Zərifə xanımın yetirmələri onu qədirbilənliklə xatırlayırlar

post-img

Dünyasını dəyişən insan əməllərinə görə xatırlanır. Akademik Zərifə xanım Əliyeva haqqında danışarkən onun həkim, alim kimi geniş erudisiyasından, professionallığından, insan kimi xeyirxahlığından söz açmaq yerinə düşür. Çünki, bilik diapazonu geniş və çoxşaxəli olan Zərifə xanım qısa zamanda həm həkimliyin, həm alimliyin, həm də pedaqoqluğun ən yüksək zirvəsinə yüksələ bilmişdi.

Fəaliyyəti müddətində hər zaman cid­di problemlərə toxunan, göz xəstəlikləri­nin qarşısını almaq və onları ən effektiv yolla müalicə etmək üçün çalışan Zərifə xanımın bu gün də aktual olan elmi araş­dırmaları və əldə etdiyi nailiyyətlər onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunun sübutudur. Akademikin rəh­bərliyi ilə gənc alimlərin və həkim-oftal­moloqların bu gün də fəaliyyət göstərən böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öy­rətmiş, onlara diqqət və qayğı ilə yanaş­mışdır.

1978-ci il idi. Zərifə xanım elmi təcrü­bəsini oftalmoloqlara öyrətmək, peşəkar mütəxəssis və alim kimi yetişdirmək üçün ətrafına gənc göz həkimlərini toplayırdı. Xoşbəxtlikdən onların arasında biri də mən idim. Onunla ilk tanışlığımda, məni oftalmologiyadan kiçik bir “imtahanla” sınadığını bu gün də xatırlayıram. “İmta­handan” uğurla keçdiyimə görə məni öz yanında işə götürdü. Bir müddət sonra isə diabetik retinopatiya ilə bağlı namizədlik mövzusunu müdafiə etməyi təklif etdi. Belə bir mövzu seçimini onunla əsas­landırdı ki, bu xəstəlik korluğun əsas sə­bəblərindəndir və 4 saylı Klinik Xəstəxa­nanın endokrinologiya şöbəsində şəkərli diabetdən əziyyət çəkən xəstələr var ki, onları müşahidə etmək olar. 

Şöbəyə Zərifə xanımın qardaşı, nəcib və mülayim insan, professor Ta­merlan Əliyev rəhbərlik edirdi. Tamerlan müəllim elə şöbə müdirlərindən idi ki, on­dan hər zaman məsləhət almaq mümkün idi. Həmin mövzuda hazırladığım refe­rata Zərifə xanım geniş rəy yazdı. Onun imzası olan bu rəy hələ də kafedranın muzeyində saxlanılır. 

Zərifə xanım, diabetik retinopatiya­nın səbəbinin, əvvəllər düşünüldüyü kimi, qan damarlarının deyil, xüsusi retinal hü­ceyrələrin zədələnməsi ilə əlaqədar ol­ması fərziyyəsini irəli sürmüşdü. 1982-ci ildə ilk dəfə olaraq, Azərbaycan Tibb Jur­nalında bu mövzuda məqalə dərc edildi. Məqalədə deyilirdi ki, gələcəkdə diabetik retinopatiyanın gedişatını sabitləşdirmək üçün vitreotexnika üsullarından istifadə etmək mümkün olacaq. Əlavə araşdır­malar onun fərziyyələrini təsdiqlədi. Əs­lində, bu fərziyyələrin irəli sürülməsi ilə oftalmologiyada əsas vəzifələrdən biri öz həllini tapdı.

Onun fəaliyyəti çoxşaxəli idi. 70-ci illərin əvvəllərində yeni istiqamət axtarı­şında olan Zərifə xanım peşə göz pato­logiyasına üstünlük verdi. O, həmçinin professor N.B. Şulpina ilə birgə hazır­lanmış “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri” mo­noqrafiyasında təqdim olunan gözün hid­rodinamik sisteminin fizioloji əsaslarını öyrənmişdi. Zərifə Əliyevanın “Şəkərli diabetdə göz xəstəlikləri” monoqrafiyası böyük praktiki əhəmiyyətə malikdir. Ümu­miyyətlə, akademik Z.Əliyevanın elmi fəaliyyətinin nəticələri nəzərəçarpandır. O, 14 monoqrafiyanın və 160-dan çox elmi məqalənin və təlimatın müəllifi ol­muşdur.

Zərifə xanımın insani keyfiyyətləri onun xəstələrə münasibətində özünü göstərirdi. O, həmişə bu fikirdə idi ki, hə­kimlə xəstənin birbaşa əlaqəsi müalicə­nin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqa­vimətini artırır, bəzən dava-dərmandan da güclü təsir göstərir. Xəstələrdən söz düşəndə “həkim xəstənin ən doğma ada­mıdır,”– deyirdi. 

Bir dəfə 4 saylı xəstəxanada xəstələrə baxış keçirilirdi. Xəstələri necə müayinə edirdi, onlarla necə danışırdı, bunu yal­nız görmək lazım idi. Bu şöbədə tez-tez yaşlı, xəstə qadınlar müalicə alırdılar. Zə­rifə xanım səbirlə onları dinləyir, başları­na sığal çəkir, öpür, qucaqlayırdı. Onlar çox vaxt öz problemlərindən söhbət açır, bəzən ona məktublar verirdilər. Onu heç vaxt cangüdənlər müşayiət etməzdi. Sa­dəcə olaraq, Volodya adlı sürücüsü gələr və onu evə aparardı.

Onun xeyirxahlığı haqqında indiyə qədər unuda bilmədiyim bir xatirə də var. Bir dəfə gözləmədiyim halda mənə xəbər verdilər ki, Zərifə xanım məni namizəd­lik dissertasiyamın “qaralama variantı” ilə birlikdə görmək istəyir. Kondisioner zavodunun laboratoriyasında gözləyirdi. Rəhmətlik professor Məmməd Yusufoviç və Nazim Tağızadə də orada idi. Zərifə xanım dissertasiyalarımızı nəzərdən ke­çirdi, xeyli dəyərli məsləhətlər verdi və təəssüf ki, bu görüşdən sonra onu bir daha görmədik... 

Az sonra onun dünyasını dəyişdiyini eşitdik. Bu xəbər, bizim üçün böyük zərbə oldu, sanki yetim qaldıq. Sonra anladıq ki, son görüşümüzdə o, xəstə olduğunu bilsə də, işlərimizin müdafiyəyə hazır və layiq olduğuna əmin olmaq üçün xüsusi olaraq bizi çağırıbmış. Amma, biz həmin gün onun zahiri görünüşündən heç nə başa düşməmişdik.

Ölümündən sonra bizə xəbər ver­dilər ki, Zərifə xanımın sonuncu vəsiy­yəti o olub ki, onun yetirmələri olan biz namizədlik dissertasiyamızı Moskvada Helmqolts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edək. Onun bu xahişini bizə o zaman Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazir­lər Soveti Sədrinin birinci müavini Heydər Əliyev çatdırmışdı. Biz Moskvaya getdik və namizədlik dissertasiyamızı uğurla müdafiə etdik. Ölümündən sonra da Zə­rifə xanımın qayğısını hiss etmişik. İllər keçməsinə baxmayaraq, xeyirxah insan, böyük alim Zərifə Əziz qızı Əliyevanın nurlu xatirəsi qəlbimizdə yaşayır və öm­rümüzün sonunadək yaşayacaqdır.

Rasim HACIYEV,
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə rəhbəri,
tibb elmləri doktoru, professor

Sosial həyat