Çinin Müdafiə Nazirliyi Çin və Sinqapurun genişmiqyaslı birgə dəniz təlimi keçirəcəyini açıqlayıb. Xəbəri “Associated Press” agentliyi yayıb.
Qeyd etmək lazımdır ki, bu açıqlama ABŞ Sakit Okean Hərbi Hava Qüvvələrinin komandanının Sinqapurun müdafiə naziri ilə hərbi təlimlərdə genişləndirilmiş əməkdaşlığı müzakirə etmək üçün görüşməsindən bir neçə gün sonraya təsadüf edir.
Çin Müdafiə Nazirliyindən verilən məlumata görə, Çin Xalq Azadlıq Ordusunun donanması aprelin sonundan mayın əvvəlinə qədər Sinqapur ətrafında keçiriləcək təlimlər üçün “Yulin” freqatı və “Chibi” minaaxtaran gəmisini göndərəcək.
Sinqapur mart ayında Tailandda ABŞ qoşunları ilə böyük “Cobra Gold” təlimlərində iştirak edib. Nazirlik, həmçinin gələn ay Sinqapurda keçiriləcək IMDEX Asiya müdafiə sərgisində Çin Hərbi Dəniz Qüvvələrinin nümayəndələrinin də iştirak edəcəyini açıqlayıb.
Çin və Sinqapur daha əvvəl Cənubi Çin dənizində 2021-ci ildəki çoxsaylı birgə təlimlər də daxil olmaqla dəniz təlimləri keçirib.
“Xalq qəzeti”