Qarabağa yol yalnız Bakıdan keçir!

post-img

Çoxdan gözlənilən hadisə baş verdi. Aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmə­tinin bölmələri tərəfindən ölkəmi­zin suveren ərazisində, Ermənis­tanla sərhəddə – Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nə­zarət-buraxılış məntəqəsi quruldu. 

Bununla bağlı Dövlət Sərhəd Xidmə­tinin, Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin ayrı-ayrılıqda yaydığı bə­yanatlarda Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə mü­vafiq tədbirlərin həyata keçirilməsini şərt­ləndirən amillər sadalanıb. Bəyanatda bu addımın Ermənistanın Laçın–Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli üç­tərəfli Bəyanata zidd olaraq, sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadəsinin davam etməsinin və bundan qaynaqlanan təhlükəsizlik hə­dələrinin nəzərə alınaraq atıldığı bildirilib. Ancaq həmişəki kimi, öz amplualarında olan bəzi beynəlxalq dairələr Azərbayca­nın gerçəkləşdirdiyi bu fəaliyyətdən ən­dişələniblər. Bunların arasında ənənəvi anti-Azərbaycan dairələrlə yanaşı, həlle­dici anda Ermənistanın tərəfini saxlayan­lar da var.

***

İlk bəyanat elə rəsmi İrəvandan gə­lib. Ermənistan Xarici İşlər nazirliyi Azər­baycan tərəfindən Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradıl­masını qanunsuz (?) adlandırıb. Bildirilib ki, Azərbaycan, guya, Laçın yolunu artıq rəsmən bağlayıb.

Ermənistan XİN-in bəyanatında diqqət çəkən məqam Rusiyaya ünvan­lanan çağırışla bağlıdır. Rəsmi İrəvan Moskvanı öhdəliklərini yerinə yetirməyə çağırıb: “Biz Rusiya Federasiyasını yolun qeyri-qanuni blokadasını aradan qaldır­maq və Azərbaycan qüvvələrinin Laçın yolunun bütün təhlükəsizlik zonasından çıxarılmasını təmin etməklə üçtərəfli Bə­yanatın 6-cı bəndində nəzərdə tutulmuş öhdəliyi, nəhayət, yerinə yetirməyə və bunu BMT-yə açıq şəkildə bildirməyə ça­ğırırıq”.

Ermənistanın ardınca onun “bacısı” olan Fransa Azərbaycan tərəfindən La­çın yolunun yeni marşrutunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsi ya­radılmasından təəssüflənib.

ABŞ Dövlət Departamentinin mətbu­at katibinin birinci müavini Vedant Pa­tel bəyan edib ki, Vaşinqton baş vermiş hadisədən dərin narahatdır: “Bir daha deyirik ki, Laçın yolu insanların sərbəst hərəkəti və ticarət məqsədləri üçün açıq olmalıdır. Biz tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkin­məyə çağırırıq”.

Avropa İttifaqının (Aİ) da mövqeyi özünü çox gözlətməyib. Aprelin 24-də Aİ Şurasının iclasının yekunlarına dair mət­buat konfransında çıxış edən qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbay­canın Laçın yolunda sərhəd nəzarət-bu­raxılış məntəqəsi yaratmaq qərarını şərh edib. Borrel bunu Azərbaycanın birtərəfli qərarı adlandırıb və gərginliyin azaldıl­ması çağırışına uyğun olmadığını deyib. O, Aİ-nin regionda vəziyyətin nizamlan­masında Ermənistan və Azərbaycana dəstək verməyə hazır olduğunu qeyd edib və Aİ-nin Ermənistan ərazisində missiya yerləşdirdiyini xatırladıb.

Rusiya XİN-in bəyanatı isə məsələlərə daha kompleks yanaşma baxımından diqqət çəkir. Rəsmi Moskva Rusiya sülh­məramlı kontingentinin Qarabağdakı mə­suliyyəti, Ermənistan–Azərbaycan təmas xəttindəki vəziyyət, habelə Bakı ilə İrəvan arasında rəsmi dialoqla bağlı ciddi nara­hatlığını ifadə edib. 23 aprel hadisələrinin inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının əsas müddəalarını pozan bütün birtərəfli addımların yolverilməzliyinin qeyd edildi­yi bəyanatda tərəflər dərhal mövcud ra­zılaşmalara qayıtmağa çağırılıb. Rusiya XİN hesab edir ki, yaranan problemlərin bir çoxu uzunmüddətli dalana dirənmiş vəziyyətlə və üçtərəfli sazişlərin əsas istiqamətləri üzrə danışıqlar prosesin­də irəliləyişin olmaması ilə bağlıdır: “Biz gözləyirik ki, Bakı və İrəvan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə bu mənfi dinamikanı aradan qaldıra biləcək. Rusiya tərəfi sülhməramlı kontingentinin komandanlığının iştirakı ilə həm siyasi səviyyədə, həm də yerdə Azərbaycan və Ermənistana lazımi dəstəyi göstərməyə hazırdır”.

