosesinin irəli aparıldığına əmin olduqları vəziyyətdə Moskvanın yeri dəqiq müəyyənləşməlidir”.
Tanınmış politoloq münaqişənin nizamlanmasının indiki mərhələsində Moskvanın yerinin və oynadığı rolunun dəqiqləşdirməyə ehtiyac duyulduğunu xüsusi olaraq önə çəkir:
“Rusiya bölgədədir, burada özü-nün sülhməramlı kontingentini sax-layır. Yəni, rəsmi Moskva Qərb ölkələrindən fərqli olaraq, Zəngəzur dəhlizi və Laçın yolu ilə, eləcə də şərti sərhəddəki son vəziyyətlə bağlı regionda mövcuddur. Düşünürük ki, sülh prosesini irəliyə aparmağa real səylər göstərən Qərb Rusiyanın bu geosiyasi müstəvidə rolunu dəqiqləşdirmək və təşəbbüsü ələ almaq istəyir. Həm də bu səbəbdən Moskvada sülhlə bağlı sənədin imzalanacağını gözləmirəm”.
Uğurun bizim tərəfimizdə olacağı şəksizdir
Cənubi Qafqazda postmüharibə dövrünün yaratdığı vəziyyətin sanki dünya güclərinin müzakirə predmetinə çevrildiyini vurğulayan tanınmış politoloq Fikrət Sadıxov bu güclərin sülh sazişinin imzalanmasında maraqlı ola biləcəyini də istisna etmir:
“İndi hər bir güc öz maraqları çərçivəsində hərəkət edir. Bu maraqlar isə müxtəlif olduğu qədər də bir-birinə ziddir. Misal üçün, Moskva Vaşinqtonda və Brüsseldə təşkil olunan sülh dialoqundan çox narazıdır və düşünür ki, Qərb ölkələri bölgəyə müdaxilə etməməlidir. Kreml özünü əsas oyunçu hesab edir və 2020-ci il 10 noyabr tarixli Bəyanatın yalnız onun vasitəçiliyi ilə imzalandığını, atəşkəsin əldə olunduğunu bildirir. Yəni, özünün sülhməramlı qüvvələrini yerləşdirdiyi bölgədə kənar güclərin hansısa rolu oynamağa, dialoq təşəbbüsünü irəli sürməyə ixtiyarı yoxdur. Bunu həm Rusiyanın baş diplomatı Lavrov, həm də onun sözçüsü Zaxarova dəfələrlə bəyan edib”.
Politoloq F.Sadıxov indiki şəraitdə Moskvanın tərəflər arasında sülh sazişinə yaxın, yaxud sazişin mətni üzrə ən azı şifahi hansısa razılaşmanın əldə olunmasına çalışdığını ehtimal edir. Kremlin təşəbbüsü əldən verəcəyindən ehtiyat etdiyini bildirən və bu riskin real olduğuna diqqəti çəkən siyasi şərh-çi Azərbaycanın bütün hallarda udan tərəf olacağına inandığını deyir:
“Mövcud vəziyyətdən biz də yararlanırıq. Bakı kifayət qədər düşünülmüş diplomatik addımlara, hücum taktikasına köklənib. Artıq bəzi məsələlərin müzakirəsində müəyən uğurlar qazanmışıq. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması məhz diplomatik təzyiqin nəticəsidr”.
Aydın məsələdir ki, dünən xarici işlər nazirləri səviyyəsində keçirilən Moskva müzakirələri Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mayın 25-nə planlaşdırılmış üçtərəfli görüşün diplomatik preambulasıdır. Bakının sülh dialoqunun Kremlin evsahibliyi edəcəyi qarşıdakı raundundan da müsbət nəticələrə imza atmaqla çıxacağına indidən əminik.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”



