Böyük xilaskar

post-img

          Yaşadığımız dünyanın mövcudluğu, inkişafı və zənginliyi dahi şəxsiyyətlərin əməllərinin sayəsındə mümkün olur. Belə şəxsiyyətlər təkrarsız və bənzərsiz şəxsiyyətlərdir.  Hətta demək olar ki, bu şəxsiyyətlər 100 ildə bir dəfə dünyaya gəlir, yaşayır,  yaradır, xalqına, dövlətinə, ümumilikdə isə bəşəriyyətə  əvəzsiz töhfələr verirlər.  Birmənalı şəkildə demək olar ki,   dövlətimizin və xalqımızın nicatı,   xilası və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. 

Bütün ömrünü canından artıq sevdiyi xalqına fəda verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1923-cü il mayın 10- da Azərbaycanın qədim diyarı olan Naxçıvanda anadan olmuşdur. Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini, 1967-ci ildən isə sədr vəzifəsində işləyib, general - mayor rütbəsinə qədər yüksəlmişdir. 1969-cu ildən Heydər Əliyev  Azərbaycan SSR Kommunist Partiyası  Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. 

1987-ci ilin oktyabrından Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək tutduğu vəzifədən istefa verib. 1970-1980-ci illərdə Heydər Əliyev Sovet Azərbaycanının inkişafında müstəsna rol oynamışdır. 1969-cu ilə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı, çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. SSRİ-nin müttəfiq respublikaları arasında Azərbaycan sosial-iqtisadi cəhətdən ön sıralara yüksəldi. 

 Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı dahi öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun qoyduğu yol bu günkü Azərbaycan təhsilinin özəyini təşkil edir.

Təhsil hər bir dövlətin inkişafının əsas özülü sayılır. Məhz güclü rəqabətin qlobal inteqrasiyasının, beynəlxalq əməkdaşlığın sürətlə yayıldığı müasir dünyamızda hər bir dövlət öncül yerlərdən birini tutmağa çalışır. Azərbaycan da bu qlobal dünyanın artıq bir üzvünə çevrilib. Bu baxımdan təhsilimizin müasir dünya standartları səviyyəsində qurulması, dövlətin başlıca prioritetlərindəndir. Azərbaycan təhsili sağlam, intellektual gənc nəslin formalaşdırılması məqsədlərinə nail olmaq üçün geniş imkanlar yaradır. Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, atılan addımlar,  qəbul edilmiş qərarlar, təhsilin, elmin inkişafına ayrılan vəsaitlərin səviyyəsində də özünü göstərir.

Azərbaycan təhsilinin uğurlu inkişafı  da ulu öndərlə əlaqədardır.

Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq.

Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşanda Heydər Əliyev  Azərbaycan xalqını məhv olmaqdan xilas etdi.  Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevirilməsini əsas məqsəd kimi seçən Ümumilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq  hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.

Ulu Öndərin öz sözləri ilə desək:"Təhsil sistemimizin hazırki vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir".

Həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır.

Məlumdur ki,  milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-idtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bu gününə diqqət yetirmək kifayətdir. Bir faktı qeyd etmək kifayətdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir.Belə ki, ulu öndər bu sahələrə xüsusi  həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Heydər Əliyev öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacıb bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, "Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır,  nə də  ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil  sisteminə çox  diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasıbət çox  həssas  olmalıdır". 

Tarixi reallıqlardan aydındır ki, Heydər Əliyev SSRİ  dövründə, yəni Azərbaycan  Respublikasına rəhbərlik etdiyi  ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlamış, eləcə də xalqımızın unudulmaz oğlunun rəhbərliyi ilə təhsil sistemində ciddi  islahatlar həyata keçirilmişdir. 

Bir məsələni də qeyd etmək lazımdır ki, Heydər Əliyevin sovet  Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə beş yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların təhsil almasına  çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki,  bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.

Ulu öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də onların birini digərindən təcrid etmək mümkün deyildir və bu baxımdan elm-təhsil problemlərinə kompleks şəkildə yanaşılmışdır. Hər iki istiqamət ümumi dövlət siyasətinin tərkib hissələrindən olduğundan və strateji mahiyyət daşıdığından onların inteqrasiyası da labüddür. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövrünə nəzər yetirsək,  görərik ki, elm ilə təhsilin inteqrasiyası istiqamətində də çox önəmli işlər görülmüşdür. Əslində, bu iki müstəqil sistemin həmişə qarşılıqlı əlaqəli şəkildə inkişafı labüddür. Çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür.

İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır. Eyni zamanda, haradakı, baza rolunu oynayan keyfiyyətli orta təhsil yoxdursa, orada geniş əhatəli fundamental tədqiqatlar aparılması geyri-mümkündür. Ümumiyyətlə dövlətin iqtisadı qüdrətini onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi, əhatəliliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir.

Bu da danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımı şərait yaradılmışdır.  Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasətinin prioritetlərindən biri də hər iki sahənin idarə edilməsinə yeni yanaşmanın olmasıdır. Belə ki, əgər güclü təhsil sistemi gələcəyin elmi tədqiqatçılarının hazırlanmasına xidmət edirsə, elmi araşdırmalar da, öz növbəsində, ölkənin ayrı-ayrı sahələrinin müasir tələbata və qabaqcıl təcrübəyə uyğun inkişafını təmin etməlidir.

Artıq bu günün reallıqları sübut edir ki, Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir və Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə, eləcə də ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənc nəslin yetişməsinə şərait yaradır.

Gənclərimiz ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunur, onlara böyük etimad göstərilir. Gənclərə bu cür dövlət dəstəyi, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. 

1993- cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çe­vrilidi. Gəncləri “Azərbaycanın gələcəyi” adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən ulu öndər bütün sahələrdə onla­ra böyük etimad göstərirdi. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir- biri ilə əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994 -cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.

Azərbaycan gəncliyinin inkişafın­da və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında ulu öndərin böyük xidmətləri olub. 1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu.

Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin imzaladı­ğı fərman və sərəncamlar, həyata keçirdiyi tədbirlər, gəncliyin inkişa­fında mühüm əhəmiyyət kəsb edib. 1996-cı ildən başlayaraq, Azərbaycan gənclərinin forumları keçirilməyə baş­lanıldı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərək gənclərin qarşısına şərəfli vəzifə qoydu. Ulu öndər Heydər Əliyev hər bir gəncin ən əsas vəzifəsinin müstəqil Azərbaycanın bugününü və gələcəyini düşünməli olduğu­nu vurğuladı. Forumda ulu öndər gənclərin görəcəkləri işlər barədə öz tövsiyələrini, eləcə də, onları narahat edən problemlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara ciddi tapşırıqlar verdi.

Heydər Əliyevin imzaladığı ”Dövlət gənclər siyasəti haqqında” Fərmanı Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratdı. Sənəddə Gənclər və İdman Nazirliyi nəzdində gənclərin problemləri üzrə elmi araşdırmaların aparılması mərkəzinin yaradılması nəzərdə tutulurdu.

Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar bu gün də aktualdır. 

Heydər Əliyev bütün həyatı dövründə Azərbaycanın milli maraqlarını uca tutmuşdur.

1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakı şəhəri və bir sıra rayonlarımızda azərbaycanlılara qarşı qətliam törətdilər. Səhərisi gün 21 yanvarda həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn  ulu öndər Heydər Əliyev  hadisənin təşkilatçılarını ittiham edərək cəsarətli bəyanatla çıxış etdi. Dağlıq Qarabağla bağlı Sovet rəhbərliyinin ikiüzlü, riyakar siyasətinə etiraz əlaməti olaraq ulu öndər Heydər Əliyev 1991-ci ilin iyul ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. 

1990-cı ildə Azərbaycana qayıdan ulu öndər həmin il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 

YAP-ın Naxçıvanda keçirilən təsis qurultayında Heydər Əliyev  partiyanın sədri seçilir. Məhz Heydər Əliyevin  siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və güclü bir partiyasına çevrildi. Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət, güclü siyasətçi olması, öz xalqına olan sadiqiyi, Azərbaycanın görkəmli ziyalılarını onun ətrafında birləşdirdi. 1990-cı ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır durumda idi. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqı başa düşürdüki ölkəni bu çətin durumdan ancaq ulu öndər Heydər Əliyev çıxara bilər. Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının səsinin əksəriyyətini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.  Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu.  Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu.  

Azərbaycanın uğurlu inkişafını davam etdirmək, insanların rifahını daha da yüksəltmək üçün xalqımız 1998-ci il oktyabrın 11-də Heydər Əliyevi növbəti dəfə Prezident seçdi. Ulu öndər Heydər Əliyevin  rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, dövlətçiliyin əsasları qoyuldu, böyük iqtisadi islahatlara başlanıldı. Xalq Heydər Əliyevə inanırdı və bilirdi ki, məhz Heydər Əliyev zəkası, müdrikliyi dövləti, xalqı xoşbəxt gələcəyə apara bilər. Ulu öndər Heydər Əliyev  milli dövlətçilik ənənələrini də bərpa etdi. Azərbaycan Xalq  Cümhuriyyətinin üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir. 

Heydər Əliyev Prezident seçildikdən sonra bütün silahlı dəstələri bir komandanlıq altında birləşdirdi. Heydər Əliyevin başçılığı ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi. Hərbi uğursuzluqla üzləşdiyini görən təcavüzkar Ermənistan rəhbərliyi 1994- cü ilin mayında atəşkəs haqqında protokola imza atdı. Atəşkəsin əldə edilməsi ilə Azərbaycan iqtisadi,  siyasi, hərbi sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu. 

1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin memarı olduğu,  XX əsrin  ən böyük uqtisadi layihələrindən biri olan, Azərbaycan Dövlət Neft Şirkəti ilə 8 ölkənin 14 nəhəng neft şirkəti arasında bağlanan "Əsrin müqaviləsi" Azərbaycanın gələcək iqtisadi inkişafına, ölkəmizin siyasi nüfuzunun artmasına şərait yaratdı.   

 Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft yataqlarının Avropanın böyük dövlətlərinin neft şirkətləri ilə  birgə istismarı və hasil olunan Azərbaycan nefti dünya bazarına çıxarıldı. Bununla da Azərbaycan dünya iqtisadiyatında mühüm rol oynamağa başladı. Azərbaycan neftinin dünya bazarına çıxarılması nəticəsində ölkəmiz siyasi və iqtisadi cəhətdən güclü dövlətə çevrilməyə başladı. O zamanlar "Əsrin müqaviləsi"nin reallaşmasına bir sıra böyük dövlətlər mane olmağa çalışırdılar. Ulu öndər Heydər Əliyevin dahiliyi, siyasi iradəsi nəticəsində Azərbaycanın tarixində qızıl dövr başlandı.

 Əslində müstəqilliyimizin ilk günlərindən Azərbaycan xalqı bu dövlətin başında Heydər Əliyevin olmasını arzulayırdı. Azərbaycan xalqı öz canı, qanı bahasına müstəqillik qazandıqdan sonra çox zülmlərə, əzab-əziyyətlərə məruz qaldı. Əvvəl Mütəllimov hakimiyyəti, daha sonra AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Azərbaycan dövləti parçalanmaq, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyətin yuxarı kürsüsündə oturanların hər biri özünə silahlı dəstə yaratmışdı.

 Səriştəsiz, dövlət idarəçiliyindən xəbəri olmayan insanlar Azərbaycanda hakimiyyəti ələ keçirdi. Respublikamızda ictimai - siyasi vəziyyət getdikcə ağırlaşırdı.

 Ermənistandan zorla öz yurd-yuvalarından qovulan azərbaycanlılar respublikamızın bütün rayonlarına köçməyə məcbur oldular. Bu o zaman idi ki, Xankəndində erməni millətçi və separatçıların fəallaşması və Qa­rabağın Azərbaycandan ayrılması tələbləri səslənirdi. Ermənilər bu bölgədə azərbaycanlıları qətlə yetirirdilər.  Azərbaycanda hakimiyyətdə olan şəxslər bu hadisələrin qarşısını almaqda aciz idilər. Hakimiyyətdə olan AXC-Müsavat  cütlüyü özlərində cəsarət tapıb güclü və qətiyyətli siyasətçi, dövlət idarəçiliyini mükəmməl bilən, dahi şəxsiyyət olan Heydər Əliyevi hakimiyyətə dəvət etmədilər. Həmin dövrdə  Heydər Əliyev hakimiyyətdə olsaydı ölkəmiz bu cür ağır vəziyyətə düşməz, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilməzdi, ölkə əhalisi çıxılmaz vəziyyətə düşməzdi.   

Ümummilli lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət və güclü siyasətçi idi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi astanasında olanda və ölkəmiz parçalanma təhlükəsi ilə üz - üzə qalanda bütün xalq Heydər Əliyev müdrikliyinə sığındı və bu ağır vəziyyətdən qurtuluşun yeganə yolunu Heydər Əliyev dühasında gördü. 

Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı böyük bəlalardan qurtuldu. Ölkəmiz parçalanmaq, bölünmək, dağılmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. 4 iyun hərbi qiyamını, ölkədəki xaosu, anarxiyanı fürsət bilib ölkənin cənubunda "Talış Muğan Respublikasını" ölkənin şimalında "Ləzgistan Respublikası" qurmaq istəyən separatçı, anti-Azərbaycan dairələrinin məkrli planlarının qarşısı alındı. Özü də məhz Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və həmin bölgənin insanlarının qətiyyəti, Azərbaycana bağlılığı, sevgisi sayəsində bu planlar məğlubiyyətə uğradıldı, onları ssenariləşdirənlərin  arzuları birdəfəlik gözlərində qoyuldu.

Ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, dünyada tanınmağa başladı, imzasını imzalar işində tanıtdı. Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi. Lakin Heydər Əliyevin hakimiyyətə gətirilməsi və həyata keçirdiyi təxirə salınmaz tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirilməyə başladı.

Həyatını  daim Azərbaycana və Azərbaycan xalqına həsr edən Ulu öndər özünün də qeyd etdiyi kimi, xilaskarlıq missiyasını öz üzərinə götürdü və onu şərəflə, ləyaqətlə yerinə yetirdi. Heç təsadüfi deyil ki, bu gün bütün sahələrdə Ümümmilli Liderin əməyi özünü göstərir.  Ümumilli Liderin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır. 

Xalqının xilaskarı olan Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədiyyətə kimi yaşayacaq. Heç təsadüfi deyil ki,  Azərbaycan xalqı Heydər Əliyevi özünün ümummilli lideri hesab etdi. Dünyada Heydər Əliyev kimi siyasətçilərə nadir hallarda rast gəlinir. Ulu öndər güclü və cəsarətli siyasətçi olmaqla yanaşı fenomenal yaddaşa,   hərtərəfli biliyə, mükəmməl natiqlik qabiliyyətinə malik şəxsiyyət idi. Dünya siyasətçiləri ulu öndəri "siyasət nəhəngi", "siyasət qrossmeysteri" adlandırırdılar. Heydər Əliyev eyni zamanda siyasi uzaqgörənliyi ilə də dünya siyasətçilərindən seçilirdi. Ulu Öndər apardığı siyasətin on  illərdən sonra hansı töhfələr verəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin ən böyük gücü onun dərin və unikal biliyə, tükənməz səbrə, müdrikliyə, ən əsası həmsöhbətinə təsiretmə gücünə malik olmasında idi. Heydər Əliyev  xarizmatik şəxsiyyət, nadir diplomat, güclü sərkərdə idi.

Ulu öndər eyni zamanda öz xalqının tarixini gözəl bilən, onun adət ənənələrinə hörmət edən və yaşadan dövlət başçısı idi. Milli ideologiyanın yaranması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası tək  Azərbaycanda yaşayan azərbaycanlıların deyil, bütün dünyada yaşayan həmyerlilərimizi bu ideologiya ətrafında birləşdirir. Bunun nəticəsidir ki, indi dünyada yaşayan bütün azərbaycanlılar harada doğulmaqlarından asılı olmayaraq Azərbaycan dövlətini öz vətənləri hesab edirlər. 

Ulu öndərin dahiliyi ondadır ki, Azərbaycan kimi kiçik bir dövləti dünyada tanınan nüfuzlu bir dövlətə çevirdi. Beynəlxalq təşkilatlarda Azərbaycana hörmət etməklə yanaşı ona ciddi diqqət yetirirdilər. Qərbə inteqrasiya yolunu tutan ulu öndər bütün çətinliklərə və qarşısına çəkilən sipərlərə baxmayaraq uğurlu iqtisadi addımlar atmağı bacardı.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.  Ölkəmizdə və eləcə də dünyada iqtisadi inkişaf proqramı kimi qəbul edilən bu  müdrik fikrin müəllifi ümummilli lider, tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm vermişdir. İqtisadiyyatın inkişafı bütün sahələrdə istənilən nəticənin əldə olunmasında əhəmiyyətli rol oynayır. Ən yeni dövrün reallıqları bunu bir daha sübut edir. 

Hələ Sovet dövründə Azərbaycana rəhbərlik edən ulu öndər iqtisadiyyatda inqilab sayıla biləcək uğurlara imza atdı. O vaxta qədər Azərbaycana xammal bazası kimi baxıldığı halda Heydər Əliyevin dövründə respublikamız iqtisadi tərəqqi əldə etdi. Hətta Azərbaycanın diğər respublikalardan iqtisadi asılılığı aradan qaldırıldı. 

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra ölkəmizin iqtisadi və siyasi həyatında köklü dəyişikliklər baş verdi. Azərbaycanın beynəlxalq arenada nüfuzu artmağa başladı. Geostrateji məkanda yerləşməsi, zəngin karbohidrogen ehtiyatları ilə ölkəmiz hər zaman dünya birliyi üçün böyük maraq kəsb etmişdir. Son dövrlərdə Azərbaycan Respublikasının sürətlə inkişafa doğru irəliləyən iqtisadiyyatı, enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi və bölgədə əsas söz sahibi olması bu marağı artırmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri kimi qlobal enerji layihəsini reallaşdırmaqla dünya neft bazarına daxil olan Azərbaycanla artıq Cənubi Qafqazda yerləşən adi bir dövlət kimi deyil, strateji tərəfdaş kimi münasibətlər quruldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası da uğurla başa çatdırıldıqdan sonra Azərbaycan tək bölgədə deyil, dünyada əsas söz sahibi olan dövlətə çevrildi. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi isə bütün problemlərin həllinə təkan verir. 

Ölkəmizdə qadınların siyasi aləmə inteqrasiyası da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Böyük siyasətçi siyasətdə qadın hərəkatının inkişafına, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında yer almalarına böyük önəm verirdi. Bu gün ulu öndərin siyasi ideologiyasından dərs alan,  bu siyasi kursun davamçıları olan Azərbaycan xanımları istər siyasətdə, istərsə ictimai həyatda çox önəmli yer tuturlar. Ulu öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı bütün fərman və sərəncamlar qadın hüquqlarının reallaşmasına xidmət etmişdir.

Zaman keçdikcə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi kursunu dərindən öyrəndikcə bu dahi şəxsiyyətin öz xalqına və dövlətinə göstərdiyi xidmətə görə hər zaman ona ehtiram göstərəcək. Azərbaycan xalqı yaşadıqca Heydər Əliyevin ölməz ideyaları da onunla yaşayacaq.

Azərbaycançılıq, soy kökümüz, milli mənəvi dəyərlərimizə bağlılıq, xalqa olan sonsuz məhəbbət hissləri həmişə ulu öndərin  ürəyində olub. 

Onu da qeyd etmək lazımdır ki, Ana dilimiz olan Azərbaycan dilinin bu günə gədər saf, təmiz şəkildə gəlib çıxmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan dilini sevən, ona böyük hörmətlə yanaşan ümumilli lider hər zaman ana dilinə münasibəti ilə hər kəsə örnək oldu. 

Sovet İttifaqı zamanı Azərbaycana rəhbərlik edən ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə layiqli dəyəri göstərdi. Keçən əsrin 70-ci illərin ortalarından başlayaraq SSRİ rəhbərliyi Respublikalarda milli dillərin sıxışdırılması üçün bütün təzyiq vasitələrindən istifadə edirdi. Belə bir şəraitdə Azərbaycan dilini yaşatmaq, inkişaf etdirmək və ən əsası milli ideologiya səviyyəsinə çatdırmaq böyük cəsarət tələb edirdi. 

Ulu Öndər 1978-ci ildə Azərbaycan xalqının qarşısında ən böyük tarixi xidmətlərindən birinə imza atdı. "Azərbaycan SSR-nin dövlət dili- Azərbaycan dilidir" Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində gəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Ulu öndər  Heydər Əliyev ziyalıları, yazıçı və şairləri Azərbaycan dilinin qorunması üçün onları səfərbər olmağa çağırırdı. Ulu öndər Heydər Əliyev dilçi alimlərimizə böyük qayğı göstərər, ədiblərimizə ana dilində yazılan kitabların saylarının çoxaldırılmasını tövsiyə edirdi. Bütün bunlar Azərbaycan dilinin inkişafına və qorunub saxlanılmasına xidmət edirdi.

Rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən ulu öndər Heydər Əliyev praktik olaraq ana dilinin mövqeyinin yüksəlməsinə təsir göstərib və başqalarına nümünə olub. Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti, dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub.

Müstəqilliyə gedən yolda ana dilimizin nüfuzunun güclənməsi ulu öndər Heydər Əliyevin vaxtı ilə yürütdüyü siyasətin nəticəsi idi.

 Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün  hakimiyyəti dövründə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyə gəlməzdir.

Heydər Əliyev bu gün ən yüksək bir zirvədə, əlçatmaz bir yüksəklikdə dayanmışdır. Millətimiz, xalqımız, doğma Azərbaycanımız nə qədər yaşayırsa, Heydər Əliyev  də qəlbimizdə, ürəyimizdə yaşayacaq.

Ulu öndərin daha bir xidməti ondan ibarətdir ki, 

bugünkü güclü Azərbaycan Ordusunun əsası onun tərəfindən qoyulmuşdur. 1971-ci ildə Heydər Əliyev  Çəmşid Naxçıvanski adına Hərbi litseyin yaradılmasına nail oldu. Bununla da Azərbaycanda milli hərbi kadrların hazırlanmasına başlanıldı. 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Heydər Əliyev tərəfindən imzalanmış fərman hərbi zabitlərin yetişdirilməsində böyük addım oldu. 

1990-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası parlamentinin yeni tərkibdə seçilən ilk sessiyasının ulu öndər Heydər Əliyevin sədrliyi ilə başlaması Azərbaycan tarixinə şanlı bir gün kimi yazıldı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyinə, suverenliyinə hesablanmışdır.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və sadə insanların təkidi ilə ulu öndər Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi bu günkü müstəqil, güclü  Azərbaycan dövlətinin yaranmasının başlanğıcı oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş qərarlar müstəqilliyimizin, suverenliyimizin qazanılması üçün böyük imkanlar yaratdı. Fenomenal şəxsiyyət, böyük siyasətçi olan Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə və Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi bu dahi insanın Azərbaycanın xarici siyasətində, ölkənin sosial iqtisadi həyatında yaxından iştirak etməsinə imkan yaratdı.

Ulu öndər Heydər Əliyev  SSRİ dövründə, eləcə də müstəqillik qazandıqdan sonra ölkəmizə rəhbərlik etdiyi vaxt hər zaman Azərbaycan xalqının rifahı naminə respublikamızın tərəqqi və inkişafı üçün tarixi əhəmiyyət kəsb edən misilsiz işlər görmüşdür. Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu, ölkəmizdə vətəndaş həmrəyliyinin, azərbaycançılıq ideologiyasının yaradıclsı , xalqının, dövlətinin xilaskarı kimi adını əbədi olaraq Azərbaycan dövlətinin tarixinə yazmışdır.

1990-cı ildə siyasi, sosial iqtisadi durumla bağlı Azərbaycanda mürəkkəb vəziyyət yaranmışdır. SSRİ nin dağılması ərəfəsində keçmiş ittifaq miqyasında, o cümlədən, Azərbaycanda hərc mərclik, özbaşınalıq geniş vüsət almışdır. Həmin dövrlərdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, mərkəzi hakimiyyətin muxtar respublika üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca ağırlaşdırmışdır. 1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Milli Məclisinə Sədr seçildikdən sonra Naxçıvanda sabitlik, həmrəylik, tərəqqi təmin olunmağa başladı. 

Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci ilin noyabrın 17-də keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də həmin vəsadətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında " Qanun qəbul edilərək onun yenidən Dövlət bayrağı elan etmişdir. 

Ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının  blokadadan çıxarılması istiqamətində ilk dəfə olaraq qonşu Türkiyə və İranla rəsmi təmaslar quruldu. Ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçildikdən sonra Naxçıvanın sosial iqtisadi inkişafında böyük tarixi addımlar atıldı. Naxçıvan Muxtar Respublikası tədricən yeni inkişaf mərhələsinə qədəm qoydu,  əhalinin sosial vəziyyəti normallaşmağa başladı.

Təbii ki, hər kəsə tarixin yaddaşına köçmək, əbədi yaşamaq haqqı qazanmaq nəsib olmur. Bunun üçün fitri istedada malik olmaq, Tanrının bəxş etdiyi ömrü xalqının yaxşı yaşaması yolunda şam kimi əritmək lazımdır. Bəli, Heydər Əliyev bir çox cəhətlərinə görə nadir tarixi şəxsiyyət kimi yaddaşlara həkk olunub. Ən başlıcası isə odur ki, Ümumilli liderimiz ömrünü xalqının azadlığı, istiqlalı, vətəninin müstəqilliyi, insanların xoşbəxt, təhlükəsiz, rahat yaşaması naminə apardığı mübarizəyə həsr etdi və başladığı haqq-ədalət mübadiləsini zəfərlə başa çatdırdı. 

Azərbaycan Respublikasının müasir inkişaf tarixi  də dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir.

Beləliklə,  Heydər Əliyev zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşdü. O, tarixə düşməklə yanaşl, həm də şərəfli bir tarix yolu yazdı. Xalqımızın azadlığı, istiqlalı, Azərbaycanın müstəqilliyi, inkişafı yolunda əzmlə, fədakarlıqla mübarizə apardı. Şərəfli, mənalı ömür yolu keçdi. Bütün ömrünü xalqın yaxşı yaşaması, ümumiyyətlə, dinindən, dilindən, siyasi baxışlarından, milliyətindən asılı olmayaraq bütün insanlara eyni münasibət bəslənilməsi üçün apardığı mübarizəyə həsr etdi. O təkcə Azərbaycanda deyil, bütün dünyada insanlara ən böyük dəyər verən şəxsiyyət kimi tarixə düşdü. Humanist,  qayğıkeş, hər kəsə layiq olduğu qiyməti verməyi bacaran insan kimi tanındı. 

"Mən gələcək nəsillərə çox güclü, güdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm"- deyən ulu öndər Heydər Əliyev dediyi sözə əməl etdi. Ulu öndərə həm də ona görə minnətdarıq ki, o böyük zəhmətlər hesabına qurduğu müstəqil Azərbaycanın və onun vətəndaşlarının, dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təminatçısı ola biləcək İlham Əliyev kimi güclü bir siyasətçi yetişdirdi. Ona və onun timsalında Azərbaycanın xoşbəxt gələcəyinə inandı.

Bu günkü azad, demokratik, güclü və güdrətli Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir. Azərbaycan tarixinin şanlı səhifələrini yazan Heydər Əliyevin keçdiyi həyat yolu bizə və gələcək nəsillər üçün əvəzsiz nümunədir.

Müasir Müstəqil Azərbaycan dövlətinin qurucusu,  xalqının xilaskarı,  

ümumilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında, qəlbində yaşayacaq.

 

Kamilə Əliyeva

Milli Məclisin deputatı,

Bakı Dövlət Universitetinin  Genetika kafedrasının müdiri,

biologiya elmləri doktoru,  professor

Siyasət