Bəyanatda daha çox maraq doğuran isə sözsüz ki, sonuncu cümlədir: “Biz, həmçinin xarici Qərb oyunçularına və öz fürsətçi gündəmləri ilə işləyən yerli an­ti-Rusiya elementlərinə xəbərdarlıq edirik ki, Rusiyaya qarşı qarayaxma kampani­yası da daxil olmaqla, vəziyyəti gərgin­ləşdirmək cəhdlərindən çəkinsinlər”.

***

Göründüyü kimi, adları yuxarıda qeyd olunan dairələr üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silah­lı dəstələrinə canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı va­sitələr daşınmasına səssiz qaldıqları hal­da, indi ölkəmizin Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi qurması ilə bağlı bülbül kimi ötürlər. Halbuki Azər­baycan bu addımı zərurətdən atıb. Rəsmi Bakının bu addımı ilə bağlı verilmiş bəya­natlar tamamilə əsassızdır. Öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin legitim hüququdur. Bu addım bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğun­dur. Onu tənqid edənlər isə Ermənistanın 30 illik işğal rejiminə səssiz qalanlardır. Hər dəfə bu cür hallar onları daha yaxın­dan tanımağımıza səbəb olur. 

***

44 günlük Vətən müharibəsindən öncə Qarabağa dünyanın istənilən ölkəsindən istənilən şəxsin daxil olma­sı çox asanlıqla həyata keçirilirdi. Necə deyərlər, açıq qapı idi, kim gəldi keçirdi. Azərbaycanın Zəfəri ilə başa çatan mü­haribədən sonra bu kimi halların sayında əhəmiyyətli azalma baş verdi. Bununla belə, xaricdən ermənisevərlər və Ermə­nistandan müəyyən vəzifəli şəxslər yenə də Qarabağa gəlib-gedirdilər. İndi bu ərazilərə daxil omaq istəyən əcnəbilər pasportlarını yoxlanış üçün verməyə və Dövlət Sərhəd Xidmətinin əməkdaşları­nın göstərişlərinə əməl etməyə hazır ol­malıdırlar. Onlar qaydalara əməl etməli və Azərbaycan qanunlarına hörmətlə ya­naşmalıdırlar. Beləliklə, Azərbaycan öz əraziləri üzərində suverenliyini bərpa et­mək yolunda daha bir inamlı addım atdı. Sözü imzası qədər keçərli olan ölkəmizin rəhbərliyi bütün dünyaya sübüt etdi ki, Qarabağa gedən yol yalnız Bakının ira­dəsinə əsaslanır!

Rasim MUSABƏYOV,
politoloq

– Ermənilər ənənəvi olaraq za­rıyıb dünyanı ayağa qaldırmağa çalışacaqlar. Onlara himayədarlıq edən qüvvələrdən də bəyanat­lar səslənir. Bizim sinir sistemimiz möhkəmdir, bu cür hadisələrlə dəfələrlə üzləşmişik. Bütün bu çı­ğır-bağırın heç bir praktiki əhəmiy­yəti olmayacaq.

Onlar konkret məsələləri mü­zakirə etmək istəyirlərsə, buyurub masa arxasına əyləşsinlər. Biz Qarabağ ermənilərini Bakıya gö­rüşə dəvət etmişik. Buyursunlar, problemləri müzakirə edək, ancaq çığır-bağır salmaq, “yol açıq olmalı­dır, kim istəyir gəlib-getsin, nə daşı­nır-daşınsın” deməklə olmayacaq.

Fransada, ABŞ-da Rusiyada hesab edirlərsə ki, bu, belə də ol­malıdır, buyurub öz sərhədlərini açsınlar. Kim istəyirsə onların əra­zisinə gəlsin-getsin, nə istəyirlərsə onların ərazisinə daşısınlar. Sonra gəlib Azərbaycana tövsiyə versin­lər.

Qarabağ Azərbaycanın suve­ren ərazisidir. Azərbaycanın sər­hədidir. Bura daxil olmağa ölkəmiz özü nəzarət edəcək. Bundan sonra Azərbaycan nə orada hərbi heyə­tin rotasiyasına, nə də hansısa si­lah-sursatın, minaların daşınması­na imkan verəcək. Bizim icazəmiz olmadan o ərazilərə daxil olmaq dövrü başa çatdı. Nə qədər bəya­nat verirlərsə versinlər, özləri bilər­lər. Azərbaycan hakimiyyəti özü­nün hüquqi imkanlarından istifadə edərək sərhəd nəzarət-buraxılış məntəqəsində lazımi qayda-qanu­nu təmin edəcək.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət