Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq, bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən, hərbi quruculuq sahəsində.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən
9 oktyabr 2020-ci il
Dünən “Facebook” dostlarımızdan birinin maraqlı ifadəsini oxudum: “Aman Allah, İlham Əliyevdə nə qədər səbr və təmkin var imiş...” Ötən həftə isə Türkiyənin “Haber qlobal” telekanalında Azərbaycanın uğurları barədə danışan ekspert demişdi ki, tükənməz səbr möhkəm iradə və gücə malik liderlərdə olur. Yəni həm Azərbaycanda, həm də qardaş ölkə Türkiyədə insanlar bu fikirdədirlər ki, bizim çoxsaylı uğurlarımızın təməlində dövlət başçımızın səbri, iradəsi və gücü dayanır.
Biz bu səbrin, iradənin və gücün təsdiqini son günlər növbəti dəfə gördük. Xatırladaq ki, son iki-üç ayda ermənilərin dövri olaraq törətdikləri təxribatlara münasibət bildirən hərbi ekspertlər, politoloq və konfliktoloqlar israrla deyirdilər ki, İrəvandan Xankəndiyə silah-sursat, hərbi ləvazimat və xüsusən, minaların daşınmasının qarşısını almaq üçün mütləq ölkəmizə girişdə nəzarət-buraxılış məntəqəsi yaradılmalıdır. Hamı bunu deyir və sanki, kimisə tələsdirməyə çalışırdı.
Ancaq cənab Prezident hər zaman, hansısa qərarın verilməsinə tələsmədiyi kimi, bu istiqamətdə atılacaq addımların da vaxtını dəqiq müəyyən etmişdi. Nəhayət, aprelin 23-də Xarici İşlər Nazirliyimizin Azərbaycan tərəfindən Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatını oxuduq. Bildirilirdi ki, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcək:
“Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Üçtərəfli Bəyanat üzrə öhdəliklərə uyğun olaraq Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq”. Vəssalam! Hamı tələssə də, dövlət başçımız bu məsələnin həllinə də ənənəvi səbr və təmkini ilə nail oldu.
Cənab Prezidentin özü isə Salyanda Azərbaycan Televiziyasına verdiyi müsahibədə dedi ki, bizim iradə və gücümüzü təkcə Azərbaycanda və Türkiyədə deyil, başqa ünvanlarda da yaxşı görüblər: “Onu da bildirməliyəm ki, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Mən indi sadalamaq istəmirəm, bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan–Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın”.
Ancaq, çox təəssüf ki, yeni revanşist şüarlarla münaqişənin tam bitməsini əngəlləməyə çalışan, bununla isə öz maddi-maraqlarını təmin etmək istəyən siyasi qüvvələr Ermənistanı dinc oturmağa qoymurlar. Onlar ciddi-cəhdlə çalışırlar ki, kimsə Azərbaycan ərazisində “at oynatmağa” çalışsın, bizim səbrimiz tarıma çəkilsin və İrəvan rəhbərliyi yeni silah bazarları axtarsın. Bu zaman, başqa bir məqsəd də güdülür: “Onsuz da çökmüş Ermənistan iqtisadiyyatı hansısa kənar qüvvələrdən asılı vəziyyətdə qalsın. Bu faktı dünyanın hər yerində, hamı məhz bu şəkildə qəbul etsə də, Ermənistan katolikosu II Qaregin başda olmaqla bir sıra xəyalpərəstlər həqiqəti olduğu kimi qəbul etmək istəmirlər”.
Ancaq Prezident İlham Əliyev həmin təxribatçı çağırışlara da polad kimi möhkəm səbri ilə cavab verir: “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur”.
Prezidentin fikrincə, bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün Azərbaycanın hərəkətləri onu göstərir və rəsmi Bakının niyyəti ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun. Yəni, yenə də səbr və təmkin nümayişi.
... Bəli, son onlliklərdə şahidi olduğumuz fakt, arqument və hadisələr göstərir ki, Azərbaycan üçün fəth edilməyəcək zirvə yoxdur. Çünki ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur, güclü ordumuz, qətiyyətli liderimiz, səbr və təmkinli dövlət başçımız və bütün bunlarla yanaşı, çoxsaylı sadiq, sınanmış, etibarlı dostlarımız var. Bu sərvətlərə malik olan dövlət isə təbii ki, istənilən zirvəni fəth etmək iqtidarındadır.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”