Bu yol 200 il bundan əvvəl Rusiya və İran, bir əsrdən çox İrəvanla Qarabağ arasında separatçı birliyə, dağıdıcı müharibələrə səbəb olan yol idi. Aprelin 23-də Ermənistanla şərti sərhədi nəzarət-buraxılış məntəqəmizlə rəsmiləşdirməyimiz dövlətin, xalqın və ordunun dəyişməz mövqeyinin, qəti iradəsinin nəticəsi oldu. Bundan sonra “qapımız” yerli və əcnəbi separatçılardan, bölgəmizi təxribat ocağına, “qaynar nöqtəyə” çevirmək istəyənlərdən savayı, ölkəmizə xoş niyyətlə gələn bütün qonaqların üzünə açıqdır.
2022-ci ilin dekabrın 12-də Laçın yolunda başlayan ekofəalların, qeyri-hökumət təşkilatları nümayəndələrinin dinc aksiyası bütün çətinliklərə sinə gərdi, qətiyyət nümayiş etdirdi və bunun sayəsində məntiqi sonluğa nail oldu. 2023-cü il aprelin 23-də, aksiyanın 133-cü günündə Laçın yolunun girişində Azərbaycan Sərhəd Xidməti özünün nəzarət-buraxılış məntəqəsini qurdu, Qarabağ iqtisadi rayonuna giriş-çıxışa nəzarəti tam təmin etdi! Amma ekofəalların təbii sərvətlərimizi talayanlara qarşı etiraz alsiyası davam edəcək.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanın Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi qurmasına münasibətini açıqlayıb. Cənab Borrel Bakının bu qərarının Aİ-nin mövqeyi ilə ziddiyyət təşkil etdiyini bildirib. O, Aİ Şurasının ekstern toplantısının yekunlarına dair mətbuat konfransındakı çıxışında aşağıdakıları söyləyib: “Biz Azərbaycanın birtərəfli qaydada Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurmasını qınayırıq və hesab edirik ki, bu addım bizim bölgədə gərginliyi azaltmaqla bağlı çağırışımızla ziddiyyət təşkil edir”. Aİ-nin baş diplomatı bölgədə vəziyyətin nizama salınmasında Ermənistana və Azərbaycana kömək etməyə hazır olduğunu bildirib, bu məqsədlə Ermənistan ərazisində qurumun mülki missiyasının yerləşdirildiyinə diqqəti çəkib.
Xeyr, cənab Borrel! Otuz il kifayətdir. Daha Bakıya qarşı “yastıq diplomatiyası” keçmir və siz ən azından Ermənistana göndərdiyiniz mülki missiyanızın məxfi raportlarından yaxşı bilirdiniz ki, hay separatçıları bu yoldan Azərbaycan ərazisinə silah-sursat, mina, eləcə də hərbi qüvvə daşınması üçün yararlanırdı. Həmin missiyanın “uzaqvuran” məqsədlərinin nədən ibarət olduğunu da siz bizdən daha yaxşı bilirsiniz. İndi ermənipərəst Qərbin və onların körüklədiyi revanşist daşnakların bütün planları pozuldu. Onlar güman edirdilər ki, Bakı xarici təzyiqlərin qarşısında geri çəkiləcək, Qarabağda nə hərb nə sülh vəziyyəti uzun müddət davam edəcək və Rusiya sülhməramlılarının “nəzarət etdiyi” Laçın yolu ilə haylar qanunsuz yüklərin daşınmasını həyata keçirəcəklər. Alınmadı!
Diqqətinizi maraqlı bir detala yönəltmək istərdik. Cəmi bir həftə əvvəl Nikol Paşinyanı Qarabağ siyasətinə, İrəvanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq niyyətinə görə tənqid edən, cavabında Hayastanın baş nazirindən sərt cavab alan bütün ermənilərin katolikosu II Qaregin bu dəfə Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsini quraşdırmasını pisləyib. Qondarma soyqırımın saxta abidəsini ziyarət edən katolikos “Bakının əsl məqsədi erməniləri Dağlıq Qarabağdan qovmaq və ona sahib olmaqdır”, – kimi məsuliyyətsiz bəyanat verib.
***
Diqqətli oxucumuzun xatirində olar. 13 il bundan əvvəl, aprelin 26-da həmin Qaregin beynəlxalq dini Sammitdə iştirak etmək üçün Allahşükür Paşazadənin dəvətilə Bakıya gəlmişdi. O, çıxışında dünyadakı müharibələrin və terrorizmin əleyhinə olduğunu bildirdi. “Din xadimlərinin borcu dünyada, eləcə də bölgədə mövcud ekoloji və milli münaqişələrin həllinə yardım etməkdir” – deyən katolikos Qarabağın gələcəyi ilə bağlı bunları söylədi: “Bölgədə bütün sərhədlərin açılacağı, münaqişələrin həll olunacağı gün dünyanın ən xoşbəxt günü olacaq”.
İndi bəzi erməni ekspertləri iddia edirlər ki, Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qoyulması Bakı və Moskva arasında "gizli sövdələşmə"nin nəticəsində mümkün olub. Yəni, haylar bir tərəfdən aciz duruma düşdüklürini gizlətmək, digər tərəfdən, Rusiya ilə Azərbaycanın “işbirliyini” dünyaya “faş etmək”lə aranı vurmaq, Bakını beynəlxalq güclərin nişangahına gətirmək üçün əllərindən gələni edirlər.
...Üç gündür ki, Qarabağ separatçılarının başçısı Araik Arutyunyan Laçın–Xankəndi yolunun girişində quraşdırılan yeni nəzarət-buraxılış məntəqəsi ilə bağlı İrəvandan açıqlama gözləyir. “Hraparak” qəzeti yazır ki, ötən gün çağırılan “DQR”-ın “təhlükəsizlik şurası”nın iclasında Arutyunyan sülhməramlı qoşunların rəhbərliyi ilə danışdığını deyib. Onun sözlərinə görə, yaxın günlərdə Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutacağı gözləniyir. “Paşinyan yalnız həmin telefon danışığından sonra ona Kremlin rəsmi mövqeyini çatdıracaq”, – nəşr qeyd edib.
Bu gün İrəvanda, Parisdə, Kaliforniyada oturub “DQR”-ın müstəqilliyindən dəm vuran hayların başbilənləri Ermənistanın sərhəd bütövlüyünü də əlllərində bayraq edə bilməzlər. Çünki, Hayastanın sərhədini Bakı deyil, Avropa İttifaqının silahlı-silahsız mülki missiyası, məxfi qrupları, xəfiyyələri pozub. Öz sərhədlərini Gümrüdə Rusiyaya, cənubda İrana, Göyçə dağlarında isə alman-fransız jandarmlarına həvalə edən dövlət suverenlikdən danışmasın gərək. Əgər İrəvan realist düşüncə sahibi olsaydı, bu gün onun üçün ən təhlükəsiz ölkələrin Azərbaycan və Türkiyə olduğunu anlayardı.
Bundan sonra Qarabağ ermənilərinin üzünə sadəcə bir yol deyil, həmçinin Zəngilan, Qazax, Kəlbəcər və ya Naxçıvan nəzarət-buraxılış məntəqələri də açıq olacaq. Onlardan tələb olunan yeganə şey Azərbaycan vətəndaşlığını qəbul etmələridir. Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması hayların Xankəndi və ətrafındakı hərbi kontingentinin bölgəni tərk etməsinə səbəb olacaq. Çünki onların başqa variantları qalmır.
Sonda tam əminliklə deyə bilərik ki, ekofəalların 135 günlük mübarizəsi özünün məntiqi sonluğunu qazandı. Onlar bu nəticəni silahsız, dinc aksiya vasitəsilə əldə etdilər. Bunu, həmçinin, ictimai diplomatiyanın yeni forması, mini-zəfər də adlandlrmaq olar.
Bakının Laçın yolunda quraşdırdığı nəzarət-buraxılış məntəqəsi separatçı haylardan daha çox, Azərbaycanın ərazi bütövlüyünü tanımayan, Qarabağımıza Bakıdan xəbərsiz, həm də saymazcasına gəlib-gedənlərin qarşısına qoyulan qanuni şlaqbaumdur. İrəvandan Xankəndiyə gəlmək istəyənlərin istəyi isə Zəngəzurdan Naxçıvana gedən azərbaycanlıların arzusu ilə düz mütənasib həll ediləcək. Bu baxımdan Laçın yolu indən belə ən qanuni, ən şəffaf və hamı üçün sülh yolu olacaq.
Fərhad MƏMMƏDOV,
politoloq:
– Laçın yolunda nəzarət-buraxılış məntəqisinin (NBM) qurulması Qarabağ erməniləri arasında parçalanmanı daha da sürətləndirəcək. Artıq dairə qapanıb və Qarabağdakı hərbi-separatçı tör-töküntülər əhalinin suallarına cavab verə bilməyəcək, çünki artıq onlar təhlükəsizliyin təminatçısı sayıla bilməzlər. Sərhəddə NBM-ın qurulması ilə Rusiya sülhməramlılarına bəslənən son ümidlər də puça çıxdı. İndiki vəziyyətdə Qarabağdakı silahlı haylar müxtəlif insidentlərə, eləcə də məqsədyönlü təxribatlara əl ata bilərlər. Onların hətta dinc sakinlərdən bir neçəsini güllələyib, günahı Azərbaycanın üzərinə yıxmağa çalışmalarını istisna etmək olmaz. Buradakı hərbi diktatura daha da qəddarlaşacaq. Böyük ehtimalla yaxın vaxtlarda reinteqrasiyanın müzakirəsi üçün Qarabağ erməniləri icmasının üçüncü dəfə Bakıya dəvət olunmasının, hətta onları Rusiya sülhməramlılarının müşayiət etməsinin şahidi olacağıq.
NBM-ın fəaliyyət reqlamenti müəyyən edildikdən sonra Ermənistandan çağırılmış hərbi qulluqçuların geriyə axını başlayacaq. Burada özünüqoruma instinktini də yaddan çıxarmaq olmaz. Qarabağın ermənidilli əhalisi daha heç bir variantlarının qalmadığını anlayır və onları “sona qədər mübarizəyə çağıranlara” elə bunun son olduğunu söyləməyin vaxtının çatdığını bilir. Qarşılarında iki yol görünür: ya hərbi xuntanın girovluğunda qalmaq, ya da Azərbaycan vətəndaşlığını qəbul edib, ölkənin bərabərhüquqlu sakini kimi yaşamaq.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”