Sudandakı gərgin vəziyyətlə əlaqədar bu ölkədəki daimi və müvəqqəti yaşayan vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir. Məlumatı ölkəmizin Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda bildirilib ki, hazırda Sudanda yerləri müəyyənləşdirilmiş 26 Azərbaycan vətəndaşının qardaş Türkiyənin dəstəyi, üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilməkdədir. Həmçinin onların etibarlı səyahət sənədləri olmayanlarının ölkəmizin aidiyyəti diplomatik nümayəndəlikləri vasitəsilə sənədləşdirilməsi işi təmin ediləcək.
Xarici İşlər Nazirliyi Sudandakı vəziyyətlə əlaqədar bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərdə və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edir.
Qeyd edək ki, Sudanda yaşayan vətəndaşlarımızdan təxliyə və ya hər hansı çətinliklə bağlı Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin qaynar xətti: +201010271387
“Xalq qəzeti”