Müharibədə sarsıdıcı məğlubiyyətin üzərindən 2 il 5 ay keçməsinə baxmayaraq, Hayastanda ehtiraslar soyumaq, sular isə durulmaq bilmir.
Bu ölkədə nə baş verirsə, hamısı layiq olduqları məğlubiyyətin acısından, üzləşdikləri problemlər burulğanından qurtulmaq uğrunda çarpışmaların fəsadlarıdır. Bu çarpışmalar bəzən isterik həddə çatır, hətta apatik xarakter alır. Bəzən yerli narazı kütlənin hansı şərti düşməndən – daxildəkindən, yoxsa xaricdəkindən “qisas” almağa çalışdığını müəyyənləşdirmək belə çətin olur. Son vaxtlar mövcud iqtidara qarşı etirazlar qızışmaqdadır. Məğlubiyyətlə barışmayan, sülhə gəlməyən revanşist qüvvələr həyəcan və hisslərini ən qatı formada büruzə verməkdən belə çəkinmirlər. Azğınlaşmış kütlə bu dəfə etiraz aksiyasında Azərbaycan və Türkiyə bayraqlarını yandırıb. Sağalmaz xəstəliyə mübtəla olmuş daşnak tör-töküntüləri aprelin 24-də “soyqırımı ildönümündə” Türkiyənin və Azərbaycanın bir-birinə bağlanmış bayraqlarına od vurub yandırıblar. “Əzabkeş” hayların miskin xislətini, eyni zamanda acizliyini əks etdirən fotoşəkillər sosial şəbəkələrdə tirajlanmaqdadır.
* * *
"Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər". Bu sözləri aprelin 18-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Onda bir erməni vandalının İrəvanda Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağını yandırmasına dövlət başçımızın münasibəti belə olmuşdu: “Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmasdadır”.
* * *
İndi isə Laçın yolunda nəzarət-buraxılış məntəqəmizin qurulmasına hayların reaksiyası sərhəd tanımır. Bunu erməni mediasına ötəri nəzər saldıqda aydınca görmək mümkündür: “İlham Əliyev və Paşinyan bəzi məsələlərdə razılığa gəliblər”. Bunu Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Eduard Şarmazanov deyib. “Mənim şəxsi qənaətimə görə, İlham Əliyevlə Nikol Paşinyan bu barədə əvvəlcədən razılaşıblar”, – deyən Şarmazanovun qarşıda nələrin baş verəcəyi ilə bağlı proqnozları heç də gerçəklikdən uzaq görünmür. O, mülahizələrini aşağıdakı kimi təsnifatlandırıb:
* Qarabağ Azərbaycanın tərkibində tanınacaq;
* Ermənistan–Azərbaycan sərhədindəki bütün strateji yüksəkliklər Azərbaycanın nəzarətinə veriləcək;
* Azərbaycana Laçın, Sus və Zabux, Gorus–Qafan yolundan sonra bütün anklavlar, o cümlədən Kərki veriləcək;
* Rusiya sülhməramlıları Laçından çıxarılacaq;
* Ermənistan Türkiyənin tam nəzarətinə veriləcək.
Respublikaçılar Partiyasının sədr müavini E.Şarmazanov bütün bunların qarşısını yalnız Paşinyanın istefasının ala biləcəyi versiyasını irəli sürür. Amma o, prosesə yeganə geosiyasi maneə kimi Rusiya və İranın adını çəkir. “Əgər Nikol hakimiyyətdə qalsa, Ermənistan türk hipermarketi olacaq”, – kimi baş naziri aşağılayıcı ifadələri dilə gətirməkdən çəkinməyən erməninin durumunu apatiya kimi dəyərləndirmək olar.
Hayların qəzəb və etirazlarının sonuncu ifadə üsulu bayraqlarımızı yandırmaq oldu. Düşmən əlində alovlanan bayraqlarımız isə məhz hayların miskinliyinin və acızliyinin əlamətinə çevrildi.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”