“6 nömrəli dalan”da ilişib qalanlar

post-img

Xeyr, hörmətli oxucu, bu gün sizə məşhur rus yazıçısı Anton Pavloviç Çexovun “6 nömrəli palata” hekayəsindən söhbət açmayacağıq. Məqsədimiz dünya şöhrətli ədibin qəhrəmanlarının müasir prototipləri kimi gördüyümüz – Qarabağımızdan çıxmağa tələsməyən və son günlər isterik çığır-bağırtıları ərşə dirənən erməni separatçılarının son “nəğmələrini” nəzərinizə çatdırmaqdır. 

Bu gün onların hamısı üçün Qaraba­ğın hər bucağı “6 nömrəli dalan”a çevri­lib. Baş rola iddialılar çox olsa da, hələlik üzdə olan Ruben Vardanyandır. Dünən mətbuat konfransı keçirən kriminal biz­nesmen və psevdodiplomat “yeni cəbhə” açdığını elan edib, “DQR parlamentinin” dörd “partiyası”nın iştirakı ilə “artsaxın qurtuluş planı”nın hazırlandığını bəyan edib və həmin plan “prezident” Arayik Arutyunyana, yəni doktor Raqinə təqdim olunub. 

İntriqalar kulminasiyaya doğru gedir

Doğrudur, hazırda “dalan”da baş rola yeni iddiaçı, Paşinyanın İrəvandan bölgəyə göndərdiyi emissarı Samvel Babayanla Vardanyan arasında müba­rizə qarşıdurma həddinə çatıb. Qondar­ma rejimin “dövlət naziri” olmaq tələbi ilə Xankəndidə mitinq keçirən Babayan da “doktor Raqinə” öz təkliflərini təqdim edib. “Prezident” Arutyunyan tezliklə təkliflərlə bağlı qərar çıxarmalıdır. Başqa seçim imkanı yoxdur, çünki fərman lap yuxarıdan verilib. Ermənistanın “Joxo­vurd” qəzeti tamamilə haqlı olaraq yazır ki, Babayanın Qarabağda fəallaşması baş nazir Nikol Paşinyanın özəl təşəbbü­südür. Qəzet onu da yazır ki, Babayanı kurasiya edənlər deputat Andranik Ko­çaryan və Qaqik Melkonyandır. Paşinyan “6 nömrəli dalan”la əlaqəni məhz depu­tatların vasitəsilə qurur. İndi tamaşaçılar, yəni Qarabağın etnik erməni sakinləri “doktor Raqin”dən Babayanın “dövlət naziri” təyinatını intizarla gözləməkdədir. Mənbə Arutyunyanın bu addımı kənarda­kı boz kardinalın -- baş nazir Paşinyanın göstərişi ilə atacağını bildirir.

Helikopter “razvyazka” ola bilməz

Rusiyadakı biznes fəaliyyətində, Qa­rabağdakı “millət atası” missiyasında tam iflasa uğramış, uğursuzluğa düçar olmuş “dalanın qəhrəmanı” Ruben Vardanya­nı dünənki video - müsahibəsində göz yaşlarını tökərək, hıqqına-hıqqına təcrid vəziyyətində qaldığını, Qarabağdan çıxa bilmədiyini deyib. Bu barədə məlumat ya­yan “Hraparak” qəzeti yazır ki, Vardanyan Azərbaycanın hüquq-mühafizə orqanla­rından şikayətlənib. O, sərhəd-buraxılış məntəqəsində Qarabağa gəlib-gedən er­mənilərin yoxlanıldığı üçün Xankəndidən çıxa bilmədiyini deyib. Hətta bunun üçün helikopter variantını ona görə istisna edib ki, Azərbaycanın həmin helikopteri göydə vurma ehtimalı böyükmüş.

Qarabağ ermənilərini “xoşbəxt edə­cəyini” bəyan etmiş “milli qəhrəman” indi hadisələrin hansı məcrada inkişafını, özü üçün münasib “razvyazka”nı gözləməyə məhkumdur. 

Vardanyanın Babayanla savaşının teatr meydanında irəli sürdüyü yeni “pro­jelərini” ciddi qəbul etməyə dəyərmi? Çətin. Amma bir məqamı da unutmaq ol­maz ki, Rusiyadakı bəzi dairələr onunla bağlı müəyyən ümidlərini hələ də bas­dırmayıblar. Vardanyana “suyun üzündə qalmağı” buyuran, “mübarizəni davam etdirməyi” məsləhət görən “rejissorlar” da məhz Kremldəki “pult”un arxasında əyləşənlərdir. O da gün kimi aydındır ki, Moskva Qərbin vasitəçiliyi ilə Azərbay­can və Ermənistan arasında əldə olun­ması mümkün sülhü qəbul etməyəcək. Axı Rusiya bu variantda özünün bölgə­dəki maraqlarına birbaşa təhlükə yarada biləcək nüansları nəzərdən qaçıra bil­məz. Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada üçtərəfli danışıqlarının əsas leytmotivinin son həll mərhələsinə yaxınlaşmış köhnə mü­naqişənin birbaşa özünə aid məqamların təşkil edəcəyini söyləyə bilərik.

Əslində, Qarabağda “6 nömrəli da­lan”a dirənmiş yerli və gəlmə separatçı­ların bu görüş ərəfəsində fəallaşmasını, “qəhrəmanlıq” davasına qalxmaları da təsaqdüfi sayılmamalıdır. 

Epiloq əvəzi 

Qərarın haradan veriləcəyindən, pər­dənin nə zaman endiriləcəyindən asılı olmayaraq, “6 nömrəli dalan”dakılar üçün epiloq yaxınlaşmaqdadır. Əsərin qanlı səhnələrinin sonunda kimlərin qurban veriləcəyi də onda məlum olacaq. 

Sərlövhənin altındakı cümləni Qara­bağdakı daşnak separatçılarının gözlə­nilən aqibətinin əksəriyətimizin çox xoş­ladığı “mıxın mismara dönməsi” barədə ibrətamiz hekayətin sonluğuna bənzədi­yinə görə seçdik. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət