O taylı-bu taylı Azərbaycanın görkəmli şəxsiyyətlərindən sayılan Mir Cəlal Paşayevi hələ məktəbli ikən onun Baharı və Mərdanı ilə tanımışıq. Qeyrətli Sonasının məşhur “İtə ataram, yada satmaram” deyimi isə öyrəndiyimiz ilk zərb-məsəllərdən olub. Beləcə, böyük yazıçı özünün ədəbi manifesti ilə hər kəsi baharı sevməyə, mərdanə olmağa, qızları sonalar kimi, oğlanları isə qartallar kimi sevgi qanadları ilə uçmağa səsləyib.
Ötən əsrin 78-ci ilində Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə yenicə qəbul olunmuşduq və “Ədəbiyyatşünaslığa giriş” fənnini tədris edən kafedra müdiri, professor, Əməkdar elm xadimi Mir Cəlal müəllimin dərsinin nə vaxt başlanacağını intizarla gözləyirdik. Nəhayət, həmin gün, həmin saat gəlib yetişdi. Amma Mir Cəlal gəlmədi. Auditoriyaya daxil olan gənc müəllim Zahirə Salmanova professorun azca nasaz olduğunu, hələliksə dərslərin ona həvalə edildiyini bildirdi. Bundan bir qədər məyus olsaq da, sakitcə mühazirə dinləməkdən başqa çarəmiz qalmadı. Zahirə xanım Mir Cəlalın yetirməsi idi, dərsləri ustadının adına layiq şəkildə keçir, məqam düşdükcə onun elmi və bədii yaradıcılığı haqqında bizə maraqlı məlumatlar verirdi.
Təəssüf ki, həmin il sentyabrın 28-də 70 yaşlı böyük pedaqoq və ədibin vəfatı xəbəri gəldi. “Dirilən adam”, “Bostan oğrusu”, “Gözün aydın”, “Bir gəncin manifesti”, “Yaşıdlarım”, “Vətən hekayələri”, “Həyat hekayələri”, “Gülbəsləyən qız” və sair gözəl kitabların, iki cilddə “Seçilmiş əsərlər”in müəllifi əbədiyyətə qovuşdu.
Böyük ədib, pedaqoq və insanpərvər şəxsiyyət olan Mir Cəlal ömrü boyu sovet ideologiyasına deyil, ədəbiyyata xidmət edib. Cəlil Məmməduluzadənin, Hüseyn Cavidin davamçısı olub. “Yolumuz hayanadır?” əsərində adları o zamana qədər tabu sayılan iki böyük tarixi şəxsiyyətin – Əlibəy Hüseynzadə və Nəriman Nərimanovun “ədəbi reabilitəsi”nə öz töhfəsini verib, həm də roman kimi geniş oxucu auditoriyasına malik bir janrda. Mir Cəlalın fərqli keyfiyyətlərindən birini də onun əsl dostcanlı insan olması təşkil edib. Səməd Vurğun, Həmid Araslı və Süleyman Rəhimovla daha çox dostluq edib. Bu dostluq onların ailələrini də bir-birinə yaxınlaşdırmışdı. Çox vaxt istirahətə də birgə gedərdilər. Görkəmli şəxsiyyətlərin dostluğu da səmimi və sarsılmaz olur.
Bir insanın ömrü onun haqqında xatirələr söyləndikcə davam edir. Mir Cəlal məhz həmin insanlardandır. Onun tələbəsi, rəhmətlik yazıçı-ssenarist Nahid Hacızadənin yazdığına görə, Mirzə Cəlilin “söz ən böyük yadigardır” deyimi Mir Cəlalın dilindən düşməzdi. İnamla demək olar ki, ədib özü də sözünü ən böyük yadigar kimi qoyub gedənlərdən oldu.
Daha bir tələbəsi – mərhum professor Xeyrulla Əliyev də ondan məhəbbətlə söz açıb: “İndi qəribə görünsə də, o dövrdə ali məktəblərdə dərsə davamiyyət jurnalları rus dilində yazılırdı. Bu səbəbdən də “Əliyev” familiyası “Aliyev” olurdu. Sanki buna etiraz əlaməti olaraq Mir Cəlal müəllim də, Məmmədhüseyn Təhmasib də, Abbas Zamanov da auditoriyada heç kimin adını həmin jurnaldan oxumaz, tələbələrdən kimin gəlmədiyini qrup nümayəndəsindən soruşardılar. Mir Cəlal müəllim elə sadə danışırdı ki, mən onun mühazirəsini yazmağa ehtiyac duymurdum, eyni zamanda, elə fikirlər söyləyirdi ki, onları yazmaya bilmirdim. Mir Cəlal müəllimin fikrincə, hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər. O, tələbələri yaradıcılığa ruhlandırırdı. Biz onun dərslərini səbirsizliklə gözləyirdik”.
Xalq şairi Nəriman Həsənzadənin xatirələri də ədibin işıqlı obrazını gözəl tamamlayır: “Universitet mənim gəncliyim, tərcümeyi-halımın bir hissəsidir. Mən orada böyük yazıçı, böyük alim Mir Cəlal Paşayevi gördüm, ömürlük sevdim, o mənim mənəvi atam oldu. Mir Cəlalın özü mənim üçün ayrıca bir universitet idi. Onun kafedrası ayrıca “Yazıçılar İttifaqı” idi... Mir Cəlal müəllim həqiqətən peyğəmbər təbiətli insan idi. Xeyirxahlıq onun canında, qanında idi. Kimini işə düzəldər, kiminin mənzil problemini həll etməyə çalışar, kiminin yazısı haqqında xoş sözlər deyərək onu ruhlandırardı. Ailəsini də, tələbələrini də eyni dərəcədə çox sevərdi. Birində ata, o birində də müəllim kimi öz borcunu yerinə yetirərdi. Mir Cəlalın zəkası, ürəyi, ailəsi bir harmoniya təşkil edirdi. Sadə yaşayırdı, amma alicənab idi. Asta addımları var idi, amma şax yeriyirdi. Çox danışmazdı, amma dediyi söz yadda qalardı.
Akademik Nizami Cəfərov özünün “Mir Cəlalın milli idealları” (Bakı–2018) adlı kitabında yazır ki, bu əsasda ədibin mənsub olduğu xalqın milli tərəqqidən milli müstəqilliyə keçidi kimi fundamental bir proseslə bağlı mövqe-mülahizələri dayanır. “Mir Cəlalın milli tərəqqidən başlayıb milli müstəqilliyə gedən ideallarının üç mərhələsi var: 1) milli tərəqqi, 2) milli müstəqillik və 3) Azərbaycanın Şimalı ilə Cənubunun milli bütövlüyü”.
Deyildiyi kimi, onun bir sıra əsəri xalq üçün kamillik, gənclik üçün mənəvi tərbiyə örnəyidir. Böyük yazıçı-pedaqoq kimi ad-san qazanmış, cild-cild əsərlər yazmış, orden və medallarla təltif edilmişdir. Amma buna baxmayaraq, “Şah əsəriniz hansıdır?”- deyə soruşulanda iftixarla “həyatımda yaratdığım ən böyük əsər ailəmdir”, - deyərmiş. Ailəsinin “şah əsər” statusu qazanmasında ona ən böyük dayaq isə həyat yoldaşı Püstə xanım olub. Onlar övladlarına yüksək təhsil və tərbiyə veriblər. Övladları da valideynlərinin adını həmişə doğruldublar. Dünyaca məşhur akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur. Azərbaycanın ABŞ-dakı ilk səfiri, hazırda Milli Aviasiya Akademiyasının rektoru olan Hafiz Paşayevin diplomatik fəaliyyəti ilə bağlı yazdığı xatirə kitabına ata ruhuna ehtiram olaraq “Bir səfirin manifesti” adını qoyub.
Yazıçının qızı, BDU-nun kafedra müdiri professor Ədibə Paşayeva bu yaxınlarda BDU-da təşkil olunmuş “Mir Cəlalın insanlıq fəlsəfəsi” adlı beynəlxalq elmi seminardakı çıxışında qeyd edib ki, Mir Cəlalın 115 illik yubiley tədbirlərinin bu universitetdən başlanması təsadüfi deyil. Çünki BDU Mir Cəlal üçün doğma məkan idi. XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi olan Mir Cəlalın zəhmət, istedad üzərində qurulan həyatı, fəaliyyəti gənclər üçün nümunə sayılır. Ölkəmizin ədəbi və elmi ictimaiyyəti yubiley münasibətilə neçə-neçə yaddaqalan tədbirlər keçirib.
...İçərişəhərdə bir mədəniyyət ocağı – “Ədibin Evi” adlı Ədəbiyyata Dəstək Fondu fəaliyyət göstərir. Bu məkan Mir Cəlalın gənclik illərində yaşadığı ünvanda yaradılıb. “Ədibin Evi”nin qapıları qələm əhlinin, yazıçının irsi ilə maraqlanan hər kəsin üzünə açıqdır. “Ədibin Evi” Fondu fəaliyyət göstərdiyi altı ildə burada Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edən bir çox tədbirlər həyata keçirib. Elə bugünlərdə Mir Cəlal adına 3-cü hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.
Göründüyü kimi, illər ötsə də, Mir Cəlalın ürəklərdə ucaltdığı abidə özünün əzəmətini qoruyub saxlayır.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”