Mir Cəlal – dəyişən dəyərlər müstəvisində

post-img

XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndə­si, yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev, eyni zamanda, görkəmli tədqiqatçı alim olmuşdur.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənir. XIX əsrin sonu, XX əsrin əvvəlləri milli oyanış dövrü kimi səciyyəvidir. Qərbə inteqrasiya, Şərqi geri salan səbəblər, azad və milli düşüncənin hasilə gəlməsi və s. Bu dövrdə bütün diqqət milli təfəkkürün və məfkurə istiqamətinin düşüncədə və əməldə ifadəsinə nail olmağa yönəlmişdi. Bu mənada, Azərbaycan Xalq Cümhuriyyəti bir tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu XX əsrin əvvəlləri boyu davam edən milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. O dövrdə, sanki hədəflər də, tədqiq predmətləri də eyni idi. Diqqət edək, Axundzadənin “Kəmalüddövlə məktubları”, Hüseynzadənin “Siyasəti fürusət”, Ağaoğlunun “Üç mədəniyyət” əsərlərinin hər birində milli oyanış amili, Şərqin məzlumluğunun kökündə duran məsələlər, Qərbin hansı cəhətlərindən yararlanmağın konturları dəqiq göstərilirdi.

Sonra sovet dövrü hakim oldu. İde­oloji təhriflər, faktın bilərəkdən yanlış yozumu, tarixi yaddaşın pozulmasına cəhdlər, milli-mənəvi dəyərlərin sıra­dan çıxarılması və s. Bu dövrdə ziya­lılardan az bir qismi öz ədəbi kimlikləri ilə sənətin yaradıcı impulsunu qoru­yub saxlamağa müvəffəq oldu, həm yeni dövr, həm də özü ilə mübarizə­dən qalib çıxdılar. Onların arasında görkəmli yazıçı, alim Mir Cəlalın yeri və mövqeyi ayrıca qeyd olunmalıdır. 

1920-30-cu illərdən başlayaraq ədəbiyyat cəmiyyət həyatına təsiri baxımından aktiv fazaya daxil oldu. Öndə gedən ziyalıların əsas qismi ədəbiyyatın cəmiyyətə, daha çox alt qatlara, onların fikrinə, düşüncəsinə təsir eləmək imkanını duyaraq, bun­dan faydalanmağa çalışdı. Bu fay­dalanmada şəxsi mənfəətə xidmət etmək amili də vardı, xalq mənafeyi, ümumi dəyərlərin qorunması, onla­rın gələcəyə bütöv və sağlam şəkildə ötürülməsi niyyəti də. Mir Cəlal ikin­cilərdən idi. O, publisistikası vasitə­silə mətbuatda çevikliyi, cariliyi təmin edirsə də, nəsri ilə duyğuları, emosi­onallığı, bədiiliyi öz gücündə saxlayır, əsərləri ictimai-siyasi ab-hava ilə bağlı ən aktual prosesləri cəmiyyətin dərin­liklərinə apara bilirdi. 

Bu kontekstdə görkəmli ədibin el­mi-nəzəri araşdırmalarının də rolu az deyil. İstər klassik irslə bağlı meydana qoyduğu fundamental əsərlər, istərsə də dövrün cari ədəbi prosesinə verdi­yi operativ reaksiyalarının yer aldığı məqalələri onun təkcə ədəbiyyatın də­rin bilicisi olduğunu meydana qoymur, eyni zamanda, milli təəssübkeşlik his­sinin aliliyinə dəlalət edir. Mir Cəlalın nəsr və poeziya ilə bağlı yanaşmaları bu gün bizə sovet dövrünün mənzərə­sini bütün mürəkkəbliyi ilə anlatmaqla bərabər, həm də məlum bir həqiqətin üzərinə işıq salır: əsl sənətkar bütün hallarda öz doğma xalqının oğludur, onun dəyərlərini və meyarlarını zama­nın sərt sınaqlarından, aşınmaların­dan bütöv və zədəsiz çıxara biləndir. 

Azəraycan nəsrinin tarixini, təka­mülünü araşdıran, tədqiq edən alimlə­rin cərgəsində Mir Cəlalın özünəməx­sus yeri var. Onun elmi-nəzəri yaradıcılığında əldə etdiyi qənaətlər nəsrin təkamül yolu və qazandığı po­etik xüsusiyyətlərin, apardığı poetik axtarışların nəsr nümayəndələrinin yaradıcılığında müxtəlif təzahürləridir ki, bu gün ətraflı araşdırılmağa, tədqiq edilməyə imkan verir. 

Mir Cəlal nəsrimizin inkişaf yolunu müxtəlif yazıçıların (İ.Qutqaşınlı, A.Ba­kıxanov, M.F.Axundov, C.Məmmədqu­luzadə, Ə.Haqverdiyev, N.Nərimanov, M.Hüseyn və s.) yaradıcılıqları əsasın­da təhlil edən tədqiqatçı kimi bununla bağlı çox əhəmiyyətli qənaətlər əldə etmişdir. Bu qənaətlərə müxtəlif elmi məqalələrində də, tənqidi yazılarında da rast gəlmək olar. Məsələn, onun “Klassik nəsrimiz haqqında” məqalə­sində qeyd edilir ki, “daha qədim za­manlarda, Nizami dövrünə aid əlimiz­də heç bir yazılı nəsr əsəri yoxdursa, XVI əsrdə dahi Füzulinin qüvvətli nəsr əsərləri göstərir ki, Füzuli zamanında Azərbaycanda işlənmiş, bədii və ədəbi cəhətdən formalaşmış, original stil qə­bul etmiş bədii nəsr var imiş”.

Bu fakt ədəbiyyatşünaslıq tarixi­mizdə dəfələrlə təsdiqini tapıbdır. Belə ki, Mir Cəlal kimi nəsrimizin ta­rixini Füzuli dövrü ilə əlaqələndirən digər alimlərimiz də vardır. Məsələn, Hidayət Əfəndiyev də “Azərbaycan bədii nəsrinin tarixindən” kitabında nəsrin tarixinin yazılı ədəbiyyatda Fü­zulinin əsərləri ilə bağlanıldığını qeyd edir və ilk nəsr nümunələri kimi onun “Həqiqətüs-süəda” və “Şikayətnamə”­sini təhlilə çəkir. Lakin bu zaman ob­yektiv olaraq ortaya çıxan bir suala – “nə üçün nəsrin ilk nümunələrinin yarandığı bu tarixi dövrdən sonra bu qədər boşluq olub” sualına Mir Cəla­lın gəldiyi qənaət əsaslı bir cavab kimi səslənməkdədir. 

O, nəsrin orta əsrlərdə və ondan sonra hələ uzun müddət inkişaf et­məməsinin səbəbi tək Şərqdə nəsrə “əsl ədəbiyyat” kimi baxılmadığını, “söz sənətində ancaq şeir yazmağın hünər sayıldığını” qeyd edirdi. Bu fikir­lər, həqiqətən də, məntiqlidir. Hər hal­da, Şərq ədəbiyyatında poeziyanın, Qərb ədəbiyyatında isə nəsrin uzun əsrlər boyu hakim mövqedə olması, ədəbiyyat tariximizdə poeziyanın bu qədər şaxələnmiş, dərinlərə kök atmış bir şəkildə mövcudluğu, hətta şifahi xalq ədəbiyyatında da şeir formaları­nın daha rəngarəng olması faktı belə bu müddəanın təsdiqi kimi çıxış edə bilər. 

Orta əsrlərdə inkişaf edə bilməyən, hətta XIX əsrdə belə çox müraciət edilən forma olmayan nəsr XX əsrin əvvəllərindən başlayaraq ədəbiyyatı­mıza əsaslı şəkildə, çoxjanrlı formada daxil oldu və öz yerini illər keçdikcə daha da möhkəmləndirməyə başladı. Hərçənd ki, əsrin ilk onilliklərində “ən çox inkişaf etmiş, ən geniş yayılmış ədəbi janrları publisistika və drama­turgiyadır”, – yazan Nizami Cəfərov milli, yaxud ənənəvi janrları sürətlə sıxışdıran, arxa plana keçirən bu “qey­ri-milli mənşəli” janrların Azərbaycan təfəkkürünə çoxdan deyil, XIX əs­rin ortalarında gəlməsi faktını xüsusi olaraq vurğulayır və dramaturgiya ilə publisistikanın əsrin əvvəllərində ya­şarılığının və qoşa addımlamasının səbəblərindən biri kimi bir faktı qeyd edirdi: “Onu da nəzərə almaq lazımdır ki, haqqında söhbət gedən mərhələnin dramaturqlarının əksəriyyəti həm də publisist idi: Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Hüseyn Cavid…”. 

Beləliklə də, nəsrin tarixini izləyən bütün tədqiqatçılar müasir nəsr an­lamına yaxın ilk nümunələri arasın­da İ.Qutqaşınlının, A.Bakıxanovun, M.F.Axundovun əsərlərini xüsusi ola­raq qeyd edirlər, lakin, bu, bir faktı də­yişmir ki, onun təkamül prosesi, inkişaf mərhələsi məhz XX əsrin ilk illərindən başlayır. 

Bu baxımdan XX əsrin nəsrinin müxtəlif mərhələləri, ideoloji təsirləri adlayaraq, müxtəlif poetik dəyişiklik­lərə uğrayaraq bu günümüzə qədər gəlib çatdığını qətiyyətlə söyləmək olar. Onun təşəkkül dövrünün böyük bir hissəsini “sovet ədəbiyyatı” dövrü kimi təhlil etməli olsaq belə, bu fakt nəsrin əldə etdiyi nə ideya-estetik xü­susiyyətləri, nə də poetik çalarları də­yişmir. 

Mir Cəlalın elmi-nəzəri irsində XX əsr nəsrinin təhlili, dəyərləndirilmə­si, realist nəsr nümunələrinə xüsusi olaraq diqqət yetirilməsi əsas əhə­miyyət kəsb edən istiqamətlərdən­dir. Onun elmi araşdırmalarında Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərima­novun, Məmməd Səid Ordubadinin, Abdulla bəy Divanbəyoğlunun, Abdul­la Şaiqin, Süleyman Sani Axundovun nəsrinin poetik xüsusiyyətləri, nəsr nümunələri vasitəsilə XX əsr nəsrinin əldə etdiyi poetik yeniliklərin geniş təhlili aparılmış, əsaslı elmi qənaətlər əldə edilmişdir. Ümumiləşdirmə apar­malı olsaq, qeyd etməliyik ki, Mir Cə­lalın elmi-nəzəri irsində XX əsrin nəs­ri iki mərhələdə – 30-cu illərə qədər və 30-cu illərdən sonrakı mərhələdə tədqiq edilibdir. Bu tədqiqatların el­mi-nəzəri sanbalı, əhatə genişliyi, əldə edilmiş elmi nəticələrin obyektivliyi və elmi dəyəri bu günün prizmasından dövrü xarakterizə etməyə imkan verir, amma ondan daha çox alimin özünün obrazına layiqli status qazandırır. İlk növbədə o səbəbdən ki, Mir Cəlalın elmi-nəzəri dəyərləndirməsində nə dərəcədə siyasi ideologiyaya əsaslan­ma faktı olsa da, onun tədqiqatlarında konkret ədəbi mətnin, ədəbi-tarixi pro­sesin, konkret olaraq hansısa tədqiqat predmetinin, problemin təhlili daha əsaslı yeri tutur. 

