Amerikalı konqresmenin erməni tərəfkeşliyi

post-img

Azərbaycan dövlətinin son iki il yarımda Qarabağda öz ərazi bütövlüyünün təmin olunması istiqamətində beynəlxalq hüququn qanun və tələblərinə uyğun olaraq atdığı qətiyyətli addımlar təkcə təcavüzkar Ermənistanda deyil, bir çox Qərb dövlətlərində, xüsusilə də ABŞ-da Azərbaycan xalqına, bütövlükdə, türk dünyasına qarşı pozuculuq fəaliyyəti ilə məşğul olan erməni lobbisini və onun diktəsi ilə hərəkət edən bəzi siyasətçiləri bərk narahat edir. 

Konkret misal çəkə bilərik. İki gün əvvəl məlum olub ki, ermənipərəst konqresmen Adam Şiff qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilli­yinin tanınması barədə qanun layihəsi hazırlayıb və sənədi Konqresin müza­kirəsinə təqdim etməyə hazırlaşır. Bu barədə “Turan” agentliyi Vaşinqtondakı etibarlı mənbələrə istinadən məlumat yayıb. Yuxarıda qeyd etdiyimiz kimi, bu dəfə də bu qərəzli layihənin arxasında erməni lobbisinin dayandığı hər kəsə gün kimi bəllidir.

Təəssüf və təəccüb doğuran həm də budur ki, ABŞ kimi oturuşmuş de­mokratik ənənələrə malik olan bir döv­lətin ali qanunverici orqanında təmsil olunan şəxslərə, yəni konqresmenlər və senatorlara müxtəlif ölkələrdən olan lobbiçilərlə “işgüzar əlaqələr” qurmağa qanunla icazə verilir. Təbbi ki, qanun­dakı bu boşluq erməni lobbisi üçün geniş meydan açır. Ermənilərin ABŞ mediasındakı “dostları” vasitəsilə də ictimai fikrə müəyyən təsir və təzyiq göstərmək imkanları da az deyil. 

Xatırladaq ki, A.Şiffin hazırladığı qanun layihəsinin ilkin müzakirələri Konqresin müvafiq komitələrində ke­çirilməlidir. Həmin mərhələdə layihə təsdiq olunarsa, sənəd Konqresin Nü­mayəndələr Palatasının geniş müza­kirəsinə çıxarılacaq. Ümid etmək istər­dik ki, Konqresin müvafiq komitələrində müzakirələr zamanı sağlam məntiq və düşüncə üstün gələcək, yəni haqq-ə­dalət yalan və saxtakarlıq üzərində zəfər çalacaq. 

Görünən budur ki, erməni lobbisi uzun illərdir hər vəchlə ABŞ-da xalqı­mıza və dövlətimizə qarşı öz məkrli si­yasətini həyata keçirmək üçün hiyləyə, şərə və böhtana əl atır. Ermənilər Azər­baycana, Türkiyəyə, bütün türk dünya­sına qara yaxmaqla məşğuldurlar.

Təəssüf ki, ABŞ Konqresində A.Şiff tək deyil, onun müəllifi olduğu bu qərəzli layihənin qatı anti-Azərbaycan, anti-Türkiyə mövqeləri ilə seçilən nü­fuzlu konqresmenlər – Bob Menendes, Nensi Pelosi və başqaları tərəfindən də dəstəklərəcəyi gözlənilir. Tanış so­yadlardır, deyilmi? Haqlısınız, onlar Azərbaycanın və Türkiyənin ziyanına olan hər bir layihəyə “okey” deyirlər.

Bəli, Birləşmiş Ştatların ali qanun­vericilik orqanında təmsil olunaraq uzun illər ermənilərin ölkəmizə qarşı işğalçılıq siyasətini dilucu belə pis­ləməyən həmin konqresmenlər bu dəfə də beynəlxalq hüquqa məhəl qoymadan sözügedən ədalətsiz qanun layihəsini dəstəkləyəcəklər. Təəssüf ki, ağa qara demək onlar üçün bu qədər asandır. 

Məlumat üçün bildirək ki, A.Şiff ABŞ Konqresinin Nümayəndələr Pa­latasının nəzdində illər öncə erməni lobbisinin səyləri ilə yaradılmış erməni məsələsi üzrə qrupun sədr müavinidir. Hər dəfə qondarma erməni soyqırımı gündəmə gələndə bu qrupun üzvləri­nin, eləcə də A.Şiffin “erməni təəssü­bkeşliyi” özünü xüsusi olaraq biruzə verir. 

Azərbaycanın Qarabağda qazandı­ğı parlaq uğurlar, son həftələrdə isə La­çın–Xankəndi yolunda ekofəallarımızın keçirdikləri haqlı etiraz aksiyaları A.Şiffi çox rəncidə salıb. O, dəfələrlə bu eko­loji aksiyanın nəticəsində Xankəndi və onun ətrafında yaşayan ermənilərin, guya, fundamental hüquqlarının pozul­duğu barədə əsassız bəyanatlar səs­ləndirib. Halbuki, ekofəallarıın məqsəd və məramları tamam başqadır. Bu, Şif­fin özünə də yaxşı məlumdur. Amma erməni lobbisinə əsl həqiqət lazım de­yil. 

Yeri gəlmişkən, A.Şiff hazırladığı saxta qanun layihəsi ilə bağlı video­müraciətində onu da bəyan edib ki, əgər sənəd Konqresdə qəbul olunar­sa, guya, bu, ABŞ hökumətinin qon­darma “Dağlıq Qarabağ Respublika­sı”nın öz müqəddəratını təyinetmə hüququnu tanıması anlamına gələ­cək. Beləliklə, onun sözlərinə görə, düzü əyri kimi göstərmək mümkün olacaq! Və buna görə də konqresmen A.Şiff erməni lobbisindən təşəkkür ala­caq. 

Yox, cənab Şiff! Sizin və xidmət et­diyiniz erməni lobbisinin bu niyyəti hə­yata keçməyəcək. Ona görə ki, ədalətli olmadığınız kimi, haqlı da deyilsiniz. Beynəlxalq qanunları pozursunuz! Azərbaycan dövləti öz milli maraqları­na uyğun olaraq, qanun və normalar çərçivəsində hərəkət edir. Rəsmi Bakı heç bir xarici qüvvənin təsiri və təzyiqi ilə öz ədalətli mövqeyindən geri çəkil­məyəcək! 

Fikrət SADIQOV,
siyasi icmalçı, professor 

Qeyd etmək lazımdır ki, konq­resmen Adam Şiff tərəfindən hazır­lanan bu qanun layihəsi ABŞ Konq­resinin Nümayəndələr Palatasının müvafiq komitəsindən keçməlidir. Orada bu sənədi müzakirə edərək rəy verməlidirlər. Sonra bunu Nü­mayəndələr Palatasının üzvləri səs çoxluğu ilə qəbul etməlidirlər. 

Məsələ bununla da bitmir. Bun­dan sonra layihəni Konqresin yuxarı palatası – ABŞ Senatı təsdiq etmə­lidir. Bütün bu prosedurlardan sonra isə Birləşmiş Ştatların hazırkı döv­lət başçısı Co Bayden bunu təs­diqləməlidir. 

Mən düşünmürəm ki, belə qərəzli qanun layihəsi bütün bu müzakirələrdən keçə biləcək. Çün­ki Ağ evin hazırkı rəhbəri Co Bay­den Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublarda və səsləndirdiyi bəyanatlarında dəfələrlə ABŞ hökumətinin birmə­nalı olaraq müstəqil Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini ta­nıdığını bildirib. 

Buna görə də ABŞ dövlətinin qondarma “Dağlıq Qarabağ Res­publikası”nı müstəqil dövlət kimi ta­nıyacağına böyük şübhə ilə yanaşı­ram. Belə bir kökündən yanlış qərar Azərbaycan–ABŞ münasibətlərinə ciddi zərbə vurmuş olar. 

Eyni zamanda ABŞ hökuməti və bu ölkənin Dövlət Departamen­ti Ermənistan və Azərbaycan rəs­milərinin bir araya gələrək onların regionda davamlı sülhün bərqərar olunması naminə konstruktiv mü­zakirələr aparmaları üçün dəfələrlə təşəbbüslər irəli sürüb, Vaşinqtona dəvət edibdir. 

Deməli, rəsmi Vaşinqton mü­naqişə ilə bağlı vasitəçilik etmək istəyir. Belə bir şəraitdə Konqre­sin ermənipərəst A.Şiffin hazırla­dığı qərəzli qanun layihəsini qəbul edərək təsdiq etməsi və sənədin dövlət başçısı tərəfindən imzalan­ması ABŞ-ın Cənubi Qafqaz siyasə­tini fiaskoya çevirə bilər. O zaman rəsmi Vaşinqtonun tərəflər arsında vasitəçilik etməyə nə hüquqi, nə mənəvi haqqı olacaq. 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət