Türkiyəyə qarşı qərəz: 14 may seçkiləri və Qərbin ATƏT aləti

post-img

Türkiyədə bu il mayın 14-də keçirilmiş prezident və parlament seçkiləri dünyanın ən demokratik seçki prosesi kimi tarixə düşdü, – desək, heç bir mübaliğəyə yol vermərik. Bunu təsdiqləyən amil kimi, ilk növbədə, yüksək seçici fəallığını vurğulamaq mümkündür. Fəallıq isə o deməkdir ki, insanlarda inam var. İnam varsa, prosesin qanuniliyini qoruyacaq immunitet də mövcuddur. Türkiyə xalqı prezident və parlament seçkilərində səfərbərlik nümunəsi göstərməklə, ortaya həm də yüksək mənəvi göstəricilərindən irəli gələn mədəniyyət qoydu. Təəssüf ki, bu mədəniyyəti gözü götürməyənlər var. Bu baxımdan seçkilərlə bağlı mənfi rəy açıqlamış ATƏT-i misal göstərmək olar. 

...Əlbəttə, demək olmaz ki, qurumun müşahidə missiyası 14 may seçkilərində heç bir iş görməyib. Məsələn, bu missiya­nın tərkibində olan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bayraq­dar Media”nın baş redaktoru Azər Həs­rət bildirir ki, həmkarları kifayət qədər məhsuldar çalışıblar: “Bizimlə birgə daha 6 nəfər də Adana vilayətinə göndərildi. Daha sonra biz iki heyət olaraq Mersinə yollandıq. Səsvermə günü ilkin müşahi­dələrimizə görə fəallıq müşahidə olunur­du. Binada bir neçə məntəqə var idi. İlk saatlardan bizə hər hansı əngəl yara­dılmadı. Saat 8-dən sonra da hər hansı pozuntuya rast gəlmədik. Gün ərzində, ümumilikdə, 9 məntəqədə seçki prosesi­ni izlədik. Küçədən keçən hər kəs gəlib seçki nəticələrinin yoxlanılmasında işti­rak edə bilərdi. Seçicilərin yazdığı adlar açıq şəkildə sonda göstərilirdi”.

Göründüyü kimi, müşahidə missiyası səmərəli fəaliyyət göstərib. Amma, çifay­da. Sən demə, bu məhsuldarlıq ATƏT-in rəhbərliyində dayananlar üçün gərəksiz imiş. Çünki onların dünyaya bəyan etmək üçün hazır qərəz mətnləri var. Nədir bu mətnlərdə olanlar? “Seçki prosesinə mü­daxilə edilib”, “seçicilərin böyük bir qismi səsvermədə iştirak etməkdə çətinliklə üzləşib”. 

ATƏT təmsilçiləri başqa cəfəngiyyat­lar da irəli sürürlər. Qurumun kluarlarında hazırlanan və “model” kimi müxtəlif hə­dəflərə tətbiq edilən seçkiyə müdaxilə ilə bağlı iyrənc üsulların hamısını sadalama­ğa ehtiyac duymuruq. Ona görə ki, qərəz varsa, deməli, nələrisə “düşünüb tap­maq” mümkündür. Bəs, Türkiyə ilə bağlı seçki saxtakarlığı iddiasını gündəmə gə­tirmək hansı məqsəddən qaynaqlanırdı?

***

Əlbəttə, burada ilk vurğulanmalı məqam Qərbin hazırkı Türkiyə iqtidarına və şəxsən Prezident Rəcəb Tayyib Ər­doğana bəslədiyi hiddətli münasibətdir. Ankaranın müstəqil siyasi xətti, dünyada, xüsusən də, türk dünyasında artan nü­fuzu göz önündədir və bu, qlobal siyasi dairələri ciddi qayğılandırmaqdadır. On­lar ölkənin hazırkı yüksək statusunun, bilavasitə Prezident Ərdoğanın yeritdiyi kursun nəticəsi olduğunu gözəl anlayır­lar. Onu da gözəl anlayırlar ki, bu xətt Türkiyədə iqtidardakı şəxsin kimliyindən asılı olmayaraq, dövlətin daxili potensia­lının göstəricisi, əhalinın ədalət ruhunun məhsulu kimi oturuşmaqdadır. 

