Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi 26 aprel 2023-cü il tarixində içməli su ilə təmin edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən Həkəri çayının yatağında kaptaj qurğusu yaradılıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkilib və hidrofor nasosu quraşıdırılıb. Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi işğaldan azad olunmuş ərazilərdə strateji obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə Şuşa, Laçın, Kəlbəcər şəhərlərində, Zəngilan rayonu və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.
“Xalq qəzeti”