Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Bu barədə məlumatı Minatəmizləmə Agentliyi (ANAMA) yayıb. Baş Prokurorluqdan hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilib.
Faktı Daxili İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin məlumatında qeyd edilib ki, zərərçəkən X.Babaşov ANAMA ilə müqavilə əsasında çalışan podratçı şirkətin nümayəndəsidir. Məlumatda, həmçinin zərərçəkənin sağ ayağının topuqdan amputasiya olunduğu diqqətə çatdırılıb. O, Tərtər Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, həyati təhlükəsi yoxdur.
Onu da bildiririk ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla, ümumilikdə, 295 nəfər mina qurbanı olub. Onlardan 51-i həyatını itirib, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Xalq qəzeti”