Ərdoğan son iyirmi ildəki siyasəti ilə yalnız ölkənin iqtisadi tərəqqisini təmin etməyib, eyni zamanda, müasir Türkiyə­nin dərin dövlətçilik ənənəsini möhkəm­ləndirib. Elə bir ənənəni ki, özünün ideya qaynağını Osmanlı zənginliyindən götü­rüb. Hazırkı Türkiyə ulu öndər Mustafa Kamal Atatürkün qurduğu modeli rəhbər tutsa da, dövlətin alt qatında haqqında söz açdığımız zənginliyin olduğu danıl­mazdır. 

Bəli, hazırda Qərbin müasir Tür­kiyəyə baxışı onun vaxtilə Osmanlıya baxışından heç nə ilə fərqlənmir. Yəni, ölkənin əzəmətini qəbul etmək, lakin ona qısqanc yanaşmaq, hər fürsətdə Türkiyəni sarsıtmaq. Axı son iyirmi ilə­dək sarsıntılara mübtəla olan, iqtisadi cəhətdən zəif, dirənişsiz bir Türkiyə olub. Bir qədər əvvəlki tarixə baxsaq, dövlət rəhbərlərinin edam kötüklərinə daşındı­ğı, dar ağaclarından asıldığı, səhərlərini çevrilişlərlə açan ölkənin acı mənzərəsi də yaddaşlardan silinməyib. Hər bu kimi olayların dövlətin əsaslarına nə dərəcədə böyük zərbə vurduğu gün kimi aydındır. 

Tam qətiyyətlə söyləmək mümkündür ki, Prezident Ərdoğan dövlətin əsasla­rına zərbə vurulmasını mümkünsüzə çevirən sistem yaradıb. Ancaq görünən budur ki, Qərbin bəzi dairələri məkrli niyyətlərindən əl çəkmirlər. Onlar ölkəni ötən əsrin 50-90-cı illərinin siyasi katak­lizmləri dövrünə qaytarmaqda israrlıdır­lar. Mənfur niyyətlərini gerçəkləşdirmək üçün ənənəvi hərbi çevriliş yoluna baş vurduqlarını da gördük. 2016-cı ilin 15 iyul tarixi hamımızın yaxşı xatirindədir. Türkiyə dövlətinə və dövlətçiliyinə qarşı yırtıcı mahiyyətin özünü göstərdiyi o mə­şum tarix yaddaşlardan silinmədiyi kimi, həmin vaxtkı xalq-hakimiyyət vəhdətinin böyük qəhrəmanlıq dastanına çevrilmə­si də həmçinin. Bu vəhdəti yaradan da Ərdoğandır, türk lirəsinə qarşı dollar hü­cumlarının qarşısında duruş gətirən işlək sistemi də quran odur. 

***

ABŞ Prezidenti Co Baydenin haki­miyətə gələr-gəlməz işlətdiyi bir söz var – Ərdoğanı seçki ilə devirəcəm. Əlbəttə, qoca Bayden başqa yolun mümkün ol­madığını yaxşı bildiyindən belə deyirdi. Mayın 14-də keçirilmiş prezident və par­lament seçkiləri də Türkiyə liderini devir­məyə hesablanmışdı. 

Qərb özünün ənənəvi seçki texno­logiyalarını işə salmış, beləliklə ölkə əhalisinin iradəsinə təsir göstərməyə çalışmışdı. Bu baxımdan müxtəlif sax­ta rəy sorğularının keçirilməsini, həmin sorğularda iqtidarın, guya, nüfuzunun yoxluğunun göstərilməsini misal çəkmək mümkündür. Hələ, guya, seçki qutuları­na saxta bülletenlərin atıldığının əksini tapdığı videogörüntülər də dövriyyəyə buraxılmışdı. Ancaq bu kimi cəhdlər uğursuzluqla üzləşdi. Belə planları hazır­layanlar reallığın tamam başqa cür oldu­ğunu görüb geri çəkildilər. Həm də, ona görə geri çəkildilər ki, mövcud iqtidarın həmin saxta səhnələrin üzərinə gedərək, onları düzüb-qoşanları ifşa edəcəyindən qorxdular. Baxın, haqqında söz açdığı­mız videogörüntüləri dünyanın heç bir kütləvi informasiya vasitəsi yayımlamadı. Əgər, azacıq həqiqət payı olsaydı, tərəd­düdsüz edərdilər.