Ümumilikdə, Azərbaycan nəsri və onun poetik axtarışlarından danı­şarkən Mir Cəlalın elmi-nəzəri yara­dıcılığında 30-cu illərə qədər yaran­mış nümunələr, C.Məmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, A.Şaiq, S.S.Axundov kimi yazıçıların yaradıcı­lıqları və bu irsin əsasında nəsrin mey­dana çıxan poetik xüsusiyyətləri daha obyektiv şəkildə təhlilə çəkilə bilir. O, “Mirzə Cəlil qısa, mənalı, psixoloji he­kayənin böyük ustasıdır”, – yazanda da, “Mirzə Cəlilin hekayələrində bir bitkinlik, müxtəsərlik, yığcamlıq vardır ki, bütün klassik nəsrimizdə davam və inkişaf etdirilməkdədir. Bu hekayələr bəzən böyük bir roman qədər mənalı, əhatəedici və güclüdür”, – qənaətinə gələndə də, Mirzə Cəlilin bədii təsvir­də hadisə, fakt və insanları müqayisə üsulundan istifadə etməyini çox sevdi­yini yazaraq “Kontraslı lövhələr realizm üçün çox məqbul, münasib üsuldur. Rənglər, səslər, münasibət və görüş­lər öz-özündən aşkara çıxır, aydınla­şır. …Bu yaradıcılıq üsulundan ədib bütün janlarda (dram, nəsr, feleyton) istifadə etmişdir”, – qənaətini verəndə də tək “Molla Nəsrəddin” məktəbinin yaradıcısının deyil, ümumilikdə, nəsri­mizin poetik axtarışlarını təhlilə çəkir, bu problemə məhz bir yaradıcılığın sferasından yanaşaraq ümumiləşdir­mələr aparırdı. C.Məmmədquluzadə həm öz əsrinin “səciyyəvi tiplər silsilə­sini yaratmış” nümayəndəsi kimi təhlil edilir, həm də bu cür tip yaradıcılığı­nın, satiranın, tənqidin XX əsr nəsri üçün xarakterik bir xüsusiyyət olduğu göstərilirdi. Çünki eyni tip yaradıcılığı Ə.Haqverdiyevdə də vardı. Əsas olan isə bu idi ki, həmin “tip”ləri ədəbiyyata ötürən real şərait, real zəmin – o tipləri yetişdirən problemlərlə dolu cəmiyyət və canlandırılması üçün qismən də olsa, azadlıq var idi. 

Realist hekayə janrını Azərbaycan ədəbiyyatında “təzə hadisə” adlan­dıran Mir Cəlal onun cəmi bir əsrlik tarixi olduğunu yazaraq, janr etibarilə də nəsrin formalaşma prosesini təhlilə çəkirdi: “…İyirminci əsrin əvvəllərində bizdə hekayə, xüsusilə realizmi təmsil və təcəssüm etdirən janr olmaq etiba­rilə əhəmiyyətli yer tuturdu”.

Mir Cəlal C.Məmmədquluzadənin hekayələrini məzmununa görə iki yerə bölərək – portret və hadisə hekayəsi kimi təhlil edir və bununla da XX əsr hekayəsinin poetik imkanlarını dəyər­ləndirmiş olurdu. Yaxud Haqverdiyevin nəsri ilə bağlı təhlillər apararkən onun simvolizm tərəfdarı olduğunu qeyd edir, lakin “sənət sənət üçündür” mey­linə uymadığını vurğulayırdı: “Ədib simvoldan bir ədəbi məcaz, bir işarə, vasitə kimi istifadə etmişdir”. Bununla belə, öz elmi-nəzəri mülahizələrində bu cür qeydləri etməklə, əslində, Mir Cəlal o zaman mövcud olan bir fikri – realizmdən başqa heç bir cərəyanın, meyilin olmadığı düşüncəsini bilərək­dən və ya bilməyərəkdən dağıtmış olurdu. Bu isə ədəbiyyat tarixində ədəbi məktəbləri və ədəbi cərəyanları araşdıran tədqiqatçılar üçün əhəmiy­yətli bir təkan, impuls idi.

Mir Cəlalın apardığı bütün bu təh­lillərdən bəlli olur ki, XX əsr nəsri əs­rin əvvəllərində hekayə janrı ilə ədəbi təfəkkürdə özünə yer etməyə başlasa da, sonrakı mərhələ, 30-cu illərdən başlayaraq, artıq roman yaradıcılığı üçün şərait yaradırdı. Amma bu şərait təəssüf ki, təbii təkamül prosesinin de­yil, “kənar”dan diktə edilən, “sosialist realizmi”ni yaradan, “hakim ideoloji” basqının təlabatı idi. “Sovet ədəbiyyat” nəsri “yerlərdə” mütləq roman janrına adlamalı idi.

Mir Cəlal nəsrimizə yeni ayaq aç­maqda olan roman janrını xarakterizə edərək “müasir və mütərəqqi ideyala­rın cürətlə təbliği, bədii forma gözəlliyi, maraqlı, sadə və təbii hekayə üsulu, hadisələrin müstəqim və sürətli inki­şafı, tam və bitkin süjet, aydın xarak­teristikalar, sağlam lirika, dildə canlılıq – romanın əsas bədii keyfiyyəti bun­lardan ibarətdir”, – yazır, roman janrını yazıçılardan tələb edən ictimai-siyasi “sifariş”in yerinə yetirilməsi üçün yazı­çılara “ipucu” verirdi.

O, Nəriman Nərimanovun yaradıcı­lığını dəyərləndirərkən onun məhz ro­manını təhlil edir, ədibin realist ədəbiy­yatın inkişafı tarixində əhəmiyyətli yer tutduğunu bildirir, əsərlərinin az olma­sına baxmayaraq, məzmun və dəyər etibarilə önəmliliyini vurğulayırdı. Mir Cəlal “Bahadır və Sona”nı Azərbaycan roman janrının ilk nümunələrindən biri kimi dəyərləndirərək, məhəbbət möv­zusunda yazılmış əsərin zahirən Şərq ənənəvi sevgi dastanlarına (“Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Xumar və Sənan”, “Abbas və Gülgəz”) yaxın olduğunu söyləyir və onu “keçmiş cə­miyyət üçün çox səciyyəvi bir faciə” kimi xarakterizə edirdi. 

Yaxud XX əsr nəsrinin poetik axta­rışlarını M.S.Ordubadinin yaradıcılığı əsasında dəyərləndirərək “Bu dövrdə Ordubadinin ən dolğun bədii əsəri, şübhəsiz ki, “Bədbəxt milyonçu, yaxud Rzaqulu xan firəngiməab” romanı­dır”, – yazır və əsərin qələmə alındı­ğı dövrdə roman janrının Azərbaycan ədəbiyyatında yeni bir forma olduğunu söyləməklə onu bu sahədə ilk qələm təcrübələrindən biri kimi dəyərləndir­məyin vacibliyini xatırladırdı. 

“Bədii nəsrimiz yeni mərhələdə” məqaləsində Mir Cəlal “müasir ədə­biyyatımızın ən qabaqcıl sahəsi bədii nəsr sayılırsa, bədii nəsrin də qabaqcıl sahəsi roman və povest sayılır. Bədii nəsrimiz gəncdirsə, bu epik şəkilləri­miz ondan da gəncdir”, – yazaraq o dövr üçün yeni olan, bədii təfəkkürün hələ tam mənada qavramadığı, qəbul etmədiyi janrla bağlı təhlillər aparır, çıxardığı qənaətləri belə ümumiləşdi­rirdi: “Roman geniş xalq həyatını ge­niş əhatə etməli, nəinki şəxsin, ailənin, hətta nəsllərin də taleyini verməli olan böyük ədəbi şəkildir. Roman həm əsri, həm də günü, həm xalqın, həm də fər­din taleyini əks etdirir. Müəyyən dövr­də roman qəhrəmanının, hətta nəslin mükəmməl sərgüzəşti, tərcümeyi-halı deməkdir”. 

Məqalələrində Mir Cəlal dil məsələsini, dövrün meydana çıxardığı əsərlərdə dəyərləndirilməli olan əsas xüsusiyyət kimi qabardır və “indi ən mühüm məsələlərdən biri yalnız dil mədəniyyəti deyil, ümumən, sənətkar­lıq məsələsini bütün kəskinliyi ilə qoy­maq, yazıçılarımızın diqqətini buna cəlb etməkdən ibarətdir”, – yazır. Bir zamanlar xalqımızı, mədəniyət adam­larını narahat edən və Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Nəriman Nərima­nov, Cəfər Cabbarlı və Səməd Vurğun kimi qələm sahiblərinin “ömürlərinin çox hissəsini uğrunda mübarizəsinə sərf etdikləri” dil, xalq ruhu, xalq dili məsələsinin “indi ədəbiyyatımızda ən böyük tələb kimi qoyulur və həll olu­nur”, – qənaətinə istinad nöqtəsi kimi yanaşmalı olurdu. 

Mir Cəlalın yaradıcılığını təhlil et­diyi, üzərində dayandığı yazıçılardan biri Mehdi Hüseyndir. O, Mehdi Hü­seynin yaradıcılığının təhlilinə ayrılıq­da bir məqalə həsr edib. Lakin ümumi dəyərləndirmə apardığı “Bədii nəsri­miz yeni mərhələdə” məqaləsində o, “Abşeron” romanının müəllifi Mehdi Hüseynin yeni əsərindən– “Qara daş­lar”dan danışır. “Romanda sürətlə inki­şaf etdirilən kəskin bir münaqişə” oldu­ğunu qeyd edir, Bakı yaxınlığında neft kəşfiyyatı üzərində gedən və bütün diqqətləri toplayan əsas münaqişənin kolxoz kəndi ilə, ziyalıların həyatı ilə bağlandığını, “yalnız vətəndaşlıq duy­ğularını yox, həm də adamların fərdi həyatını, ailə-məişət və məhəbbət səhnələrini əhatə etdiyini” vurğula­yır. Müxtəlif səhnələrin təsviri üçün iri həcmli parçalar sitat gətirməklə yenə də “Mehdi Hüseynin əsərində həyat həqiqətini qabarıq əks etdirən gərgin səhnələr çoxdur”, – kimi qənaətlər səsləndirir. 

Bir məqama diqqət çəkməyə dəyər. Mir Cəlalın üzərində dayandığı və təhlil etdiyi əsərlər ədibə nisbətən söz demək imkanı verən mətnlər idi. Məsələn, o, müasir kəndimizin təsvi­rinə həsr olunmuş görkəmli əsərlər­dən biri – Mirzə İbrahimovun “Böyük dayaq” romanı haqqında da qənaətlə­rini qeyd edirdi. “Burada yalnız təsər­rüfat məsələləri deyil, xalq həyatı, ailə, ənənə, əxlaq, ümumən köhnəlik ilə yenilik arasındakı barışmaz mübarizə verilir. Romanda bir neçə xətt üzrə inkişaf etdirilən əhvalat bu mərkəzi sima ətrafında dolanır”, – yazan tə­dqiqatçının yazı intonasiyasından, təhlil istiqamətindən də görünür ki, Mir Cəlal sovet dövrünün sərt qayda-qa­nunlarının işlək olduğu dövrlərdə belə mümkün qədər ədəbiyyat, sənətlə bağlı obyektiv elmi-nəzəri qanuna­uyğunluqlardan çıxış etməyə çalışıb. Axı dövr mürəkkəb idi, yazılan mətnlər adətən “sosialist realizmi”nin tələbləri çərçivəsində meydana qoyulduğun­dan tədqiqatçının səmimi fikir söy­ləməsini əngəlləyirdi. Lakin Mir Cəlal İsmayıl Şıxlının “Ayrılan yollar”, Həsən Seyidbəylinin “Telefonçu qız”, Əli Və­liyevin “Turaclıya gedən yol”, Əyyub Abbasovun “Zəngəzur” əsərlərini təh­lil predmetinə çevirəndə belə konkret qənaətlərdən çıxış edir, “bədii nəsrimi­zin yarıtmaz cəhətlərindən biri satira və yumorun zəifliyidir”, – kimi cəsarətli qənaətlər səsləndirməkdən çəkinmir­di. 

Akademik Nizami Cəfərovun qə­naətlərinə istinad etsək, “yaddan çıxarmaq olmaz ki, 30–50-ci illər azərbaycançılıq dünyagörüşünün for­malaşması tarixində mühüm mərhələ olmuş, ədəbiyyat həmin dünyagörü­şünü çox fəal şəkildə təbliğ etmişdir. Haqqında söhbət gedən tarixi şərait­də Azərbaycanın mənəvi müstəqilliyi barədə düşünmək belə az şey deyildi”.

Dil amili, sənət ucalığı, klassik irsə və ənənəyə bağlılıq, təqlidçilikdən qaçmaq, dövrün yenilikçi ruhunu duy­maq səriştəsi və s. Mir Cəlalin dəqiq meyarlar sistemində ədəbi fakta, ədə­bi prosesə yanaşmanın ahəngi dəyiş­məzdir. Sənət kredosu bu ali ölçüləri meyara çevirdiyi üçün yaşarıdır. Ona görə istər bədii, istərsə də elmi-nəzə­ri irsi zamanla səsləşir, milli düşüncə tariximizin bugünündə inamla iştirak edir, əsrlərlə yol gedə, yol ola bilir. 

 

Elnarə AKİMOVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru

Sosial həyat