Ukrayna NATO-ya gəlsin, gəlməsin?!..

post-img

Rusiya-Ukrayna müharibəsi dünyanın başağrısına çevrilib. Bu müharibə dünyanı faktiki olaraq iki cəbhəyə ayırıb və bu kontekstdə bəzən “Üçüncü Dünya müharibəsi” haqqında da söhbət açılır. Bu məsələ dünən BMT Təhlükəsizlik Şurasının Rusiyanın sədrliyi ilə keçən 77-ci sessiyası çərçivəsində də qabardılıb. Hətta RF XİN başçısı Sergey Lavrov da bu barədə danışarkən təəccübünü gizlətməyib.

O, iclasdan sonra mətbuat konfran­sında jurnalistlərin bununla bağlı sualına cavab verərkən bildirib: “Üçüncü Dünya müharibəsi kimə lazımdır? Biz bir yerdə yaşayırıq. İndi Üçüncü Dünya savaşın­dan danışdılar. Kimə lazımdır bu?” – deyə RF XİN başçısı qeyd edib.

Amma Ukraynada döyüşlər davam edir. Eyni zamanda, dünyanın qarşı du­ran qüvvələri – Qərb və Rusiya bir-biri­nin məğlubiyyəti üçün var gücü ilə çalı­şırlar. Ərazisində müharibə getməsinə baxmayaraq, artıq Ukraynanın NATO-ya qəbulunun reallaşması istiqamətində müxtəlif bəyanatlar səsləndirilir. Alyan­sın Baş katibi Yens Stoltenberq bir neçə gün əvvəl bəyan etmişdi ki, bütün üzv ölkələr Ukraynanın təşkilata daxil olma­sını dəstəkləyir. Amma xeyli müddət əv­vəl ərazisində münaqişə olan hər hansı ölkənin Şimali Atlantika Alyansına daxil olmasının qeyri-mümkünlüyü haqqında danışılırdı. 

Bundan əlavə, Avropa Birliyinin xa­rici siyasət və təhlükəsizlik üzrə sabiq ali komissarı Xavyer Solana (o, həm də NATO-nun baş katibi olub) təxminən on-on beş il əvvəl Ukraynada jurnalist­lərin belə bir sualına cavab vermişdi: “Ukrayna nə vaxt Avropa Birliyinin üzvü olacaq?” Solana demişdi: “Türkiyədən sonra”. “Bəs Türkiyə nə vaxt təşkilata üzv olacaq” sualına isə o, belə cavab vermiş­di: “Heç vaxt”. 

Amma artıq elə bir zaman gəlib çatıb ki, dövlətçiliyini tamamilə itirmək təhlükə­si qarşısında qalmış Ukrayna tərəddüdsüz NATO-ya üzv qəbul edilir. Dünən ABŞ da məsələyə münasibət bildirib. Ağ evin rəsmi nümayəndəsi Karin Jan-Pyer bildirib ki, ABŞ NATO-nun “açıq qapı” si­yasətini dəstəkləyir və Ukraynanın üzvlü­yü ilə bağlı təşkilat özü qərar qəbul edə bilər. 

Birləşmiş Ştatlar rəsmisi jurnalistlərin “ABŞ lideri Co Bayden prezidentlik müd­dətinin sonuna qədər Ukraynanı NATO sıralarında görmək istəyirmi” sualına ca­vabında deyib: “Bu barədə qərarı NATO üzrə müttəfiqlər və təşkilata üzv olmağa can atan ölkələr qəbul etməlidir”.

Məsələ bundadır ki, Stoltenberqin həmrəylik və dəstək barədəki bəyanatına baxmayaraq, NATO üzrə müttəfiqlər ara­sında Ukraynanın üzvlüyü ilə bağlı vahid fikir yoxdur. Bu günlərdə Slovakiya par­lamentinin spikeri bu barədə danışaraq bildirib ki, hazırda Ukraynaya NATO-ya üzvlüklə bağlı ümid vermək məsuliyyət­sizlikdir, indi Kiyev yalnız alyansa daxil olmaq üzrə prosesə başlaya bilər.

Macarıstan da həmişə bu məsələyə birmənalı münasibət bildirməyib. Bu il aprelin 21-də Baş nazir Viktor Orban NATO-nun Baş katibi Yens Stoltenberqin Ukraynanın alyansa üzvlüyü ilə bağlı fi­kirlərinə bir sözlə reaksiya verib. O, “Po­litico” nəşrinin “Alyans lideri müharibə dövründə ilk səfəri zamanı Ukraynaya “sizin yeriniz NATO-dur” deyib” başlıqlı xəbərini twitterdə “Nə?!” reaksiyası ilə paylaşıb.

Macarıstan həm də bir çox NATO ölkələrindən fərqli olaraq Ukraynadakı müharibəyə görə Rusiya ilə əlaqələri kəs­məkdən imtina edib. V.Orban hələ fevral ayında çıxışı zamanı Rusiya-Ukrayna savaşını “iki slavyan ölkəsinin bir-birinə qarşı müharibəsi" kimi təsvir etmişdi: “Bu onların müharibəsidir, bizim yox”, – deyə Orban əlavə etmişdi.

Bu günlərdə Macarıstan parlamen­tinin vitse-spikeri Doru Duro da Ukray­nanın NATO-ya üzvlüyünün Rusiyanın icazəsindən sonra mümkün olacağını açıqlayıb. Bu isə Ukrayna Prezidenti Ofi­si rəhbərinin müşaviri Mixail Podolyakın qəzəbinə səbəb olub. M.Podolyak bu­nunla bağlı ölkə telekanallarından birinə müsahibəsində bildirib: “Niyə Macarıs­tan ölkəmizin suverenliyinə və ya bizim seçimimizə münasibət bildirir? Yaxud NATO-nun Baş katibi Yens Stoltenberq vasitəsilə bütün, tamamilə bütün ölkələ­rin (Macarıstan istisna) Ukraynanın müt­ləq üzv olması ilə bağlı yekdil olduğunu bildirən alyans haqqında nəsə deyir? Rusiyadan hansı icazəni almalıyıq? Ru­siyadan yalnız bir icazə almalıyıq - Ru­siyanın olmaması üçün... Yəni biz bunu silahlı qüvvələrimizlə almalıyıq, Rusiyaya başa salaq ki, belə dövlətlər rəqabət qa­biliyyətli deyillər və bu formada mövcud ola bilməzlər”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da dünən bəyan edib ki, NATO ölkələri bəhanə axtarmağı dayandırmalı və Ukraynanın Şimali Atlantika Alyansına qəbul edilməsinin alternativinin olmadığı­nı etiraf etməlidir: “Bəhanələri bir kəna­ra qoymağın və nəhayət, etiraf etməyin vaxtıdır ki, əgər NATO-nun məqsədi Av­ro-Atlantik birliyinin təhlükəsizliyini təmin etməkdirsə, Ukraynanı qəbul etməkdən başqa alternativ yoxdur. Mən NATO-nun Ukrayna ilə bağlı hazırkı öhdəliyinə şübhə etmirəm. Alyans üzvləri Rusiyanın tammiqyaslı işğalı başlayandan Kiyevə həyati əhəmiyyətli yardımlar göstəriblər. Lakin Ukrayna və Avro-Atlantik regionun uzunmüddətli təhlükəsizliyinə gəldikdə, mən NATO-nun strategiyasına şübhə ilə yanaşıram”. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Siyasət