Əlbəttə, Qərb Ərdoğan hakimiyyəti­ni devirmək üçün əvvəldən mövcud is­tiqamətdə zəmin də hazırlamışdı. Söhbət bir qədər əvvəl haqqında söz açdığımız süni devalvasiya meyillərindən gedir. Təbiidir ki, lirənin dollara nisbətdə cid­di dəyər itirməsi adi bir şey deyil. Yəni, demək olmaz ki, iqtisadi böhran sıravi Türkiyə vətəndaşının güzəranına təsirsiz ötüşdü. Elə bu təsirin nəticəsi idi ki, ha­kim komandanın parlament seçkilərində aşkar uğur qazanmasına baxmayaraq, prezident seçkilərində ikinci turu göz­ləmək zərurəti yarandı. 

Ancaq Ərdoğan iqtidarının ilk turda qazandığı səsçoxluğu ikinci turun hazırkı dövlət başçısının qələbəsi ilə bitəcəyini söyləməyə son dərəcə ciddi əsaslar ver­məkdədir. Əvvəla, birinci turda üstünlük qazanmış siyasi qüvvənin ikinci turda mövqeyini əldən verməsi təcrübəsi yox­dur. İkinicisi, Ərdoğan 28 mayda keçirilə­cək ikinci tura psixoloji rahatlıqla gedir. Nəzərə alaq ki, Qərb birinci turda bütün kartlarını xərclədi. Məlumdur ki, başlıca güc müxalif kəsimin ilk mərhələdə qələ­bə qazanmasına qoyulmuşdu. İkinci tura təsir göstərmək üçün resurs, sadəcə ola­raq, yoxdur. Rəy sorğuları kimi manipul­yasiya alətlərinin reallığı əks etdirmədiyi tam şəkildə ortadadır. ATƏT kimi qurum­ların qərəzli yanaşmaları da ikinci turda­kı gedişata təsir göstərmək baxımından heç nədir. 

***

Bəli, Türkiyədə seçki Qərbin istədiyi məcrada getmədi. Axı saxtakarlıq gör­mək istəyirdilər ki, xalqı buna qarşı aya­ğa qaldırmaq üçün vacib olan resursları işə salsınlar. Dünyanın müxtəlif yerlərin­də gerçəkləşdirdikləri məxməri inqilablar zamanı işə saldıqları kimi. Bacarmadılar. Nəticə etibarilə ATƏT-in seçkilərə verdiyi qiymət siyasi-hüquqi riyakarlıqdan başqa bir şey olmadı. Türk Dövlətləri Təşkilatı­nın xətti ilə qardaş ölkədə prezident və parlament seçkilərini müşahidə etmiş Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu da bunu deyib. 

H.Babaoğlu APA-ya açıqlamasında bildirib ki, Türkiyənin siyasi sistemi və seçki institutları qədər seçkilərə və onun nəticələrinə münasibətdə həssaslıq nü­mayiş etdirən ikinci sistem təsəvvür et­mək mümkün deyil: “Seçki prosesində ən radikal dil və üslubdan istifadə edən si­yasi qüvvələrin 14 may tarixində keçirilən seçkilərin nəticələrinə heç bir xüsusi eti­raz bildirməməsi də ölkə daxilində siyasi aktorların öz milli demokratiyalarına inam və etibarın göstəricisidir. Belə olan halda ATƏT-in seçkilərin nəticələrini şübhə al­tına alan açıqlamalarla çıxış etməsi ab­surd olmaqla yanaşı, həm də qərəzli və məqsədyönlü mövqe hesab edilə bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə mis­siyasına rəhbərlik edən Yan Petersenin “seçki prosesinə müdaxilə edildiyini”, “seçicilərin böyük bir qisminin səsvermə­də iştirak etməkdə çətinliklə üzləşdiyini”ni iddia etməsinə gəldikdə, bu fikir kökün­dən yanlışdır. Çünki seçicilərin 90 faizə yaxın iştirakçılığı ilə keçirilən bir seçkidə iştirakçılığın məhdudlaşdırılmasını iddia etmək yalnız Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ağlına gələn “arqument” ola bilər”.

***

Sonda bir daha bildirək ki, ATƏT kimi qurumların hansı rəyi verməsindən asılı olmayaraq, dünyada formalaşmış qə­naət bundan ibarətdir ki, 14 may seçkiləri Türkiyə xalqının iradəsinin və əzminin təntənəsidir. Əminik ki, mayın 28-də biz bu əzmin növbəti nümayişinə şahidlik edəcəyik. Qardaşlarımızın ilk turda­kı doğru seçimlərini təkrarlayacaqları şübhəsizdir. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət